AZ

Uşaqların sağlam qidalanması: Fiziki və zehni inkişafda əsas faktor

Uşaqların sağlam inkişafı üçün düzgün qidalanma çox vacibdir. İlk illərdən başlayaraq qəbul edilən qidalar uşağın fiziki, zehni və psixoloji inkişafında mühüm rol oynayır. Sağlam qidalanma, yalnız orqanizmin enerji və qida maddələri ilə təmin olunması deyil, eyni zamanda xəstəliklərdən qorunmaq, güclü immun sistemə sahib olmaq və sağlam həyat tərzini formalaşdırmaq deməkdir.

Uşaqların gündəlik rasionu zülallar, karbohidratlar, yağlar, vitaminlər və minerallarla zəngin olmalıdır. Bu qidalar orqanizmin normal fəaliyyətini təmin edir. Uşaqlıq dövrü insan həyatının ən həssas və formalaşdırıcı mərhələsidir. Bu dövrdə qəbul edilən qidalar uşağın fiziki inkişafına, beyin fəaliyyətinə və immun sisteminin möhkəmlənməsinə birbaşa təsir göstərir. Uşaqların sağlam qidalanması onların gələcək həyat keyfiyyətini müəyyən edən əsas faktorlardan biridir. Təbii, vitamin və minerallarla zəngin qidalar uşağın orqanizmini gücləndirir və onu bir çox xəstəliklərdən qoruyur. Valideynlər düzgün qidalanmanı həyat tərzinə çevirməli və bunu nümunə ilə uşaqlara öyrətməlidirlər. Onun sözlərinə görə, uşaqlara verilən qidalar gigiyenik baxımdan təhlükəsiz olmalı, təzə və düzgün bişirilmiş şəkildə təqdim edilməlidir. Müxtəlif yaş dövrlərində uşaqların qida ehtiyacları dəyişir. Məsələn, körpəlik dövründə ana südü əsas qida mənbəyi olmalıdır. Daha sonrakı dövrlərdə isə bərk qidalara keçid mərhələli və diqqətli şəkildə həyata keçirilməlidir. Gündəlik rasionda müxtəlif rəngli meyvə və tərəvəzlərə üstünlük verilməlidir. Onlar antioksidantlar, vitaminlər və lif baxımından zəngindir. Fast food, qazlı içkilər, çox şəkərli məhsullar və konservləşdirilmiş qidalardan uzaq durmaq vacibdir. Bu cür qidalar artıq çəki, diabet, ürək-damar xəstəlikləri kimi problemlərə səbəb ola bilər.

Həkim pediatr Kəmalə Rüstəmova deyir ki, qeyri-sağlam qidalanma uşaqların inkişafını ləngidə, immun sistemini zəiflədə və bir sıra ciddi xəstəliklərə zəmin yarada bilər. Fast food, qazlı içkilər, yüksək şəkər və trans yağlarla zəngin məhsullar piylənmə, şəkərli diabet, qəbizlik və ürək-damar xəstəlikləri riskini artırır. Bununla yanaşı, bu cür qidalanma uşaqda diqqət pozuntusu, yuxusuzluq və davranış problemlərinə də səbəb ola bilər. Valideynlər övladlarının sağlam gələcəyi naminə onların qidalanma vərdişlərinə ciddi nəzarət etməlidirlər: “Fast food, qazlı içkilər, çips və şirniyyatlar uşaqlarda piylənmədən tutmuş, zehni yorğunluğa və davranış pozğunluqlarına qədər bir çox fəsadlara səbəb olur. Əgər düzgün qidalanma olmazsa, uşağın immuniteti zəifləyir, xəstəliklərə qarşı müqaviməti azalır. Uşaqların qida rasionunda yüksək şəkər, trans yağ və süni əlavələr çoxluq təşkil etdikdə, onların inkişafı ləngiyir, piylənmə, mədə-bağırsaq problemləri və hətta 2-ci tip diabet riski artır. Davamlı olaraq qeyri-sağlam qidalarla qidalanan uşaqlar piylənmə və artıq çəki, həzm problemləri -qəbizlik, mədə ağrısı, davranış çətinlikləri, zəif sümük inkişafı kimi problemlərlə üzləşirlər. Bütün bunlarla qarşılaşmamaq üçün uşaqlar üçün daha çox evdə hazırlanan təbii qidalara üstünlük verilməlidir. Şəkər və süni əlavələrdən uzaq durmaq, rasiona tərəvəz, meyvə, süd məhsulları əlavə etmək, qida saatlarına riayət etmək vacibdir”.

