AZ

Dambrauskas: “İlk oyundakı səhvləri düzəltmək vaxtıdır”

“Sabah”ın baş məşqçisi Valdas Dambrauskas Avropa Liqasının 1-ci təsnifat mərhələsində “Çelye” ilə oyundan gözləntilərini bölüşüb.

Arena.az xəbər verir ki, Azərbaycan və Sloveniya təmsilçiləri arasındakı cavab qarşılaşması sabah Çelyedə keçiriləcək.

Dambrauskas bu gün Sloveniyada təşkil olunmuş mətbuat konfransında bunları dilə gətirib:

“Sabah bizi çox vacib bir oyun gözləyir. İnanıram ki, bu, olduqca maraqlı qarşılaşma olacaq. İlk oyunda bir qədər çətin vəziyyətə düşdük – son saniyələrdə qol buraxdıq və üstünlüyü əldən verdik. Amma avrokuboklarda nəticəni bir yox, iki oyun müəyyənləşdirir. Yəni mərhələni bir oyunla keçmək mümkün deyil. Nə olur-olsun, hətta ilk görüş 2:2 başa çatsaydı belə, sabahkı oyunu mütləq qazanmalıyıq. Rəqibi ciddi təhlil etmişik. Son üç gündə çox yaxşı məşqlər keçdik, səfərimiz də yaxşı keçdi. Bu gün bir məşqimiz olacaq. İlk oyunda rəqibin etdiklərini və bizim hansı səhvlərə yol verdiyimizi dəfələrlə baxaraq təhlil etmişik. İndi isə Bakıda etdiyimiz səhvləri düzəltmək, inkişaf etmək və özümüzə inanmaq vaxtıdır. Bu vəziyyəti dəyişməyin öz əlimizdə olduğuna inanmalıyıq”.

“Sabah”ın legioneri Pavol Şafranko da cavab matçından öncə baş tutmuş mətbuat konfransına qatılıb. Slovakiyalı futbolçu bunları söyləyib:

“Bəli, oyunçular adından deyə bilərəm ki, yaxşı hazırlaşmışıq. Məşqçimizin dediyi kimi, son üç-dörd gündə çox yaxşı məşqlər keçdik. Əvvəlki oyundan maksimum dərs çıxarmağa çalışdıq. İndi isə son günlərdə topladığımız enerjini sabahkı oyuna daşımaq istəyirik. Söz verə bilərəm ki, meydana çıxanda hər birimiz 100 % gücümüzlə oynayacağıq”.

Sabah keçiriləcək “Çelye” – “Sabah” matçına Bakı vaxtı ilə saat 22:00-da start veriləcək. Tərəflər arasında Bakıda gerçəkləşmiş ilk görüş Sloveniya təmsilçisinin 3:2 hesablı qələbəsi ilə yekunlaşıb.

Seçilən
31
50
arena.az

10Mənbələr