AZ

Azərbaycanın Suriyaya təbii qaz ixracına başlaması mühüm və strateji hadisədir - RƏY

Azərbaycanın Suriyaya təbii qaz ixracına başlaması həm enerji siyasəti, həm də geosiyasi baxımdan mühüm və strateji əhəmiyyətə malik hadisədir.

Bu fikirləri “Report”a açıqlamasında Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü, deputat Səbinə Salmanova bildirib.

O qeyd edib ki, bu proses Azərbaycanın regional və beynəlxalq səviyyədə artan nüfuzunu, eləcə də enerji təhlükəsizliyi sahəsində etibarlı tərəfdaş kimi mövqeyini bir daha təsdiqləyir.

Deputat bəyan edib ki, Azərbaycanın təbii qaz ehtiyatları region üçün vacib alternativ enerji mənbəyi hesab olunur.

Onun sözlərinə görə, Suriyaya qaz ixracı Azərbaycanın enerji təchizatçısı kimi rolunu yalnız Qərbə deyil, həm də Yaxın Şərqə doğru genişləndirir.

“Bu layihə SOCAR üçün yeni bazar imkanları yaradır, eyni zamanda Azərbaycanın enerji diplomatiyasının çevikliyini nümayiş etdirir. Azərbaycanın bu təşəbbüsü ölkənin geosiyasi mövqeyini daha da gücləndirir. Türkiyə üzərindən Suriyaya qaz ötürülməsi həm Ankara ilə enerji əməkdaşlığını dərinləşdirir, həm də regionda sabitlik və iqtisadi inkişafa töhfə verir. Bu, ölkəmizin balanslı və praqmatik xarici siyasətinin nəticəsidir”.

S.Salmanova əlavə edib ki, Suriyada mövcud enerji böhranı fonunda Azərbaycanın bu addımı iqtisadi məna ilə yanaşı, həm də humanitar xarakter daşıyır:

“Bu, Azərbaycanın beynəlxalq tərəfdaşlarına verdiyi mühüm mesajdır. Azərbaycan yalnız iqtisadi maraqları deyil, eyni zamanda regional sabitlik və sosial rifah məsələlərini də diqqət mərkəzində saxlayır”.

Parlamentari qeyd edib ki, bu cür təşəbbüslər gələcəkdə digər Yaxın Şərq ölkələri ilə də enerji əməkdaşlığının qurulmasına zəmin yarada bilər:

“Azərbaycan artıq təkcə Cənubi Qafqazda deyil, daha geniş coğrafiyada iqtisadi və diplomatik aktor kimi çıxış edir. Suriyaya təbii qaz ixracı birbaşa Prezident İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü və çevik enerji siyasətinin, eyni zamanda uğurlu xarici diplomatiyasının məntiqi nəticəsidir. Bu, dövlət başçısının regional əməkdaşlıq və enerji təhlükəsizliyi sahəsində strateji baxışlarının real təzahürüdür. Prezident İlham Əliyev dəfələrlə bəyan edib ki, Azərbaycanın enerji siyasəti təkcə iqtisadi deyil, həm də regional sabitlik və rifahın təmin olunmasına xidmət edir”.

S.Salmanova söyləyib ki, Azərbaycanın eyni zamanda Avropa və Yaxın Şərq kimi fərqli regionlarla paralel əməkdaşlıq qurması ölkənin çoxşaxəli və balanslı siyasətinin göstəricisidir:

“Suriyaya tədarük olunacaq qazın ümumi həcmi ilk mərhələdə 1,2 milyard kubmetrə qədər olacaq. Bu da uzunmüddətli münaqişə səbəbindən daxili qaz tələbatını ödəməkdə ciddi çətinliklərlə üzləşən və enerji infrastrukturuna ağır ziyan dəymiş Suriyada iqtisadiyyatın bərpası və əhalinin həyat şəraitinin yaxşılaşdırılması baxımında mühüm əhəmiyyətə malikdir. Bu hadisə Azərbaycanın artıq yalnız enerji ixrac edən deyil, eyni zamanda enerji təhlükəsizliyinin təminatçısı, siyasi sabitliyin dəstəkləyicisi və regional inteqrasiyanın təşəbbüskarı kimi çıxış etdiyini bir daha nümayiş etdirir”.

Seçilən
77
50
hit.az

10Mənbələr