ABŞ Prezidenti Donald Trampın bu cümə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyanı Ağ Evdə qəbul edəcəyi gözlənilir. Bu barədə Ağ Evə yaxın mənbələr məlumat verib. Bildirilib ki, tərəflər sülh sazişinin bu həftə elan olunması istiqamətində razılığa gələ bilərlər. Trampın vasitəçiliyi ilə sülh sazişi imzalana bilərmi?

Moderator.az-a danışan politoloq Elşad Həsənov bildirib ki, artıq mətbuatda bu istiqamətdə informasiyalar yayılıb. Onun sözlərinə görə, ayın 8-i bir çox məsələlərlə bağlı yaddaqalan olacaq:
“Çünki həmin gün həm də Rusiyaya verilən son vaxt başa çatır. Rusiya həmin gün müharibəni dayandırmalı, atəşkəs elan etməli və Trampın tələbini yerinə yetirməlidir. Bu baş verəcəkmi? Bu sual olaraq qalır.
Əsas məsələ isə Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanmasıdır. Artıq sülh müqaviləsinin maddələri razılaşdırılıb. Biz bütün maddələrlə razıyıq. Lakin Azərbaycanın iki əsas tələbi var: Birinci tələb – ATƏT-in Minsk qrupunun ləğv edilməsidir. Çünki bu problem artıq həll olunub və Ermənistan da bunu qəbul edir. Ermənistan bəyan edib ki, sülh müqaviləsi imzalanan zaman ilk olaraq ATƏT-in Minsk qrupunun fəaliyyətinə son verilməsi ilə bağlı ərizə təqdim edəcək.
İkinci əsas tələb – Ermənistan Konstitusiyasının preambulasında Azərbaycana qarşı ərazi iddialarından imtina olunmasıdır. Bunun üçün Ermənistan Konstitusiyasında dəyişiklik edilməlidir. Artıq Ermənistan mətbuatında və Paşinyanın çıxışlarında dəfələrlə bu fikir səsləndirilib ki, yeni reallıqlara uyğun Konstitusiya hazırlanmalıdır. Bu istiqamətdə danışıqlar gedir, ictimai dinləmələr keçirilir və müvafiq komissiyanın yaradılması ilə bağlı məlumatlar var. Ermənistan bu dəyişiklikləri etməyə məcburdur. Çünki bu, Azərbaycanın əsas tələbidir və başqa çıxış yolu yoxdur.
Ermənistan Konstitusiyasında dəyişikliklər gələn ilin iyununa qədər, yaxud həmin gün keçiriləcək parlament seçkiləri zamanı baş tuta bilər. Azərbaycanın əsas tələbi Ermənistanın Azərbaycan torpaqlarına iddialardan imtina etməsidir və məhz bu tələb sülh müqaviləsinin əsas şərtidir”.
E.Həsənov əlavə edib ki, ABŞ Prezidenti Donald Trampın vasitəçiliyi və iştirakı ilə belə bir sülh sazişinin imzalanması Cənubi Qafqazda geosiyasi vəziyyətin kökündən dəyişməsindən xəbər verir:
“Artıq demək olar ki, Rusiya Cənubi Qafqazdan çıxarılıb. Sadəcə, hələlik Ermənistan ərazisində müəyyən mövcudluğu qalır.
Ermənistan Baş naziri Nikol Paşinyan hakimiyyətə gəldikdən sonra Rusiyadan uzaqlaşmaq üçün ciddi addımlar atıb və buna müəyyən mənada nail olub. Məsələn, ötən il Ermənistanda Varnes aeroportundan Rusiya hərbçilərinin çıxarılması təmin edilib. Həmçinin İranla sərhəddəki nəzarət-buraxılış məntəqələrindən də rus qüvvələrinin çıxarılmasına nail olunub. Bu da Ermənistandakı rus hərbi varlığının azaldılması baxımından mühüm addımlar kimi qiymətləndirilə bilər.
Lakin Rusiya hələ də Gümrüdəki 102-ci hərbi bazasını saxlayır və son dövrlər Rusiya tərəfindən bu bazaya əlavə hərbi qüvvələrin və silahların göndərilməsi ilə bağlı məlumatlar yayılıb. Bu isə bölgədə vəziyyətin bir qədər gərginləşməsinə səbəb olur.
