AZ

Anar Abdullayev məhkəmə zalında həbs edilib

Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin rəhbəri Anar Məmmədli və ictimai fəal Anar Abdullayevin cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

News365.az xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Aygün Qurbanovanın sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı vəsatət qaldırıb.

Dövlət ittihamçısı Anar Abdullayevin polisin nəzarətinə vermə qətimkan tədbirinin dəyişdirilməsini istəyib.

Prokuror vəsatətini təqsirləndirilən şəxsin seçilmiş qətimkan tədbiri qaydalarına əməl etmədiyini əsas gətirib və onun məhkəmə zalında həbs edilməsini istəyib.

Təqsirləndirilən şəxsin vəkili Anar Abdullayevin məhkəmədən anasının xəstə olmasını nəzərə alınmasını istəyib.

Məhkəmə dövlət ittihamçısının vəsatətini təmin edib.

Anar Abdullayev məhkəmə zalında həbs edilib.

Daha sonra dövlət ittihamçısı ittiham aktını elan edib.

Elan olunmuş ittiham üzrə hər iki təqsirləndirilən şəxs özlərini təqsirli bilməyiblər.

Xatırladaq ki, Anar Abdullayev Binəqədi Rayon Məhkəməsinin qərarı ilə 11 iyulda İnzibati Xətalar Məcəlləsinin 535-ci (Polis işçisinin və ya hərbi qulluqçunun qanuni tələbinə qəsdən tabe olmama) və 510-cu (Xırda xuliqanlıq) maddələri ilə inzibati qaydada 30 gün həbs cəzası verilib.

Proses 22 sentyabrda davam etdiriləcək.

Qeyd edək ki, Anar Məmmədli ötən ilin aprel ayında saxlanılıb və məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib. Anar Abdullayev isə aprelin 8-də iş üzrə təqsirli bilinib və barəsində məhkəməyədək polisin nəzarətinə vermə qətimkan tədbiri seçilib.

Qeyd edək ki, onlara qarşı Cinayət Məcəlləsinin 192.3.2, 193-1.3.1, 193-1.3.2, 206.4, 213.2.1, 320.1 və 320.2-ci maddələri ilə ittiham irəli sürülüb.\APA

Seçilən
40
9
news365.az

10Mənbələr