AZ

Ermənistanın ağır müharibə cinayətləri məhkəmədə bir-bir sübuta yetirilir...


Məlum olduğu kimi, Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi işğalçılıq siyasəti təkcə ərazi iddiaları ilə məhdudlaşmayıb, eyni zamanda genişmiqyaslı müharibə cinayətləri ilə müşayiət olunub.

Bu cinayətlər beynəlxalq humanitar hüquq normalarının və Cenevrə Konvensiyalarının kobud şəkildə pozulması ilə xarakterizə olunur. Ermənistan tərəfindən törədilmiş bu hərbi və qeyri-insani əməllər təkcə Azərbaycan dövlətinə deyil, həm də regionun sülh və təhlükəsizliyinə ciddi təhdid yaradıb. Qeyd edilənlərin real nümunsini Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində törədilənmüharibə cinayətləri üzrə təqsirləndirilən Ermənistan vətəndaşları Arayik Arutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, Davit İşxanyan, David Babayan, Levon Mnatsakanyan və digərlərinin barəsində olan cinayət işləri üzrə açıq məhkəmə prosesində faktiki sübutlar fonunda görmək olar.

Uşaqlar da erməni işgəncələrindən kənarda qalmayıb

Qeyd edək ki, Ermənistanın müharibə cinayətləri əsasən üç mərhələdə həyata keçirilib: Birinci Qarabağ müharibəsi, atəşkəs dövründəki təxribatlar və 2020-ci il Vətən müharibəsi zamanı və ondan sonra törədilmiş cinayətlər. Hər üç dövrdə erməni silahlı qüvvələri tərəfindən dinc əhaliyə qarşı amansız davranışlar, əsirlərin işgəncəyə məruz qalması, yaşayış məntəqələrinin və mülki obyektlərin məqsədli şəkildə atəşə tutulması, dini və tarixi abidələrin dağıdılması kimi cinayətlər qeydə alınıb.

O da bəllidir ki, ən dəhşətli hadisələrdən biri 1992-ci ildə Xocalıda törədilmiş soyqırımıdır. Bu hadisə nəticəsində 613 dinc azərbaycanlı, o cümlədən 106 qadın, 63 uşaq və 70 qoca qəddarlıqla qətlə yetirilib. Onlarla insan diri-diri yandırılıb, başı kəsilib, gözləri çıxarılıb, qadınlara və uşaqlara qarşı qeyri-insani davranışlar göstərilib. Məhz bu halların konkret sübutları, ifadləri barəsində yxarıda qeyd olunan məhkəmədə səsləndirlib. Məsələn, həmin hadisələr zamanı zərərçəkmiş şəxslərən biri olanXocalı sakini Fərman Məmmədov ifadəsində bildirir ki, 1992-ci il fevralın 25-dən 26-na keçən törədilmiş soyqırımıdan bir gün sonra - fevralın 27-də girov götürülüb. Həmin vaxt 10 yaşı olan zərərçəkmiş girov götürülən zaman bir nəfərin güllələnməsinin şahidi olduğunu söyləyib. Şahid dövlət ittihamçısının suallarına cavabında bildirib ki, onlar 10 gün girovluqda saxlanılıb. Həmin müddətdə özü də daxil olmaqla, bütün azərbaycanlı girovlar döyülüb, işgəncələrə məruz qalıblar. Digər zərərçəkmiş Məhərrəm Nəcəfov ifadəsində Xocalı soyqırımı zamanı Ermənistan silahlı qüvvələrinin şəhərə bir neçə istiqamətdə hücuma keçdiyini xatırladaraq bildirib ki, o və digər sakinlər girov götürülüb: “Məndən başqa, ailəmizin daha 5 üzvü girov götürülmüşdü: atam Əli Nəcəfov, anam Ziba Nəcəfova, bacım Adilə Nəcəfova, qardaşlarım Etibar və Vüqar. Qardaşım 43 gün girovluqda qaldı”. Bununla yanaşı, o vurğulayıb ki, girov götürülən kimi ermənilər avtomat silahının qundağı ilə başından vuraraq onu yerə yıxıblar. Təxminən 30-40 nəfər digər azərbaycanlı ilə birlikdə onları döyə-döyə Xocavənd şəhərinə gətiriblər. Xankəndidə 21 gün ac-susuz saxlanılıb. Digər şəxsRasim Həsənov ifadəsində 1993-cü il sentyabrın 23-də Ağburun istiqamətində əsir götürüldüyünü söyləyib. O, Xocavənd rayon təcridxanasında, Şuşa həbsxanasında, Xankəndi müvəqqəti saxlama təcridxanasında və Xankəndi şəhər uşaq xəstəxanasında saxlanılıb.Deyib ki, əsirlikdə ona işgəncələr verilib, qızıl dişləri kəlbətinlə çıxarılıb və digər formada əzablara məruz qalıb.

