AZ

Regiona mesaj: Rusiya və İran Xəzərdə güc nümayiş etdirir -RƏY

İran ilə Rusiyanın Xəzər dənizində birgə hərbi təlim keçirməsi digər Xəzəryanı ölkələrə qarşı təhdid xarakteri daşıyır

Belə təlimlər və güc nümayişləri real və davamlı əməkdaşlıq münasibətlərinə səbəb olmaq əvəzinə, regionda əlavə gərginlik yarada bilər

Bu gün Rusiya və İran hərbi dəniz qüvvələri "Xəzər dənizi-2025" (CASAREX 2025) kod adlı birgə dəniz xilasetmə təlimlərinə başlayacaq.
Məlumatı “Mehr” xəbər agentliyi yayıb.
Məlumata görə, bu məqsədlə Rusiya Hərbi Dəniz Qüvvələrinin (HDQ) gəmisi İran Hərbi Dəniz Qüvvələri tərəfindən keçirilən (CASAREX-2025) birgə xilasetmə və dəniz təhlükəsizliyi təlimlərinin ümumi zonasına daxil olub.
Bildirilib ki, Rusiyanın “SB738” gəmisini İranın Hərbi Dəniz Qüvvələrinin bölmələri qarşılayıb.
İnformasiyaya əsasən, təlimlər iyulun 21-də Xəzər dənizində başlayacaq və üç gün davam edəcək.
Hərbi tədbir İran HDQ-nin şimal donanmasının bazasında "Təhlükəsiz və etibarlı Xəzər dənizi üçün birlikdə" devizi altında keçirilir.
Təlimlərə İran HDQ, İslam İnqilabı Keşikçiləri Qvardiyası (Sepah), İran hüquq-mühafizə orqanları komandanlığı və Rusiya HDQ-nin hərbi qulluqçuları, həmçinin bir sıra Xəzəryanı dövlətlərdən müşahidəçilər qatılacaq.

Politoloq Taleh Əliyev Sherg.az-a deyib ki, İran İslam Respublikası ilə Rusiya Federasiyasının Xəzər dənizində birgə hərbi təlim keçirməsi digər Xəzəryanı ölkələrə qarşı güc nümayişi və təhdid xarakteri daşıyır:

"Baxmayaraq ki, bu təlimlər “Xəzərdə təhlükəsizlik və əməkdaşlıq” adı altında təqdim olunur. İran və Rusiyanın digər Xəzəryanı dövlətlərə – xüsusilə Azərbaycana, Qazaxıstana və Türkmənistana qarşı qeyri-səmimi və zaman-zaman aqressiv münasibəti fonunda bu cür hərbi fəaliyyətlər daha çox siyasi mesaj xarakteri daşıyır. Lakin nə Rusiya, nə də İran artıq əvvəlki qədər qüdrətlidir. Bu baxımdan belə təlimlər və güc nümayişləri real və davamlı əməkdaşlıq münasibətlərinə səbəb olmaq əvəzinə, regionda əlavə gərginlik yarada bilər. Halbuki Xəzər dənizi qapalı su hövzəsi kimi beş sahilyanı dövlət arasında sülh və əməkdaşlıq məkanı olmalıdır. Bu regionda heç bir ölkə digərinə qarşı Xəzərdən istifadə etməklə hərbi güc nümayiş etdirməməlidir".

Analitik vurğulayıb ki, biz həm İranın, həm də Rusiyanın digər dövlətlərə qarşı aqressiv və təhdidedici siyasət yürütdüyünün dəfələrlə şahidi olmuşuq:
"Ona görə də onların bu birgə təlimlərinin təqdim edildiyi qədər xoşməramlı olduğuna inanacaq qədər sadəlövh deyilik. İnanıram ki, bu cür Rusiya–İran hərbi əməkdaşlığı, əksinə, digər Xəzəryanı ölkələri də təhlükəsizlik sahəsində qarşılıqlı əməkdaşlıq mexanizmləri qurmağa vadar edəcək. Həmçinin bu proses Xəzər regionunda yeni bir təhlükəsizlik arxitekturasının formalaşmasına səbəb olacaq".
Seçilən
42
39
sherg.az

10Mənbələr