Bakı, 30 iyul, AZƏRTAC
ABŞ Prezidenti Donald Tramp Alyaska, Havay adaları və bu ölkənin Sakit okean sahillərində mümkün sunami təhlükəsi barədə xəbərdarlıq edib.
O, “Truth Social” şəbəkəsindəki paylaşımında yazıb: “Sakit okeanda baş verən güclü zəlzələ ilə əlaqədar bütün Havay adaları sakinləri üçün sunami xəbərdarlığı qüvvədədir. Alyaska və ABŞ-ın Sakit okean sahilləri (mümkün) sunami təhlükəsi altındadır. Yaponiya da təhlükə ilə üz-üzədir”.
AZƏRTAC xarici mediaya istinadla xəbər verir ki, bundan əvvəl Havay ştatının paytaxtı Honolulu şəhərinin yerləşdiyi Oahu adasının hakimiyyət orqanları yerli sakinləri sahilyanı ərazilərdən təxliyə olunmağa çağırıb. ABŞ Sahil Mühafizəsi Havay ştatında dayanmış bütün gəmilərə Kamçatkada baş verən güclü zəlzələdən sonra sunami təhlükəsi səbəbindən limanları tərk etməyi əmr edib.
Yaponiyada 30-50 santimetr hündürlüyündə dalğalar qeydə alınıb. Dağıntı və tələfat barədə məlumat verilməyib.