AZ

Rusiya hərbi texnika sahəsində İranı Çin ilə əvəzləməyə başlayıb AÇIQLAMA

ain.az bildirir, Redaktor.az portalına istinadən.

Rusiya Prezidenti Vladimir Putinin Kremldə İranın ali dini lideri Ayətullah Əli Xameneinin baş müşaviri Əli Laricani ilə görüşü olub.

Görüşlə bağlı Redaktor.az-a açıqlamasında politoloq Sədrəddin Soltan bildirdi ki, İranla Rusiya arasında əhatəli tərəfdaşlığa dair müqavilə var və bu müqaviləyə əsasən də onlar xarici siyasət kursunda addımlarını uzlaşdırırlar:

"Həm Rusiyaya, həm də İrana qarşı son zamanlarda sanksiyalar tətbiq olunur. Bu gün İran xarici işlər nazirinin sözçüsü İsmayıl Bəqai bildirib ki, Laricani Rusiyaya çox vacib ismarıclar aparıb.

Əvvəla, iyulun 25-i, həftənin beşinci günü İran nümayəndələri ilə Avropa üçlüyünün İstanbulda görüşü gözlənilir. Bu görüşdə İranın nüvə proqramı müzakirə mövzusu olacaq. Bundan öncə Avropa üçlüyü İrana nüvə proqramı ilə bağlı sazişi imzalamaq üçün avqustun sonuna qədər möhlət vermişdi. Hesab edirəm ki, bu səfərdə müzakirə olunacaq mövzulardan biri, Laricaninin Rusiyaya səfərində müzakirə olunmuş məsələlərdən biri Tehran hakimiyyətinin proqramıdır".

Siyasi şərhçinin sözlərinə görə, ikinci məsələ İrana ehtimal olunan İsrail-ABŞ hücumudur.

"Çünki İsraillə İran arasında atəşkəsə dair heç bir sənəd imzalanmayıb. Bu atəşkəs təminatsız şəkildə dövlətlər tərəfindən təqdim edilib. Ona görə də bu atəşkəs istənilən an pozula bilər. İran hakimiyyəti bəyan edir ki, ABŞ ilə danışıqlara başlamaq üçün üç şərt təmin olunmalıdır: İrana dəyən ziyanın ödənilməsi, hücum zamanı məsuliyyət daşıyanların cəzalandırılması və İrana bir daha hücum edilməyəcəyinə dair təminatın verilməsi. Ola bilsin ki, Moskva görüşündə bu məsələ ətrafında da tərəflər fikir mübadiləsi aparıblar.

Ümumilikdə, İranla Rusiya arasında keçirilən görüşdə Avropa ilə İran arasındakı danışıqlar, ABŞ və İsrailin İrana mümkün hücumu, Rusiya ilə İranın sanksiyalardan yayınma istiqamətləri, Rusiya-Ukrayna müharibəsi, İranın Rusiyaya və Rusiyanın da İrana hərbi texnika, ola bilsin ki, canlı qüvvə yardımı məsələləri müzakirə olunub. Çünki son zamanlarda Rusiya hərbi texnika sahəsində İranı Çin ilə əvəzləməyə başlayıb. Rusiyanın İrana S-400 zenit-su raket sistemini və digər texnikaları verməməsi İranla Rusiya arasında mübahisəli məsələlərdəndir. ABŞ və İsrailin İrana hücumları zamanı, Rusiya tərəfdaşı olan İranı sadəcə bəyanatlarla müdafiə etdi. Bu kontekstdə Laricaninin Moskva şəhərində bu məsələləri müzakirə etməsi ehtimalı var", - deyə Sədrəddin Soltan vurğuladı.

Xədicə BAXIŞLI

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
33
50
redaktor.az

10Mənbələr