AZ

İran nüvə danışıqlarına qayıdış üçün şərt qoydu

BAKI, TurkicWorld

İran yeni nüvə danışıqlarının başlanması üçün qarşı tərəfə konkret şərtlər irəli sürüb.

TurkicWorld xəbər verir ki, İran xarici işlər naziri Abbas Əraqçi bildirib ki, Tehran yalnız qarşılıqlı faydalı və balanslaşdırılmış razılaşmaya hazır olan tərəflərlə danışıqlara qayıda bilər.

Əraqçi E3 (Fransa, Almaniya, Böyük Britaniya) və Aİ-nin xarici siyasət üzrə ali nümayəndəsi ilə keçirdiyi videokonfransın detallarını açıqlayıb.

Nazirin sözlərinə görə, görüş zamanı aşağıdakı əsas məqamlar vurğulanıb:

  • 2015-ci ildə Aİ vasitəçiliyi ilə əldə edilmiş razılaşmanı tərk edən İran yox, ABŞ olub. 2024-cü ilin iyununda isə Vaşinqton danışıqları yarımçıq qoyaraq hərbi variantı seçib.
  • Danışıqlar yalnız qarşı tərəf ədalətli və qarşılıqlı faydalı razılaşma niyyəti ortaya qoyduqda bərpa edilə bilər.
  • E3 və Avropa İttifaqı “snapback” (bərpaedici sanksiyalar) kimi hüquqi və mənəvi əsası olmayan təzyiqləri dayandırmalı və məsuliyyətli mövqe sərgiləməlidirlər.

İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai də mövzu ilə bağlı açıqlama verərək bildirib ki, “snapback” mexanizmi hüquqi, siyasi və mənəvi baxımdan əsassızdır və bu mexanizmə istinad sadəcə siyasi təzyiq vasitəsidir.

“Son həftələrdəki regional və beynəlxalq hadisələr fonunda bu mexanizmə istinad daha da mənasız görünür. İran hələ də JCPOA razılaşmasının iştirakçısıdır və öhdəliklərin azaldılması qarşı tərəfin pozuntularına qanuni cavab olub” – deyə Bəqai qeyd edib.

O, eyni zamanda Avropa ölkələrinin öz öhdəliklərinə əməl etmədən təzyiq mexanizmlərini işə salmağa çalışmasını tənqid edib və onların belə bir hüquqa malik olmadığını vurğulayıb.

Xatırladaq ki, Tehran və Vaşinqton arasında Oman vasitəsilə keçirilən dolayı danışıqların beşinci raundu davam edərkən, iyunun 13-də İsrail İranın hərbi, nüvə və yaşayış obyektlərinə qarşı genişmiqyaslı hücumlara başlayıb. Bu hücumlar danışıqlar prosesini faktiki olaraq dayandırıb.

İyunun 22-də ABŞ ordusu İranın Natanz, Fordo və İsfahan şəhərlərindəki üç nüvə obyektinə hava zərbələri endirib. Bununla Vaşinqton da birbaşa hərbi eskalasiyaya daxil olub.

İran İslam İnqilabı Keşikçiləri Korpusunun Aerokosmik Qüvvələri İsrailin hücumlarına cavab olaraq “Əsl Vəd III” adlı genişmiqyaslı raket əməliyyatı həyata keçirib. İşğal altındakı ərazilərdə bir sıra şəhərlərə endirilən 22 mərhələli raket zərbələri ciddi itkilərə səbəb olub.

Eyni zamanda İran silahlı qüvvələri ABŞ-ın Qətərdə yerləşən və Qərbi Asiyada ən böyük hərbi mövcudluğu olan Əl-Udeyd hərbi bazasına da raket zərbəsi endirib.

İyunun 24-də əldə olunan atəşkəs bölgədə hərbi eskalasiyanı müvəqqəti dayandırsa da, Tehran qarşı tərəfdən siyasi iradə və hüquqa əsaslanan yanaşma görmədiyi üçün danışıqlara qayıdışın hələlik mümkün olmadığını bəyan edir.

İran tərəfi danışıqlara yenidən başlamaq üçün təhdid və ultimatum dilindən imtina edilməsini və razılaşmaların bərabərhüquqlu şəkildə icrasını əsas şərt kimi irəli sürür.

Seçilən
45
30
turkic.world

10Mənbələr