ABŞ və Türkiyə YPG/PKK ilə əlaqəli Suriya Demokratik Qüvvələrinə (SDF) Suriya hökumətinə qoşulmaq üçün 30 gün vaxt verib.
Bu barədə “Middle East Eye” mənbələrə istinadən bildirib.
Qeyd olunub ki, inteqrasiya olunmayan bölmələr tərk-silah ediləcək, Dəməşq isə tam nəzarəti özündə saxlayacaq.
Qruplaşmanın lideri Mazlum Abdi mart ayında Suriyanın keçid dövrü prezidenti Əhməd əş-Şaraa ilə SDF və onların agentliklərinin Dəməşq hökuməti ilə tam birləşməsini nəzərdə tutan saziş imzalayıb.
"Lakin SDF və digər kürd qruplaşmaları muxtariyyət tələb etdikləri və Suriyanın Müdafiə Nazirliyinin rəhbərliyi altında birləşməyə müqavimət göstərdikləri, Suriya ordusunun tərkibində ayrıca hərbi komandanlıq və təşkilati strukturun saxlanılmasında israr etdikləri üçün irəliləyiş dayanıb", - məlumatda deyilir.
Bununla əlaqədar keçən həftə Suriyada keçirilən görüş zamanı ABŞ və Türkiyə rəsmiləri SDF-ə Dəməşq hökumətinə qoşulmaq üçün 30 gün vaxt veriblər.
"SDF-ə bildirilib ki, onların bütün silahlı bölmələri Suriya ordusuna inteqrasiya edilməyəcək. Hökumət qüvvələrinə qoşulmaqdan imtina edən bölmələr tərk-silah ediləcək, ümumi nəzarət isə Suriya hökumətində qalacaq", - mənbələrdən biri bildirib.
"Cebheinfo.az"