Əgər Tramp bu prosesə ciddi şəkildə daxil olarsa, Cənubi Qafqazda yeni geosiyasi düzən formalaşa bilər. Burada ABŞ-ın ən yaxın müttəfiqi olan Türkiyənin də rolu böyükdür. Türkiyə Cənubi Qafqazda artıq kifayət qədər güclənib və möhkəmlənib. Azərbaycanla strateji müttəfiqdir, Gürcüstanla da sıx siyasi və iqtisadi əlaqələr qurub. Türkiyə biznesi Gürcüstanda geniş vüsət alıb və bu da bölgədə Türkiyənin təsirini artırır.
Baxmayaraq ki, bu gün Gürcüstandakı hakimiyyət Rusiya yönümlü siyasət yürüdür, yenə də Türkiyəyə daha çox inam və dəstək müşahidə olunur. Gürcü cəmiyyəti və elitası Türkiyənin mövqeyinə daha çox dəyər verir. Bu da onu göstərir ki, bölgədə Türkiyənin nüfuzu artmaqdadır”.
Elşad Həsənov vurğulayıb ki, Tramp Cənubi Qafqazda məhz Türkiyə vasitəsilə sözünü deməyə hazır olduğunu nümayiş etdirir. Bu, həm də Rusiyaya ünvanlanan siyasi bir mesajdır. Rusiya hazırda Ukrayna ilə müharibəyə fokuslandığından Cənubi Qafqazdakı təsirini itirməkdədir:
“Azərbaycan və Ermənistan bu prosesdə öz maraqları istiqamətində hərəkət edir, Gürcüstan isə Azərbaycanın apardığı siyasəti dəstəkləməlidir. Belə bir vəziyyətdə, əgər avqustun 8-də Ağ Evdə Trampın iştirakı ilə sülh müqaviləsi imzalansa, bu, həm Azərbaycanın, həm Ermənistanın, həm də Türkiyənin qələbəsi olacaq.
Bu qələbənin məğzində isə Trampın dəstəyi və vasitəçiliyi dayanır. Xatırlatmaq lazımdır ki, Tramp ikinci dəfə prezidentliyə gələndə demişdi: “Mən müharibələrin qarşısını alacağam, sülh yaradacağam”. Bu istiqamətdə o, fəaliyyət göstərir. Rusiya-Ukrayna müharibəsinin dayandırılması üçün də Tramp avqustun 8-nə qədər vaxt tanıyıb. Bəlkə də həmin vaxta qədər Rusiya müəyyən reallıqları anlayacaq və atəşkəsə razılaşacaq. Bütün bu proseslər isə Trampın dünyada sülhpərvər və qətiyyətli lider obrazını gücləndirir.Trampın ən çox arzuladığı məsələ – özünü dünyanın prezidenti kimi göstərməkdir. O, təkcə ABŞ-ın deyil, dünyanın lideri olmaq istəyir və buna görə də Nobel Sülh Mükafatını almaq niyyətindədir.
Qeyd edək ki, ABŞ-ın bir neçə prezidenti, o cümlədən sonuncu dəfə Barak Obama bu mükafata layiq görülüb. Tramp isə Obamanın işlərini zaman-zaman tənqid etsə də, özü də sülh proseslərinə vasitəçilik etməklə Nobel Sülh Mükafatını qazanmaq istəyir. Bu məqsədlə bir sıra beynəlxalq münaqişələrin həllində rol almağa çalışır. Məsələn, o, Kamboca və Tayland arasında gərginliyin qarşısını alıb. Kamboca dövləti artıq Trampın Nobel Sülh Mükafatına namizədliyini irəli sürüb. Pakistan da bu təşəbbüsə qoşulub. Əgər Tramp Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanmasına nail olsa, Azərbaycan hökuməti də onun Nobel Sülh Mükafatına layiq görülməsi üçün müraciət edə bilər. Bu baş versə, həm regional sabitlik təmin olunar”.
Mehin Mehmanqızı