AZ

KREML TƏŞVİŞDƏ: Rusiyanın neft-qaz gəlirləri azalır

Rusiyanın iyul ayı üzrə neft-qaz gəlirləri 787,3 milyard rubl təşkil edib ki, bu da 2024-cü ilin iyul ayı ilə müqayisədə 28% azalma deməkdir.

Bizim.Media xəbər verir ki, bu barədə “The Moscow Times” Rusiyanın Maliyyə Nazirliyinə istinadən xəbər yayıb.

Qeyd olunur ki, Rusiya büdcəsinə neft və qaz ixracından daxilolmalar artıq ardıcıl üçüncü aydır ki, azalır.

2025-ci ilin ilk yeddi ayında ötən ilin eyni dövrü ilə müqayisədə Rusiya Federasiyasının neft-qaz gəlirləri 19% və ya 1,2 trilyon rubl azalıb – 5,52 trilyon rubla düşüb.

İyulda faydalı qazıntıların hasilatı vergisindən daxilolmalar isə daha ciddi azalma ilə müşahidə olunub – 2024-cü ilin iyulu ilə müqayisədə 38% azalıb, 634,1 milyard rubla düşüb. Bunun 543,4 milyard rublunu neft şirkətləri ödəyib – bu da ötən ilin iyulu ilə müqayisədə 36% azalma deməkdir.

Bu azalmaya səbəb kimi neftin ucuzlaşması, “Qazprom”un Avropa İttifaqına qaz ixracının azalması və rublun möhkəmlənməsi göstərilir.
 

Yaranmış vəziyyət Maliyyə Nazirliyini büdcəyə düzəliş etməyə məcbur edib. Əvvəlcə nazirlik cari il üçün 10,94 trilyon rubl neft-qaz gəliri nəzərdə tutmuşdu. Bu məbləğin 1,8 trilyon rublla Milli Rifah Fondunu dolduracağı planlaşdırılırdı. Qeyd edək ki, bu fondun vəsaitləri Rusiya-Ukrayna müharibəsinin maliyyələşdirilməsi üçün istifadə olunur.


İndi isə Rusiya Maliyyə Nazirliyi cəmi 8,32 trilyon rubl neft-qaz gəliri gözləyir. Bu da hökuməti Milli Rifah Fondundan vəsait xərcləməyə davam etməyə vadar edəcək. Həmin fond tammiqyaslı müharibənin başlanğıcından bəri demək olar ki, üçdəbir azalıb – hazırda təxminən 4 trilyon rubl təşkil edir.

Bizim.Media

Seçilən
5
6
bizim.media

9Mənbələr