Qida təhlükəsizliyi Hərəkatının rəhbəri, sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynovanın sözlərinə əsasən, uşaqlar üçün düzgün qidalanma çox vacibdir, çünki onların bədəninin həm fiziki, həm də zehni inkişafı davam edir. Gündəlik qida rasionunda mütləq zülal, karbohidratlar, yağlar və vitamin-mineral balansı nəzərə alınmalıdır. Zülal mənbəyi olaraq yumurta, süd məhsulları (süd, qatıq, pendir), balıq və toyuq ətindən istifadə etmək olar. Karbohidrat olaraq isə təbii, işlənməmiş çörək məhsulları və meyvələr önəmlidir. Uşaqların qidalanmasında faydalı yağlar da yer almalıdır, məsələn, zeytun yağı və ya qoz, fındıq kimi yağlı toxumlar. Gün ərzində az porsiyalarla, lakin tez-tez qidalanmaq daha məqsədəuyğundur. Bu, uşaqların enerjili qalmasına və yorğun olmamasına kömək edəcəkdir. Səhər yeməyi uşaqlar üçün ən vacib qidadır, çünki uzun gecə saatlarından sonra bədənə enerji vermək lazımdır. İdeal səhər yeməyində zülal və karbohidrat balansına diqqət edilməlidir. Yumurta, süd, pendir, qatıq kimi zülal tərkibli qidalar məsləhət görülür. Bununla yanaşı, tam taxıllı çörək və ya qoz-fındıq kimi sağlam yağlar da səhər yeməyində yer almalıdır. Meyvə də səhər yeməyinə əlavə edilə bilər, çünki təbii şəkər və vitaminlərlə zəngindir. Bu qidalar uşaqlara gün ərzində enerjili qalmağa kömək edəcək.

Şəkərli içkilər və yüksək kalorili şirniyyatlar uşaqların sağlamlığına mənfi təsir edir. Bu cür qidalar qısa müddət ərzində qan şəkərini sürətlə artırır, lakin sonra tez bir zamanda azalır, nəticədə uşaq özünü yenidən ac və yorğun hiss edir. Bu da onların gün ərzində fokuslanmasına və dərslərdəki məhsuldarlığına mənfi təsir edir: "Şəkərli içkilər həm də orqanizmdə su balansını pozur, çünki bədən daha çox toksin atmağa çalışır. Bunun əvəzinə, uşaqlara daha çox su içmək tövsiyə olunur. Su bədənin toksinləri atmasına və qidaların daha yaxşı həzm edilməsinə kömək edir".

Ekspertin dediyinə görə, "abur cubur" dediyimiz qidaların əksəriyyətinin tərkibində məhsulun ömrünü uzatmaq üçün, gec xarab olması üçün bir çox qatqı maddələrində istifadə olunur. Eyni ilə də həmin məhsulların içində dadlandırıcı olaraq, asılılıq yaratmaq üçün başqa kimyəvi maddələrdən də istifadə olunur. Bu maddələr birbaşa olaraq inkişafda olan orqanizmə mənfi təsir göstərir: "Əksəriyyətində bunların tərkibi tam şəkildə etiket məlumatlarında göstərilsə də, bir çoxlarında isə demək olar ki, kimyəvi adlarla və yaxud da yan təsirləri ilə bağlı heç bir məlumat verilmir. Bu qidaları davamlı olaraq qəbul edən insanlarda, xüsusilə də uşaqlarda aqressiya, gərginlik, eyni zamanda əqli cəhətdən inkişafdan geri qalma və yaddaşsızlıq kimi problemlər yaranır. Xüsusilə də bu kimyəvi maddələr sümük əriməsinə də səbəb olduğuna görə onların skelet quruluşunun, eyni zamanda da orqanizmin inkişafında da bir çox problemlərə gətirib çıxarır. Bir çox hallarda bu kimi məhsulların tərkibində istifadə olunan monosodium qlutomat maddəsinin sintetik tərkiblisindən istifadə olunur. Buna da el arasında "Çin duzu" deyilir. Bu da birbaşa olaraq ağızda ənənəvi dad ressorlarının pozulmasına və yeni bir dadın yaranmasına səbəb olur ki, nəticədə ənənəvi qidalardan zövq almama və xüsusilə də davamlı olaraq bu cürə qidalarla qidalanmaq istəyi yaranır. Belə qidaları davamlı olaraq qəbul etdikdə insanlarda bəzən iştahasızlıq, bəzən də həddindən artıq qida qəbul etmək istəyi yaranır".

