Avqustun 8-də ABŞ Prezidenti Donald Trampın Azərbaycan və Ermənistan liderlərini Ağ Evdə qəbul edəcəyi xəbər verilir.
Üçtərəfli görüşdə Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin əldə olunması istiqamətində sənədi imzalayacaqlar. Hazırkı mərhələdə söhbət yekun sülh müqaviləsindən deyil, çərçivə sənədindən gedir.
Britaniyanın “Middle East Eye” nəşri isə Vaşinqtonda qeyd edir ki, Prezident İlham Əliyev və Baş nazir Nikol Paşinyan sülh naminə çalışmağa söz verən anlaşma memorandumu imzalayacaqlar.
Adıçəkilən nəşrin yazdığına görə, iki lider Trampa diplomatik qələbə qazandıracaq sülh sazişi layihəsi deyil, niyyət məktubu imzalayacaq.
ABŞ Respublikaçılar Partiyasından olan senator Stiv Deyns “The Wall Street Journal” qəzetinə yazdığı məqaləsində Tramnpın iştirakı ilə Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanacağını yazır.
“ABŞ Prezidenti Trampın təşəbbüsü ilə Cənubi Qafqaz ölkələri olan Ermənistanla Azərbaycan arasında sülh sazişi imzalanmaq ərəfəsindədir”.
“Bu, mühüm nailiyyət olacaq, regional və beynəlxalq sülhə, eləcə də iştirakçı ölkələrin hüdudlarından kənara çıxan iqtisadi faydalara töhfə verəcək, sabitliyə doğru daha bir addım olacaq”, - deyə senator bildirib.
Qeyd edək ki, Ağ Evdə Azərbaycanla Ermənistan arasında imzalanacaq sənədin sülh müqaviləsi olacağını söyləmək tezdir.
Çünki Ermənistan Konstitusiyasından Azərbaycana qarşı ərazi iddialarına hüquqi cəhətdən xitam verilmədən hər hansı sülh sazişindən danışmaq mümkün deyil.
Lakin Vaşinqtonda niyyət məktubunun imzalanması ilə tərəflər arasında sülh müqaviləsinin mətninin paraflanması başa çatacaq. Bu daha çox niyyət protokoludur və bəyannamə xarakterli olduğundan məcburi hüquqi öhdəlik yaratmır. Amma Ağ Evdə imzalanacaq sənəd iki ölkə arasında sülh prosesini sürətləndirə bilər. Belə ki, niyyət məktubunun imzalanması Azərbaycanın işğal altındakı anklav kəndlərinin geri qaytarılmasına təkan vermiş olar. Eləcə də, sərhədlərin delimitasiyası və demarkasiyası prosesinin sürətlənəcəyi istisna edilmir.
Vaşinqton görüşünə Nikol Paşinyan Tramp administrasiyası ilə yaxınlaşmaq və Qərbdə siyasi mövqeyini gücləndirmək vasitəsi baxır. Bu isə Paşinyana 2026-cı il iyunun 7-də keçiriləcək parlament seçkiləri qabağı Rusiyanın və müxalifətin təzyiqlərindən müdafiə olunmaq imkanı yaradır.
Yəni Azərbaycanla sülhə nail olmaq səyləri Rusiya dəstəkli müxalifətin və kilsənin Paşinyana qarşı etirazlarına səbəb olacaq. Xüsusilə də Paşinyanın Konstitusiya referendumu keçirməyə razılaşması Ermənistanda siyasi qarşıdurmanı daha da gərginləşdirə bilər. Bu səbəbdən, Tramp administrasiyasının sülh prosesində Paşinyana dəstək verməsi onun hakimiyyətini yarana biləcək təhlükədən siyasi cəhətdən sığortalamış olar.
Lakin ABŞ Prezidentinin Azərbaycanla Ermənistan arasında sülh yaratmaq təşəbbüsünün problemi birməanlı şəkildə həll edəcəyini söyləmək çətindir. Çünki tam sülhə nail olmaq üçün Ermənistan Konstitusiyandan Azərbaycana qarşı ərazi iddiaları çıxarılmalı, Zəngəzur dəhlizi açılmalıdır.
Bundan başqa Ermənistan Azərbaycanın ərazi bütövlüyünü de-yure tanımalıdır. Rəsmi Vaşinqtonun təklif etdiyi sülh variantı isə daha çox prezidentin siyasi reytinqini artırmağa hesablanıb. ABŞ Prezidenti özünü dünyada münaqişələrə son qoyan və sülh tərəfdarı kimi təqdim edir. Lakin Tramp hələlik buna istədiyi qədər nail ola bilməyib.
Onun əsas hədəfi Rusiya və Ukrayna arasında müharibəni dayandırmaq olsa da, diplomatik cəhdləri uğursuz oldu. Ukraynanın qiymətli minerallarının istismarına dair ABŞ ilə imzalanmış saziş də bu müharibəni dayandıra bilmədi. Tramp iyunun 28-də Ağ Evdə Konqo Demokratik Respublikası və Ruanda arasında sülh müqaviləsinin imzalanmasında iştirak edib. Həmin saziş də hər iki ölkənin faydalı qazıntılarının ABŞ-yə verilməsini nəzərdə tutur. Bu kimi üsullar isə sülhün dayanıqlı olmasını təmin edə bilməz.