AZ

"Əkinçi" qəzeti - maarifçilik, inkişaf, milli özünüdərk məktəbi


...Tarixin elə səhifələri də vardır ki, onlar həm acımasız sınaq, həm də yeni işıqlı yolun başlanğıcıdır... Azərbaycan tarixində də XIX əsr elə fəsillərdəndir.
XIX əsrin əvvəllərində Qafqazın, o cümlədən şimali Azərbaycanın Rusiya imperiyasının tərkibinə daxil olması ilə ərazinin ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında dəyişikliklər baş verirdi. O dövrdə aparılan siyasətin nəticəsi olaraq, bir azərbaycanlıya “Millətin nədir?” sualını verəndə o, çox zaman “müsəlmanam” cavabını verirdi.
Lakin bu vəziyyət artıq əsrin ikinci yarısında dəyişir. Ali təhsil alan azərbaycanlılar Vətənə döndükdən sonra xalqımızı mədəniyyətin yeni sahələri ilə tanış etməyə, maarifləndirmə tədbirləri aparmağa başlayırlar. Maarifçi ziyalılarımızın məqsədi təhsilsizliyi aradan qaldırmaq, milli şüuru oyatmaq, milli dili inkişaf etdirmək idi. Bu dövrdə Həsən bəy Zərdabi, Mirzə Fətəli Axundzadə, Əhməd bəy Ağayev, Əli bəy Hüseynzadə, Əlimərdan bəy Topçubaşov, Məhəmmədağa Şahtaxtinski kimi vətənpərvər ziyalılarımız Azərbaycan milləti ideyasını yaymağı özünə məqsəd bilir və bu istiqamətdə mühüm addımlar atırlar.

XIX əsrin birinci yarısında, əslində, Tiflisdə rus dilində çıxan qəzetlərə Azərbaycan türkcəsində əlavələr çap edilirdi. Ancaq bu qəzetlərdə yalnız rəsmi sənədlər, hökumət qərarlarının tərcüməsi verilir, xalqımızın həyatı, mədəniyyəti, adət-ənənələri haqqında heç bir məlumat verilmirdi. Bu səbəbdən bu qəzetlər milli mətbuat nümunəsi sayılmırdı. Milli mətbuatımızın yaranması isə Həsən bəy Zərdabinin fəaliyyətinə təsadüf edir. Milli mətbuatımızın banisi Həsən bəy Zərdabi bu yolda böyük əzmlə çalışmış və nəhayət, 1875-ci il iyunun 22-də Bakıda "Əkinçi" qəzetinin birinci nömrəsini çap etmişdir.
Əsas oxucu kütləsi maarifpərvər ziyalılar, müəllimlər, tələbələr, şəhər əhalisi və kəndlilər olan bu qəzet maarifçilik, təhsilin əhəmiyyəti, savadsızlığın aradan qaldırılması, kənd məktəblərinin açılması kimi məsələlərin təbliğatını özünə məqsəd bilmiş və bu istiqamətdə əvəzolunmaz rolunu oynamışdır. Cəmiyyətin inkişafında məktəb və müəllimin rolunu usanmadan vurğulayan bu qəzetin səhifələrində həm də təsərrüfat, əkinçilik, maldarlıq məsələləri öz əksini tapmışdır. Bu qəzetin əsas mövzularından biri də həmçinin kənd təsərrüfatında yeni texnologiyaların tətbiqi, kəndliləri yeni üsullarla istifadəsi idi. Bununla yanaşı, "Əkinçi" qəzetinin səhifələrində sağlamlıq, gigiyena, xəstəliklərlə mübarizə və bu sahədə xalq içində ən yayğın yanlış məlumatlar haqqında maarifləndirici məqalələr dərc olunurdu.
Necə ki bir su damcısı ətrafındakıları özündə əks etdirir, eləcə də "Əkinçi" qəzeti bir su damcısı təmizliyi və saflığı ilə dövrün aktual problemlərini əks etdirirdi. Qəzetin səhifələrində xalqın hüquqları, torpaq məsələləri, qadınların, təhsili kəndlilərin vəziyyəti kimi bir sıra zamanın sosial-ictimai və bəzən də siyasi məsələlərə yer ayrılırdı.

