
“Birgə Bəyannamənin 2-ci və 3-cü bəndlərində birbaşa Azərbaycanın Ermənistanla sülh sazişini imzalaması üçün əsas şərt kimi irəli sürdüyü iki haqlı tələbin qəbul olunduğunu təsdiqləyən ifadələrin yer alması, bu sənədin ölkəmizin maraqlarına tam cavab verdiyini nümayiş etdirir. Bunlardan biri ATƏT-in Minsk qrupunun rəsmi qaydada ləğv olunması ilə bağlı tələb idi. Bəyannamənin 2-ci bəndində isə Azərbaycan və Ermənistanın xarici işlər nazirləri tərəfindən ATƏT-in Minsk Prosesi və onunla əlaqəli strukturlarının bağlanmasına dair birgə müraciətin imzalanması təsdiqlənir. Bəyanatda ATƏT-in bütün iştirakçı dövlətlərinə bu qərarı qəbul etməyə dair çağırışı da öz əksini tapıb. Azərbaycanın təkid etdiyi digər bir məsələ də Zəngəzur dəhlizinin açılması ilə bağlı idi. Birgə Bəyannamədə göstərilir ki, regionda və onun qonşuluğunda dövlətlərin suverenliyi, ərazi bütövlüyü və yurisdiksiyasına hörmət əsasında sülhün, sabitliyin və rifahın təşviqi üçün iki ölkə arasında ölkədaxili, ikitərəfli və beynəlxalq nəqliyyatın fəaliyyəti məqsədilə kommunikasiyaların açılmasının əhəmiyyəti təsdiq edilir. Bu səylər Azərbaycan Respublikasının əsas hissəsi və Naxçıvan Muxtar Respublikası arasında maneəsiz bağlantını və Ermənistan Respublikası üçün beynəlxalq və ölkədaxili bağlantılar üzrə qarşılıqlı faydaları ehtiva edir. Diqqətəlayiq haldır ki, cənab Prezident İlham Əliyev imzalanmış Bəyannamədə “Tramp Rifah və Sülh Marşrutu” kimi adlandırılan yolun bir çox divarları yox edəcəyini, yeni əlaqələr yaradacağını və bir sıra ölkələr üçün investisiya, sərmayə, sabitlik və rifah baxımından böyük imkanlar açacağını vurğulayıb. Prezident İlham Əliyevin Vaşiqton səfərinin nəticəsi kimi əldə olunmuş daha bir uğuru xüsusi qeyd etmək istəyirəm. Söhbət 33 ildən bəri Azərbaycan-ABŞ münasibətlərində qara ləkə kimi duran bədnam 907-ci düzəlişin ləğv olunmasından gedir. Dövlət başçımızın dediyi kimi, bu, tarixi bir hadisədir və onun birbaşa Azərbaycan Prezidentinin iştirakı ilə həyata keçirilməsi “Ağ ev”in ölkəmizə qarşı xoş niyyətinin aşkar nümayişi kimi qiymətləndirilməlidir”.