Minlərlə kvadratkilometr ərazi hələ də minalarla çirkləndirilmiş vəziyyətdə qalıb

Ümumiyyətlə, erməni tərəfi müharibə əsirlərinə və girovlara qarşı da qeyri-insani rəftar nümayiş etdirib. Beynəlxalq Qırmızı Xaç Komitəsinin hesabatlarında azərbaycanlı əsirlərin işgəncəyə məruz qalması, döyülməsi, alçaldılması və bəzi hallarda qətlə yetirilməsi barədə məlumatlar yer alır. Hətta müharibədən sonra saxlanılan bir çox azərbaycanlı əsir hələ də geri qaytarılmayıb, bu isə beynəlxalq konvensiyalara ziddir və cinayət məsuliyyəti doğurur.

Ermənilərin vəhşiliyini zərəçəkmiş şəxslərdən biri olan Nahid Həmidov da təsdiq edir. O, məhkəmə ifadəsində vurğulayıb ki, 2020-ci ildə 44 günlük Vətən müharibəsində iştirak edib, noyabrın 10-da Ermənistan silahlı qüvvələri tərəfindən Nurlan adlı hərbçi ilə birlikdə əsir götürülüb. 34 gün əsirlikdə saxlanılıb. Əsirlik müddətində onlara müxtəlif işgəncələr verilib. Hazırda ikinci qrup əlildir: “Ayaqyoluna gündə bir dəfə gedirdim. Çünki döyə-döyə aparırdılar. Əsirlikdə olduğum müddətdə iki və ya üç dəfə hamama aparıldım. Həmin vaxt da suya elektrik cərəyanı verirdilər”. Təəssüf ki, belə faktlar olducqa çoxdur. Bununla yanaşı, Ermənistan işğal etdiyi Azərbaycan ərazilərində etnik təmizləmə siyasəti həyata keçirib. Qarabağ və ətraf rayonlarda azərbaycanlı əhalinin tamamilə qovulması, onların evlərinin yandırılması, kəndlərin yerlə-yeksan edilməsi, qəbiristanlıqların dağıdılması və dini abidələrin təhqir olunması bu siyasətin bariz nümunəsidir. Bu əməllər beynəlxalq hüquqa əsasən etnik və dini zəmində ayrı-seçkiliyin və nifrətin təzahürüdür. Bundan əlavə, Ermənistan tərəfindən mülki infrastruktura qəsdən zərər yetirilməsi, su mənbələrinin çirkləndirilməsi, meşələrin yandırılması, mina terroru və ekoloji mühitə qarşı törədilən vandalizm aktları da müharibə cinayətləri siyahısına daxildir. Müharibədən sonra minlərlə kvadratkilometrlik ərazi minalarla çirkləndirilmiş vəziyyətdə qalıb. Bu minalar nəticəsində onlarla mülki şəxs həyatını itirib və ya ağır xəsarət alıb. Ermənistan isə mina xəritələrini tam və dəqiq şəkildə təqdim etməkdən imtina edib, bu da onun humanitar hüquqa hörmətsizliyini göstərir. Təbii ki, Ermənistanın Azərbaycan xalqına qarşı törətdiyi müharibə cinayətləri unudulmamalı və cəzasız qalmamalıdır. Bu cinayətlər beynəlxalq ictimaiyyət tərəfindən hüquqi qiymətləndirilməli və beynəlxalq tribunal səviyyəsində araşdırılmalıdır. Əks halda, bu cür cinayətkar davranışlar dünya miqyasında presedent halına gələ bilər və bölgədə davamlı sülhə ciddi maneələr yaradılar.

Tahir TAĞIYEV
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyilə çap olunur.

Seçilən
52
46
baki-xeber.com

10Mənbələr