2025-ci ilin yanvar-iyun aylarında Azərbaycandan ümumilikdə 12,9 milyard ABŞ dolları dəyərində məhsul ixrac edilib.
Finss.az Dövlət Gömrük Komitəsinin məlumatına əsasən xəbər verir ki, bu göstərici ötən ilin eyni dövrü ilə eyni səviyyədə qalıb.
Hesabat dövründə fiziki şəxslərin ixracda iştirakı 51,2 milyon ABŞ dolları təşkil edib ki, bu da bir il əvvəlki 69,6 milyon dollarla müqayisədə 18,4 milyon ABŞ dolları və ya 26,4% azalma deməkdir. Beləliklə, fiziki şəxslərin payı ümumi ixracın cəmi 0,4%-ni təşkil edib.
Yanvar-iyun aylarında ölkənin ümumi xarici ticarət dövriyyəsi 24,4 milyard ABŞ dolları səviyyəsində olub ki, bu da ötən ilin analoji dövrünə nisbətən 12,1% (2,632 milyard dollar) artım deməkdir. Bunun 12,878 milyard dolları ixracın, 11,522 milyard dolları isə idxalın payına düşüb.
Son bir ildə ixrac göstəricisi 0,2% geriləyib, idxal isə 29,9% artıb. Bu dinamika nəticəsində xarici ticarət balansı üzrə 1,356 milyard ABŞ dolları məbləğində müsbət saldo yaranıb. Lakin bu rəqəm əvvəlki ilin eyni dövrü ilə müqayisədə təqribən 3 dəfə (2,677 milyard dollar) azalıb.
Fuad Mədətov
Finss.az