AZ

Tramp neçənci dəfədir Rusiya barədə 180 dərəcə mövqe dəyişir - taktika, ya xamlıq...


Tofiq Abbasov: "Rusiyaya 50 günluk müddət qoyub, İrana avqustun sonuna qədər vaxt verib, yəni biz Trampın elan etdiyi prioritetlərin alt-üst olmasının şahidiyik"

Rusiya Trampın sülh üçün 50 günlə bağlı sözlərinin arxasında nə olduğunu anlamaq istəyir. Sergey Lavrov ABŞ prezidenti Donald Trampın Rusiya ilə Ukrayna arasında münaqişənin nizamlanması üçün 50 günlük müddətlə bağlı bəyanatının arxasında nəyin dayandığını anlamaq istəyir. Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəhbəri Sergey Lavrov deyib.

"Biz bu bəyanatın arxasında nələrin dayandığını anlamaq istəyirik. Biz bütün bunları yaşadıq və həqiqətən də ABŞ prezidentini nəyin motivasiya etdiyini anlamaq istəyirik", - Lavrov ŞƏT Xarici İşlər Nazirləri Şurasının iclasından sonra keçirilən mətbuat konfransında deyib.

Ümumiyyətlə, Tramp əvvəl Putini təriflədi, onunla anlaşacağına böyük ümid bəsləyirdi. İndi isə Tramp Putini tənqid edir, Moskvanı bombalamaqla hədələyir. ABŞ prezidentinin 180 dərəcə mövqe dəyişməsinin səbəbi nə oldu?

Məsələyə münasibət bildirən politoloq Tofiq Abbasov baki-xeber.com-a bildirdi ki, Donald Tramp özünü dünya birliyinin prezidenti kimi aparır, ona görə də onun ultimativ bəyanatları, meydan oxumaları bir növ təəccüb doğurur: "Çünki faktiki olaraq, indiyə qədər dünyanın siyasi sistemində güc sahibləri arasında bu tərzdə danışıqlar və ya dialoq aparılmayıb. Bəli, Donald Tramp artıq sülh mükafatı eşqi ilə yaşayır, bildirmək istəyir ki, guya bu müharibələrin deyil, sülhün, əməkdaşlığın və dialoqun tərəfdarıdır. Amma əslində belə görünmür. Ən azı, biz Qəzza bölgəsində gedən prosesin şahidiyik. İsrail əlindən gələni edir ki, Qəzzada dinc əhalini - uşaqları, xəstələri və qocaları ya məhv, ya da deportasiya eləsin. İsrail Qəzzada çadır şəhərciklərini bombalayır. Amma Trampın bu məsələ ilə bağlı səsi çıxmır. O, İsraili İrana hücuma təhrik etdi, daha sonra İranin üç nüvə obyektini özü bombaladı və sonra deyir ki, mən sülhün tərəfdarıyam.

İndi isə Rusiyaya 50 günluk müddət qoyub, İrana avqustun sonuna qədər vaxt verib, yəni biz Trampın elan etdiyi prioritetlərin alt-üst olmasının şahidiyik. Çünki Tramp heç bir istiqamətdə əməli nəticə əldə edə bilmədi. Yalnız boş vədlər verdi.

Tarixə nəzər salsaq, Rusiya ilə ABŞ əzəli, ekzistensial düşməndirlər, ən yaxşı halda rəqib olublar. Moskva heç vaxt onun sözü ilə oturub-durmayacaq. Telefon danışıqları olur, bunu çox lirik tərzdə, komplimentlərlə təqdim edirlər, çox məzmunlu bir dialoqun olduğunu iddia edirlər, amma hec bir nəticə ortada görünmür.

Mən Trampın əsəbi, emosianal tərzdə qərarlar verdiyini görürəm. O gənc deyil, amma onun davranışlarında volyuntarizm (öz imkanlarını, obyektiv şərtləri və mümkün nəticələri nəzərə almadan arzu olunan məqsədlərə çatmaq istəyi) müşahidə edilir. Bu adam komanda üzvləri ilə məsləhətləşmir, onların kiçicik iradına çox sərt reaksiya verir ki, onlar səslərini ucaltmasınlar. Ona görə də prezidentin gənclərdən ibarət komandası onunla mübahisə etmir, Trampın dedikləri komandası üçün qanundur. Onun komandasının prezidentin şəninə təriflər deməkdən başqa çıxış yolu yoxdur. Onlar Trampı sülh qəhrəmanı kimi təqdim etməyə çalışırlar. Amma reallıqlar başqadır. Hər bir dövlətin özünün prioritetləri, baxışları var. Xüsusilə biz görürük ki, Tramp heç nə edə bilmir. Baxmayaraq ki, o, Putinlə danışır, sövdələşir, amma sonra Tramp deyir ki, mən bunu gözləmirdim, Moskva deyəsən məni aldadır, mən gərək başqa bir metoda keçim.

Fikrimcə, Moskva heç vaxt Vaşinqtonun sözü ilə oturub-durmayacaq, proseslər heç də Trampın istədiyi kimi alınmayacaq.

Düzdür, Tramp qeyri-standart və qeyri-ənənəvi gedişlərdən istifadə edir, amma Amerika dövlətinin siyasəti özü-özlüyündə qalır. Çünki bu, neo-imperiya siyasətidir. Amerika çalışır ki, mövcud olduğu məkanda öz istəklərinə nail ola bilsin.

Hazırda Amerikanın iki rəqibi var - Çin və Rusiya. ABŞ Çinlə bağli bütün prosesləri sonraya saxlayır. Hazırda Tramp yolunda olan iki maneədən - Rusiya və İrandan uzaq durmaq istəyir. Amma inanmıram ki, bu proseslərdə Tramp istədiyinə nail ola bilsin. Çünki Rusiyanin nüvə üstünlüyü kiçik məsələ deyil.

Düzdür, indi NATO da Rusiyanı qıcıqla qarşılayır, onu sərt tənqid edir. Həm də qorxu hissini ifadə etməklə NATO bildirir ki, onlar həmişə sülhün tərəfdarı olublar, amma Rusiya müharibəni qızışdıran tərəfdir. Lakin əslində belə deyil, çünki illərdir Qərb Ukraynanı Rusiya ilə müharibəyə hazırlayırdı. Proses gizli şəkildə gedirdi, amma çoxları elə bilirdi ki, Rusiya bundan xəbərsizdir. Ancaq müharibə başladıqdan sonra aydın oldu ki, bəli, Ukraynada qəhrəmanlıqla döyüsən birləşmələr Qərb dövlətlərini hazırladığı döyüşçülərdir. Hələ 1997-ci ildə Zbiqnev Bjezinski demişdi ki, Ukraynani Rusiyaya qarşı müharibəyə qaldırmaq lazımdır. O, ən azı Ukraynanı Rusiyanın əlindən almağı məsləhət görürdü ki, birdən Moskva Sovet İttifaqını bərpa etmək fikrinə düşsə, Ukrayna o sırada olmasın. Ona görə də 90-lardan Ukraynada qərbpərəslərlə ruspərəstlər arasında hakimiyyət uğrunda mübarizə gedirdi. Həmin vaxtdan Ukraynada Qərb institutları səbəkələşməyə başladı. Bu gün də görürük ki, Qərb mübarizədə öz imkanlarıni nümayis etdirir. Odur ki, mən Trampın müddət qoyması və basqa bəyanatlar verməsinin hər hansı bir nəticəyə gətirib çıxaracağına inanmıram".

Dəniz NƏSİRLİ

Seçilən
56
50
baki-xeber.com

10Mənbələr