Məhsəti Hüseynova vurğulayıb ki, həmin qidaların tərkibində həddindən artıq çox sintetik şəkərin, trans yağların olması, duzdan həddindən artıq çox istifadə olunması bir çox problemlərin yaranmasına səbəb olur: "Xüsusilə duzun çox olması, maye duz balansının pozulmasına gətirib çıxarır. Həddindən artıq şəkərin olması asılılıq yaratmaqla yanaşı, orqanizmə artıq kalorinin qəbul olmasından obezite piylənməyə və qanda şəkər səviyyəsinin pozulmasına səbəb olur. Trans yağlar ürək damar xəstəlikləri yaradır. Ona görə də, bu kimi qidalardan mümkün qədər uzaq durmaq lazımdır. Bu gün azad bazar iqtisadiyyatının inkişafına dəstək üçün istehsalçılara şərait yaradılsa da, heç də hər bir istehsalçı istehlakçıların sağlamlığını düşünərək məhsul istehsal etmir. Bu cür məhsulların zərərli olduğu göstərilsə belə, satışda hər birimizin qarşısına çıxır. Ona görə uşaqların sağlamlığını qorumaq üçün bu kimi məhsullardan birmənalı şəkildə uzaq durmaq lazımdır".

Qida Təhlükəsizliyi Agentliyinin Elmi Araşdırmalar Mərkəzi departamentinin Elmi-tədqiqat və risklərin qiymətləndirilməsi şöbəsinin baş mütəxəssisi Cəmilə Hacızadə deyir ki, erkən uşaqlıq dövründə formalaşan qidalanma vərdişləri onun gələcəkdə qidalanma rasionu və sağlamlığı üçün vacib hesab edilir. Uşaqlar böyüdükcə onlarda həmin vərdişləri dəyişdirmək çətinləşir. Belə ki, uşaqların daha çox vaxt keçirdiyi ev və bağça kimi mühitlər onların qidalanma vərdişlərinin formalaşmasında mühüm yer tutur:

"Uşaqlar çox vaxt böyüklərin davranışlarını təqlid etdiyi üçün evdəki qidalanma mühiti və vərdişlər onların qida rasionuna və nəticə etibarı ilə sağlamlığına təsir göstərir. Xüsusilə, valideynlər uşaqların qidalanma vərdişlərinə əsaslı təsir göstərsələr də, bağçaya gedən azyaşlılar bağçanın qidalanma mühitindən də təsirlənirlər. Ona görə də məktəbəqədər yaşlı uşaqların qidalanmasına həm evdə, həm də bağçada ciddi fikir verilməlidir. Onların qidalanması zamanı nəzərə alınması vacib olan bir sıra faydalı məsləhətlər var. Uşaqların qidalanması üçün sağlam qəlyanaltılar təşkil etmək, qidalanma zamanı uşaqların diqqətini yeməyə yönləndirmək, onları düzgün olmayan davranışlardan (yeməklə oynamaq, yemək zamanı telefon və digər cihazlarda oyun oynamaq və s.) çəkindirmək, yemək yeyərkən qaçmağın və ya oynamağın qidanın nəfəs borusuna getməsinə səbəbolma riskini nəzərə alaraq yeməyi oturaraq yeməsinə diqqət yetirmək. Uşaqlara yaş qruplarından asılı olaraq əlavə qidaları vaxtında tətbiq etmək, qida qəbulu vaxtını mümkün qədər xoş keçirmək və uşaqları məcburi yedizdirməmək. Bu hal normadan artıq yemək yeyilməsinə və uşaqların çəkisinin kortəbii şəkildə artmasına səbəb ola bilər. Sağlam qidalanma vərdişlərində nümunəvi davranmaq. Belə ki, məktəbəqədər yaşlı uşaqlar adətən valideynlərindən gördüklərini təkrar edirlər. Əgər valideyndə qeyri-sağlam qidalanma vərdişləri varsa, bu uşaqda da özünü büruzə verə bilər. Bunlarla yanaşı, məktəbəqədər yaşlı uşaqların qidalanması zamanı istifadə olunan qida məhsullarına fikir verilməsi də zəruri amillərdəndir".

Nərmin Qarazadə

Seçilən
8
32
azedu.az

10Mənbələr