"Zəngəzur dəhlizi təkcə ölkəmiz üçün deyil, regionun bir sıra ölkələri üçün iqtisadi və strateji əhəmiyyət kəsb edir".
Bunu Redaktor.az-a açıqlamasında iqtisadçı Günay Hüseynova Prezident İlham Əliyevin III Şuşa Qlobal Media Formunda çıxışı zamanı "Zəngəzur dəhlizi bir çox ölkələri birləşdirəcək" açıqlamasını şərh edərkən bildirdi.
Onun sözlərinə görə, son dövrlərdə qeyri-neft sektorunun inkişafı və bu sahəyə dəstək dövlətimiz üçün əsas prioritet məsələdir:
"Zəngəzur dəhlizinin fəaliyyəti regionun geoiqtisadi infrastrukturu ilə yanaşı, nəqliyyat-logistika sahəsinin inkişafı, yeni iş yerlərinin, logistika mərkəzlərinin açılması, xarici investorların cəlb edilməsi, xarici sərmayələrin artması, ticarət tərəfdaşlarının sayının artması və s. baxımından olduqca əhəmiyyətlidir".
İqtisadçı qeyd etdi ki, mövzunu iqtisadi əhəmiyyətlilik baxımından bir neçə başlıq altında qruplaşdırmaq olar:
"İlk növbədə, ticarət tərəfdaşlarının sayının artması və tranzit gəlirləri baxımından xüsusi əhəmiyyətlidir.
Qarabağ zonası işğaldan azad edilsə də, quruculuq işləri və restavrasiya, bölgənin iqtisadiyyatının dirçəlməsi və inkişafı üçün milyonlarla vəsaitə ehtiyac var. Hal-hazırda tələb olunan vəsait sadəcə bölgənin inkişafı üçündür və bununla belə müəyyən müddət və külli miqdarda vəsait tələb olunur ki, regiona yatırım edilsin və biz iqtisadi mənfəət əldə edək. Hal-hazırda dövlət büdcəsinin gəlirlərinin əhəmiyyətli hissəsini neftdən gələn gəlirlər təşkil edir. Cənubi Qafqaz regionundakı müharibə və iqtisadi qeyri-sabitlik də neft qiymətlərini təhlükə altında saxlayır. Ona görə də iqtisadiyyatımızın əlavə və stabil gəlirlərə ehtiyacı var. Hal-hazırda ən optimal vasitə Zəngəzur dəhlizinin fəaliyyətidir".
Müsahibimizin sözlərinə görə, Zəngəzur dəhlizi regionda nüfuz və beynəlxalq arenada söz sahibliyi, ticarət tərəfdaşlarının sayının artması baxımından da xüsusi əhəmiyyət kəsb edir.
"Geosiyasi proseslərdən dolayı ölkələrin iqtisadiyyatı ticarət tərəfdaşlarını dəyişə bilir və alternativ iqtisadi bazarlara üz tuturlar. Ölkəmizdəki iqtisadi, siyasi sabitlik, beynəlxalq arenada nüfuzu, həmçinin də son zamanlardakı Avropanı təhlükəsiz enerji ilə təminatı digər xarici tərəfdaşların da iqtisadi marağındadır və onları da ticarət əməkdaşlığına sövq edir.
Ölkənin daxili iqtisadi inkişafı və sosial rifahı üçün dəhlizin fəaliyyəti iqtisadi səmərə təşkil edir. Azərbaycan Respublikasının Konstitusiyasında da qeyd edildiyi kimi, dövlətin ali məqsədi ilk növbədə vətəndaşların sosial rifahının və iqtisadi rifahının yüksəldilməsidir. Vətəndaşların layiqli həyat səviyyəsinin təmin edilməsi hər zaman dövlətimiz üçün prioritet məsələ olub. Məlumdur ki, ölkəmizdə müəyyən qədər işsizlik problemi mövcuddur, həmçinin inflyasiya həddində müəyyən artım var. Tranzit gəlirləri, gömrük rüsumları, vergi yığımlarından əldə olunan gəlirlərlə bu sahədə iqtisadi inkişafa nail olunacaq", - deyə G.Hüseynova bildirdi.
Aytəkin TOFİQQIZI