ain.az bildirir, Azpolitika.az portalına istinadən.
Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri, millət vəkili Sadiq Qurbanov bu gün Prezidentin sərəncamı ilə təltif olunan media nümayəndələrini təbrik edib.
Təbrikdə deyilir:
"Əziz media nümayəndələri!
Sizi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 21 iyul 2025-ci il tarixli sərəncamı ilə Milli Mətbuat və Jurnalistika Günü münasibətilə orden, medal və fəxri adlarla təltif edilməyiniz münasibətilə səmimi-qəlbdən təbrik edirəm!
Bu təltiflər sizin şəxsi uğurlarınızla yanaşı Azərbaycan dövlətinin azad, məsuliyyətli və milli maraqlara sadiq medianın fəaliyyətinə verdiyi yüksək qiymətin parlaq ifadəsidir. Siz bu ali mükafatlarla peşəkar keyfiyyətlərinizin, mənəvi məsuliyyətinizin və informasiya cəmiyyətinə verdiyiniz töhfələrin rəsmən dövlət tərəfindən tanındığının şahidi oldunuz. Sizlər ictimai rəy formalaşdıran, cəmiyyətlə dövlət arasında əlaqə körpüsünü qoruyan, tarix yazan və onu gələcək nəsillərə doğru şəkildə ötürən vətənpərvər söz əsgərlərisiniz. Bu təltiflər, Azərbaycan jurnalistikasının milli maraqlara əsaslanan şərəfli yolunun davamına verilən töhfənin rəsmi tərənnümüdür.
Bu gün Azərbaycan mətbuatı, ümummilli lider Heydər Əliyevin müəyyən etdiyi ideoloji prinsiplərə sadiq qalaraq onu layiqincə davam etdirir. Ulu Öndərin “Mətbuat millətin aynasıdır” fikri, bu sahənin məsuliyyətini, zərurətini və əvəzsiz rolunu bütün aydınlığı ilə izah edir. Prezident İlham Əliyev də bu irsi davam etdirərək medianın inkişafını milli təhlükəsizlik və ictimai tərəqqinin ayrılmaz hissəsi kimi dəyərləndirir.
Cənab Prezident qeyd edir ki: “Azərbaycanda söz və ifadə azadlığı tam şəkildə təmin olunur. Media sahəsində islahatlar ardıcıl və sistemli şəkildə həyata keçirilir.”
Bu islahatlar nəticəsində, həm hüquqi-institusional baza möhkəmləndirilmiş, həm də jurnalistlərin sosial rifahı və peşə müstəqilliyi daha yüksək səviyyəyə çatdırılmışdır. Media subyektlərinin iqtisadi dayanıqlığı, jurnalistlərin mənzil və təltiflərlə təmin olunması, medianın beynəlxalq informasiya müharibəsində aktiv rolu, məhz Heydər Əliyev ideyalarının müasir çağırışlara uyğun təcəssümüdür.
Eyni zamanda, bu uğurların bünövrəsində dayanan Azərbaycançılıq məfkurəsi, dilimizə, dövlətimizə, mədəniyyətimizə, bir sözlə milli dəyərlərimizə sədaqət mətbuatımızın istinad nöqtəsidir. Azərbaycançılıq sadəcə etnik deyil, ümumxalq ideologiyasıdır və jurnalistlər də bu ideologiyanı təbliğ edən, qoruyan və yaşadan aparıcı fikir qüvvələridir.
Əziz jurnalistlər!
Sizi bir daha təbrik edir, uzun və sağlıqlı ömür arzulayıram. Qələminiz qətiyyət, sözünüz dürüstlük, mövqeyiniz haqq olsun!
Sizə gələcək fəaliyyətinizdə daha böyük yaradıcılıq nailiyyətləri, ali mənəvi mövqe və Vətənə sədaqət yolunda davamlı uğurlar arzulayıram."
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.