Bu gün Rusiya və İran hərbi dəniz qüvvələri "Xəzər dənizi-2025" (CASAREX 2025) kod adlı birgə dəniz xilasetmə təlimlərinə başlayacaq.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, məlumatı “Mehr” xəbər agentliyi yayıb.
Məlumata görə, bu məqsədlə Rusiya Hərbi Dəniz Qüvvələrinin (HDQ) gəmisi İran Hərbi Dəniz Qüvvələri tərəfindən keçirilən (CASAREX-2025) birgə xilasetmə və dəniz təhlükəsizliyi təlimlərinin ümumi zonasına daxil olub.
Bildirilib ki, Rusiyanın “SB738” gəmisini İranın Hərbi Dəniz Qüvvələrinin bölmələri qarşılayıb.
İnformasiyaya əsasən, təlimlər iyulun 21-də Xəzər dənizində başlayacaq və üç gün davam edəcək.
Hərbi tədbir İran HDQ-nin şimal donanmasının bazasında "Təhlükəsiz və etibarlı Xəzər dənizi üçün birlikdə" devizi altında keçirilir.
Təlimlərə İran HDQ, İslam İnqilabı Keşikçiləri Qvardiyası (Sepah), İran hüquq-mühafizə orqanları komandanlığı və Rusiya HDQ-nin hərbi qulluqçuları, həmçinin bir sıra Xəzəryanı dövlətlərdən müşahidəçilər qatılacaq.
Xilasetmə təlimlərinin məqsədi dənizdə təhlükəsizlik səviyyəsinin artırılması və Xəzəryanı ölkələrin hərbi dəniz qüvvələri arasında əməkdaşlığın gücləndirilməsi olacaq.