AZ

Azərbaycan təbii qazı Yaxın Şərqi daha yaxın etdi

Suriya mavi yanacağımızı alan ilk Asiya ölkəsi oldu

Azərbaycan qazını alan ölkələrin sayı getdikcə artır. Son hadisələr göstərdi ki, indiyədək əsasən Avropa ölkələrinə təbii qaz ixrac edən Azərbaycan üçün hazırda yeni bir istiqamət - Yaxın Şərq istiqaməti də formalaşır. Bu, ölkəmizin enerji diplomatiyasında növbəti mərhələnin başlanğıcı deməkdir.

Avqustun 2-də Türkiyənin Kilis şəhərində Azərbaycan qazının Türkiyə ərazisindən Suriyaya ixracının başlanması münasibəti ilə keçirilən tədbir deyilənləri əyani şəkildə təsdiq etdi. Məlum olduğu kimi, keçən ay ölkəmizə işgüzar səfər edən Suriya Ərəb Respublikasının keçid dövrü Prezidenti Əhməd Əl Şaraa Prezident İlham Əliyevlə görüş zamanı ölkəsinin siyasi, iqtisadi-ticari, mədəni, humanitar və digər sahələrdə əməkdaşlıqda maraqlı olduğunu demişdir. Görüşdə ölkələrimiz arasında xüsusilə enerji sahəsində əməkdaşlığın vacibliyi qeyd edilmişdir. Suriyanın hazırda ciddi enerji problemi ilə üzləşdiyi bildirilmişdir. Bu xüsusda yaxın zamanlarda Azərbaycan qazının Türkiyə ərazisindən Suriyaya ixracı layihəsinin həyata keçiriləcəyi vurğulanmışdır və bunun Suriyanın enerji təhlükəsizliyinə töhfə verəcəyi qeyd olunmuşdur. Azərbaycanın Suriyanın energetika sahəsinin bərpasına töhfə vermək iqtidarında olduğu diqqətə çatdırılmışdır.

Əhməd Əl Şaraa hazırda ölkəsinin üzləşdiyi ciddi enerji problemlərinin həllində Azərbaycanın töhfəsinin əhəmiyyətini vurğulayaraq bunun Suriyanın inkişafına xidmət etdiyini demişdir.

İndiyədək Azərbaycandan 12 ölkə - Gürcüstan, Türkiyə, Bolqarıstan, Yunanıstan, İtaliya, Rumıniya, Macarıstan, Serbiya, Sloveniya, Xorvatiya, Şimali Makedoniya və Slovakiyaya qaz ixrac edirdi. Göründüyü kimi, bu siyahı getdikcə genişlənir. Çünki ölkəmizdən qaz almaq üçün yeni müraciətlər alınır. 

"Cənub qaz dəhlizi"nin genişləndirilməsi ixrac marşrutlarının şaxələndirilməsinə imkan verir. Bolqarıstanın Sofiya şəhərində 2022-ci il oktyabrın 1-də istifadəyə verilən Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektoru və  Serbiyanın Niş şəhərində 2023-cü il dekabrın 10-da istismara daxil olan Bolqarıstan-Serbiya Qaz İnterkonnektoru ixracın diversifikasiyasında mühüm rol oynayır. Qaz ixracı üçün  yeni infrastrukturların yaradılması gündəmdə olan məsələdir. Çünki Azərbaycanın enerji strategiyası getdikcə inkişaf edir. Ölkəmiz artıq yalnız ənənəvi tərəfdaşlarla deyil, həm də yeni regional bazarlarla əlaqələrini möhkəmləndirir. 

Suriyaya qaz ixracı Türkiyə üzərindən ildə 1 milyard kubmetr həcmində planlaşdırılır. Beləliklə, ölkəmizlə Suriya arasında yeni istiqamət Azərbaycan qazının sözügedən ölkənin bazarına çıxarılmasıdır. Azərbaycan qazı üçün dünyada rəqabət artır,  Azərbaycan qazının diversifikasiyası üçün imkanlar genişlənir. Azərbaycan təkcə Avropa bazarına deyil, Yaxın Şərq ölkələrinə də öz qazını ixrac edir.  

Onu da qeyd edək ki, Azərbaycan qazının Yaxın Şərqə ixracı ilə bağlı mühüm texniki və logistika məsələləri də sürətlə həll olunur. Belə ki, Türkiyə ilə Suriyanı birləşdirən qaz kəməri artıq bərpa edilib və bu xətt kommersiya qaz nəqlinə hazır vəziyyətə gətirilib. Daha önəmli bir məqam da var: Suriyanı İordaniya ilə birləşdirən, lakin müharibə illərində dağıdılmış digər qaz kəmərinin də yenidən qurulması perspektivləri dəyərləndirilir.

Bu layihənin reallaşması Azərbaycan qazının Suriyadan keçməklə İordaniyaya, hətta Misirə qədər nəqlinə geniş yol açacaq. Belə bir marşrutun formalaşması Azərbaycanın qaz ixrac coğrafiyasını daha da şaxələndirəcək və enerji bazarlarında nüfuzunu artıracaq.

Eyni zamanda ölkəmizin elektrik enerjisi istehsalçısı və ixracatçısı kimi də qarşısında yeni imkanlar açılır. Azərbaycan Yaxın Şərq regionuna da elektrik enerjisi ixrac edə bilər. 

Suriyanın bu prosesdə yalnız istehlakçı yox, həm də tranzit ölkə qismində iştirakı mühüm önəm daşıyır. Bu, həm regional əməkdaşlıq formatlarının genişlənməsinə, həm də Azərbaycan qazının ərəb dünyasına çıxışına real zəmin yaradır. Beləliklə, Azərbaycan Avropa ilə yanaşı, həm də Yaxın Şərq ölkələri üçün etibarlı enerji tərəfdaşı olacaq.

Ümumiyyətlə, Azərbaycan-Suriya əlaqələri eyni zamanda Azərbaycanın Yaxın Şərq siyasəyinin bir hissəsidir. Azərbaycan Avropa, Mərkəzi Asiya istiqamətində fəal siyasət yürütdüyü kimi Yaxın Şərq regionunda da fəallığı ilə seçilir. Prezident İlham Əliyevin bu siyasəti nəticəsində Azərbaycan hər yerdə olduğu kimi, Yaxın Şərq regionunda da etibarlı tərəfdaş kimi tanınır.

Flora SADIQLI,

"Azərbaycan"

Seçilən
80
1
azerbaijan-news.az

10Mənbələr