AZ

Trampdan 10 milyard dollarlıq məhkəmə iddiası – “Epşteyn” qalmaqalı Prezidenti hövsələdən çıxarıb

ABŞ Prezidenti Donald Tramp “The Wall Street Journal” (WSJ) qəzetinə və onun sahibi “News Corp” şirkətinə qarşı 10 milyard dollarlıq iddia qaldırıb. İddia eyni zamanda media maqnatı Rupert Merdok və iki jurnalisti də əhatə edir.

Tramp, WSJ-də dərc olunan bir materialda onun 2003-cü ildə pedofiliya qalmaqalı ilə tanınan Cefri Epşteynə guya “təbrik məktubu” göndərməsi ilə bağlı yayılan iddiaları “tamamilə yalan və böhtan xarakterli” adlandırır.

Tramp iddianı Florida Ştatının Cənub Dairə Federal Məhkəməsinə təqdim edib. O, sosial media platforması “Truth Social”da paylaşdığı bəyanatda bildirir: “Maraqla gözləyirəm, Rupert Merdok məhkəmədə ifadə verəcək... Bu maraqlı olacaq!”

İddiaya səbəb olan məqalədə WSJ yazır ki, Tramp Epşteynə 2003-cü ildə ad günü münasibətilə hədiyyə kitabı göndərib. Bu kitabda onun əl yazısı ilə yazılmış və çılpaq qadın rəsmi olan məktub da yer alıb. Məktubun sonunda Trampın imzası olduğu və “ortaq sirlərə” eyham vurulduğu bildirilir.

WSJ-nin nəşriyyatçısı olan “Dow Jones” şirkətinin nümayəndəsi Trampın iddiasına cavab olaraq bildirib: “Biz jurnalist işimizin dəqiqliyinə və peşəkarlığına tam əminik. Hər hansı bir iddiaya qarşı qətiyyətlə müdafiə olunacağıq”.

Qeyd edək ki, “Dow Jones” da Rupert Merdokun sahibi olduğu News Corp-a daxildir.

Epşteyn ABŞ-də uzun illər azyaşlı qızların cinsi istismarı və insan alveri ilə əlaqələndirilmişdi. O, 2019-cu ildə həbsdə olarkən intihar etmişdi. Onun yaxın tərəfdaşı olan Qisleyn Makksvell isə 2021-ci ildə 20 il müddətinə azadlıqdan məhrum edilmişdi.

Tramp əvvəllər Epşteynlə dostluq etdiyini, lakin onun ilk dəfə həbs olunmasından çox əvvəl münasibətləri kəsdiyini iddia edir. Buna baxmayaraq, onun Epşteynə yaxınlığı ilə bağlı dəfələrlə media və ictimaiyyət tərəfindən suallar qaldırılıb. Tramp özünü müdafiə etmək üçün 2023-cü ildə ABŞ Baş prokuroru Pəm Bondiyə Epşteyn və Makksvell barədə böyük münsiflər heyətinin protokollarının tam şəkildə açıqlanması barədə göstəriş vermişdi.

Trampın WSJ və Merdoka qarşı iddiası təkcə böhtan və imic savaşı deyil, həm də Trampın son illərdə ABŞ mediası ilə apardığı daha geniş bir mübarizənin tərkib hissəsidir. O, müxtəlif media qurumlarını – xüsusilə də liberal yönümlü KİV-ləri “saxta xəbər” yaymaqda, “dərin dövlət” ilə iş birliyi qurmaqda və siyasi rəqiblərinə qarşı yönəlmiş informasiya kampaniyalarında iştirakda ittiham edir.

WSJ isə Trampın ənənəvi olaraq daha çox simpatiya bəslədiyi sağ mərkəzçi nəşrlərdən biri sayılırdı. Bu baxımdan məhz bu qəzetlə açıq qarşıdurma Trampın Merdokla münasibətlərindəki gərginliyin yeni mərhələyə keçdiyini göstərir.

AzPolitika.info

Seçilən
66
50
hurriyyet.az

10Mənbələr