Azərbaycan təbii qazının Türkiyə ərazisi ilə Suriyaya nəqli strateji əhəmiyyət daşıyır.
Bu barədə “Report”a açıqlamasında iqtisadçı-ekspert Eyyub Kərimli danışıb.
“Bu tarixi hadisə Azərbaycanın bölgədə yalnız enerji ixracatçısı kimi deyil, həm də regional sabitliyə tövfə verən, əməkdaşlıq təşəbbüsləri ilə çıxış edən güclü aktor kimi qəbul olunmasına şərait yaradır. Azərbaycanın iqtisadi və siyasi tərəfdaş olaraq rolu təkcə Cənubi Qafqazda deyil, həm də Yaxın Şərqdə getdikcə artır”, - o əlavə edib.
Ekspert bildirib ki, Azərbaycan enerji təhcizatçısı kimi coğrafiyasının genişlənməsi ona əlaqələrin inkişafı üçün də yeni imkanlar yaradır:
“Azərbaycan üçün yeni mərhələ başlayır. İnidiyə qədər Azərbaycan Avropanın bəzi ölkələrinin qaz ixrac edirdi, ancaq artıq Yaxın Şərqə, xüsusilə Suriya kimi enerji böhranı yaşayan ölkəyə də qaz ixrac edəcək. Bu da ölkəmizin bölgədə daha etibarlı, çevik enerji tərəfdaşı kimi tanınmasına şərait yaradır. Sözsüz ki, bu hadisə həm də Azərbaycanın Yaxın Şərqdə siyasi nüfuzunun genişlənməsinə əhəmiyyətli təsir göstərir”.
E.Kərimlinin sözlərinə görə, bu həm iqtisadi, həm də regional sabitliyə töhvə verəcək bir layihədir:
“Həmçinin sosial-humanitar layihə də hesab etmək olar. Çünki Suriya vətəndaş müharibəsindən sonra enerji böhranı yaşayır. Bu layihə Suriyanın sosial-iqtisadi sabitliyinin bərpasına xidmət edəcək”.
Qazın Türkiyə ərazisindən keçərək Suriyaya çatması məsələsinə gəldikdə isə müsahib diqqətə çatdırıb ki, bu, Türkiyə-Azərbaycan-Suriya üçtərəfli iqtisadi əlaqələrinin daha da inkişafına zəmin yaradır:
“Azərbaycan və Türkiyənin bölgədə nüfuzu artır. Ölkəmizdə yaşıl enerji üzrə də əhəmiyyətli işlər görülür. Gələcəkdə bu ölkələrlə yaşıl enerji ixracatçısı kimi də əməkdaşlıq edəcəyik”.