Səudiyyə Ərəbistanı futbolunun nəhəngi “Əl-Hilal” 2025-ci il mövsümünün ölkə superkubokunda işitirakdan imtina edib.
Arena.az bu barədə klubun mətbuat xidmətinə istinadən məlumat verir.
“Aypara” qərarını 2025-ci il FIFA Klub Dünya Kubokunda iştirakı səbəbindən heyətin yorğunluğu ilə əsaslandırıb.
Klub rəhbərliyi vurğulayıb ki, klublararası dünya çempionatında iştirakı səbəbində komandanın oyunçularının məzuniyyət günlərinin sayı 24 günə düşüb, ölkə superkubokunda iştirakla isə müvafiq müddət 21 günə düşəcək. Klub rəhbərliyi müvafiq nizamsızlığın qarşıdakı mövsümdə oyunçuların fiziki hazırlığına mənfi təsirindən ehtiyatlanır.
Həmçinin klub rəhbərliyi nizamnamə şərtlərini əsas gətirərək vurğulayıb ki, oyunçuların müqavilələri üzrə ildə ən azı 28 gün müddətində məzuniyyət haqqı var.
Xatırladaq ki, “Əl-Hilal” Səudiyyə Ərəbistanı Super Kubokunun cari qalibi və həmçinin yarışı ən çox – 5 dəfə qazanmış klubdur.
2025-ci il Səudiyyə Ərəbistanı Super Kuboku cari ilin avqust ayının 19-dan 23-nə qədər Honkonqda “Əl-Nəsr”, “Əl-İttihad”, “Əl-Əhli” və “Əl-Kadisiya”nın iştirakı ilə keçiriləcək. “Əl-Hilal”ı yarışda Səudiyyə Ərəbistanı Peşəkar Liqasının 2024/2025-ci illər mövsümündə 5-ci yeri tutmuş “Əl-Əhli” əvəz edib.