Bakıda İsrail səfirliyini yandırmaqla bağlı polisə bilə-bilə yalan məlumat verməkdə təqsirləndirilən Ulfan Əliyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Moderator.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elnur Nuriyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hökmə əsasən, Ulfan Əliyevə 5 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin olunub. O, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.
Qeyd edək ki, ittihama görə, 1990-cı il təvəllüdlü Ulfan Əliyev bu ilin yanvarında Daxili İşlər Nazirliyinin "102" xidmətinə zəng edərək İsrail səfirliyini yandıracağını, polis idarəsinə bomba qoyacağını söyləyib.
O, zəng zamanı səfirliyin qarşısında 20 metr məsafədə dayanaraq "əlinə lopa alıb" səfiri yandıracağını deyib.
O, səfirliyin qarşısında özünü yandırmaq niyyətində olduğunu da bildirib.
Ulfan Əliyevə qarşı Cinayət Məcəlləsinin 216-cı (terrorçuluq barədə bilə-bilə yalan məlumat vermə) maddəsi ilə yekun ittiham elan olunub.