Ermənistanda müdafiə nazirinin müavini Vaqram Xorxoruninin 27 il əvvəl törədilən qətlinin təşkilində ittiham edilən və saxlanılan Sasun Aruşanyan həbs edilib.
Xezerxeber.az-ın "Sputnik Ermənistan"a istinadən xəbərinə görə, bu barədə ölkənin İstintaq Komitəsindən məlumat verilib.
Məlumata görə, Aruşanyan Qarabağdakı separatçı rejimin keçmiş üzvü Samvel Babayanın təhlükəsizlik xidmətinin rəhbəri olub. Bu işdə icraçı qismində Artur Arakelyan və Hrayr Narimanyanın adı keçir.
Qeyd edək ki, Vaqram Xorxoruni 1998-ci il dekabrın 10-na keçən gecə evinin girişində öldürülüb. Faktla bağlı cinayət işi açılıb, Ermənistan Daxili İşlər və Milli Təhlükəsizlik nazirliklərinin əməkdaşlarından ibarət əməliyyat-istintaq qrupu yaradılıb.