Milli mətbuatımızın banisi Həsən bəy Zərdabi "Əkinçi" vasitəsilə xalqı maarifləndirməklə yanaşı, Azərbaycan peşəkar teatrın bünövrəsini qoymuş, xeyriyyə cəmiyyəti açmış, Bakı Realnı Məktəbində müəllimliyi və maarifçiliyi inkişaf etdirmişdir. Moskva Universitetinin təbiət elmləri şöbəsini bitirmiş Həsən bəy Zərdabi Vətənə döndükdən sonra pedaqoji və ictimai fəaliyyətlə yanaşı, elmi araşdırmalar da aparırdı. O, XIX əsrin ikinci yarısında Azərbaycanda biologiya, kənd təsərrüfatı və təbiət elmlərinin inkişafında misilsiz xidmətlər göstərmişdir.
Vətənpərvər ziyalımız Həsən bəy Zərdabi qeyd edirdi ki, elm və təhsil zamanında tərəqqi edərkən, hər tayfa(xalq) iki şeyi qorumalıdır. Onlardan biri dil, digəri isə dindir, inancdır. Əgər onlardan biri itsə, xalq "beli sınmış" olacaq. Hər ikisi əldən gedən zaman xalq digərləri ilə qarışıb yox olmağa məhkumdur!... Bu fikir ilə Həsən bəy, əslində, xalqımız və millətimizə xilas olma yolunu göstərmişdir... Qeyd edim ki, qəzetin ən böyük nailiyyətlərindən biri də maarifçilik işini xalqın başa düşəcəyi dildə, yəni Azərbaycan dilində həyata keçirməsi idi. Bu qəzetin dilimizin, onun yazılı formasının inkişafında, ədəbi dilin formalaşmasında danılmaz rolu vardır.
Eyni zamanda "Əkinçi" qəzeti ətrafında bir sıra vətənpərvər ziyalılarımızı cəmləməyi bacarmışdı. Mirzə Fətəli Axundzadə, Seyid Əzim Şirvani, Nəcəf bəy Vəzirov, Əsgər ağa Gorani kimi dövrün görkəmli ziyalıları bu qəzetin ətrafında birləşmiş, əhəmiyyətini vurğulamış və onunla fəal əməkdaşlıq etmişdilər.

Milli mətbuatımızın ilk incisi olan "Əkinçi" qəzetinin adı da təsadüfi deyildir. Maarifçilik, inkişaf, milli özünüdərk toxumlarını əkən bu qəzetin adı bir daha onun cəmiyyətimizin, milli ideologiyamızın və dilimizin inkişafındaki rolunu qeyd edir. Vaxtilə bu qəzetin vasitəsilə əkilən o toxumları daha sonra "İrşad", "Həyat", "Azərbaycan", "Molla Nəsrəddin", "Ziya", "Kəşkül", "Şərqi-Rus" kimi qəzet və jurnallar becərdi. Bütün bu mətbu orqanlarımız ictimai fikirdə qabaqcıl demokratik ideyaları yaymaqla yanaşı, həm də milli və mədəni inkişafımız yolunda bizə bir işıq oldular. Təsadüfi deyil ki, məhz "Kəşkül" qəzetində 1891-ci il noyabrın 16-da "Azərbaycanlı" imzası ilə çap olunmuş bir məqalədə "Siz nə millətindənsiniz?" sualına "Sizin millət Azərbaycandır " cavabı verilmiş, beləliklə də "Azərbaycan milləti " ifadəsi gündəmə gətirilmişdi. Azərbaycançılıq ideyasının inkişafına töhfə verən milli mətbuatımızın incilərindən bir digəri isə Cəlil Məmmədquluzadənin nəşr etdiyi "Molla Nəsrəddin" jurnalı olmuşdur. Görkəmli ziyalımız Cəlil Məmmədquluzadə "Azərbaycan" adlı məqaləsində "Dilim hansı dildi?", "Haradır Azərbaycan?" suallarına cavab verir və bununla da Azərbaycan ifadəsini məkan anlayışı çərçivəsindən çıxarıb milli ideya səviyyəsinə qaldırır.
"Mətbuat cəmiyyətin güzgüsüdür"... Düşünürəm ki, məhz buna görə vətənpərvər ziyalılarımız hər zaman mətbu orqanlarımızda maarifçilik və inkişaf, Vətənpərvərlik və təəssübkeşliyi təbliğ etməyə çalışmışlar: o qəzetə, o jurnala nəzər salan hər uşaq, hər gənc, hər yetişkin - bir sözlə, hər kəs orada özündən, özlüyündən bir parça tapsın və orada deyilənlərlə özünü bütövləşdirsin...

Zəhra Əliyeva, BDU-nun 1-ci kurs tələbəsi.

phrase_var_article.chosen
100
28
baki-xeber.com

10phrase_var_article.sources