AZ

Azərbaycan Yaxın Şərqdə neytral vasitəçi, etibarlı təchizatçı və çoxvektorlu siyasət yürüdən aktor ŞƏRH

ain.az, Azertag portalına istinadən məlumat yayır.

Bakı, 4 avqust, AZƏRTAC

Azərbaycanın Suriyaya qaz ixracına başlaması bir neçə mühüm geosiyasi, enerji və diplomatik kontekstdə şərh oluna bilər. Bu hadisə, təkcə enerji bazarına deyil, həm də Azərbaycanın Yaxın Şərqdəki mövqeyinə və regional vasitəçilik səylərinə yeni çalarlar əlavə edir.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Mətbuat Şurasının sədr müavini Vüqar Zifəroğlu söyləyib.

Onun sözlərinə görə, Azərbaycanın Suriyaya qaz satmağa başlaması rəsmi Bakının artıq təkcə Avropa və Türkiyə üçün deyil, Yaxın Şərq bazarı üçün də enerji təchizatçısına çevrilməsi deməkdir. Bu isə ölkənin enerji diplomatiyasında yeni mərhələdir: “Qeyd etmək lazımdır ki, qaz ixracı prosesinin özü həm iqtisadi, həm texniki və təhlükəsizlik, həm də geosiyasi baxımdan perspektivlidir. İqtisadi baxımdan, Azərbaycan üçün əlavə qaz bazarının açılması ixracdan gələn gəlirlərin şaxələnməsi deməkdir. Texniki və təhlükəsizlik baxımından, Suriyanın infrastrukturu uzun illər müharibədən zərər çəkməsi diqqətə alınmalıdır. Azərbaycanın burada etibarlı tərəfdaş kimi çıxış etməsi həm enerji bərpasına, həm də təhlükəsizlik sahəsində əməkdaşlığa yol aça bilər. Geosiyasi baxımdan isə bu addım Azərbaycanın Suriya ilə münasibətlərində yeni bir mərhələnin bașlanğıcı və etimadın formalaşması kimi qiymətləndirilə bilər”.

Vüqar Zifəroğlu bildirib ki, Azərbaycanın Yaxın Şərq strategiyası, xüsusilə son illərdə çoxvektorlu diplomatiya üzərində qurulub. Bakı İsraillə yaxın strateji əməkdaşlıq, Türkiyə ilə müttəfiqlik və ərəb dövlətləri ilə iqtisadi-ticarət əlaqələri fonunda balanslı mövqe sərgiləyir. Suriyaya qaz ixracı bu strategiyanın yeni sütunu ola bilər.

“Son günlərdə Azərbaycanın İsrail-Türkiyə və İsrail-Suriya təmaslarına vasitəçilik etməsi, Bakının bölgədə konfliktlərin aradan qaldırılmasında rolu olan neytral platforma kimi tanındığını göstərir. Bu baxımdan, Suriyaya qaz ixracı Azərbaycanın bu ölkə ilə münasibətlərini normallaşdırma istiqamətində konkret addım kimi qəbul edilə bilər və vasitəçilik üçün siyasi kapital yaradır. İsrail-Suriya dialoqu üçün Bakı həm etibarlı, həm də maraqlar balansını qoruya bilən bir ölkə kimi görünür. Azərbaycanın İsraillə yüksəksəviyyəli əlaqələri və eyni zamanda, Suriyaya qaz ixracı, Bakının ikili etimad modelini formalaşdırdığını göstərir”, - deyə Mətbuat Şurasının sədr müavini vurğulayıb.

O qeyd edib ki, Azərbaycanın Suriyaya qaz ixracına başlaması təkcə iqtisadi layihə deyil, həm də regional diplomatiyanın mühüm alətidir. Bakı Yaxın Şərqdəki mürəkkəb oyunçular arasında neytral vasitəçi, etibarlı təchizatçı və çoxvektorlu siyasət yürüdən aktor kimi çıxış edir. Əgər bu dinamika davam edərsə, Azərbaycan yaxın illərdə Yaxın Şərqdə regional sabitlik və enerji təhlükəsizliyi sahəsində nüfuzlu oyunçuya çevrilə bilər.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
38
2
azertag.az

10Mənbələr