AZ

Azərbaycan Prezidentinin Vaşinqtona səfəribölgədə yeni reallıqların əsasını qoydu - Kəmaləddin Qafarov

ABŞ Prezidenti Donald Trampın Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanması istiqamətində atdığı addımlar "Ağ ev" rəhbərinin Cənubi Qafqazda sülhün və əmin-amanlığın bərpasına yüksək həssaslıqla yanaşdığını deməyə əsas verir.

Day.Az xəbər verir ki, bu fikirləri mətbuata verdiyi açıqlamasında Milli Məclisin deputatı Kamaləddin Qafarov səsləndirib.

Onun fikrincə,  Prezident İlham Əliyevin Vaşinqtonda ABŞ Prezidenti Donald Tramp və Ermənistanın Baş naziri Nikol Paşinyan ilə mətbuata birgə verdiyi bəyanatında  qeyd edildiyi kimi, Prezident Tramp və onun komandası olmasaydı, bu gün Ermənistan və Azərbaycan hələ də tükənməyən  danışıqlar prosesində qalardı. ""Prezident Donald Tramp Qafqaza sülh gətirir" deyən möhtərəm dövlət başçımız bununla ABŞ Prezidentinin fəaliyyətinə verdiyi yüksək dəyəri nümayiş etdirmiş oldu.  

Azərbaycan Prezidentinin Vaşinqtona bu səfəri Ermənistan ilə sülh sazişinin imzalanması istiqamətində atılmış həlledici addım olmaqla yanaşı, eyni zamanda, Azərbaycan-ABŞ əlaqələrinin inkişafında yeni, daha yüksək və daha səmərəli mərhələyə keçidi təmin edəcək. Azərbaycan və ABŞ prezidentləri tərəfindən  Azərbaycan Respublikası ilə Amerika Birləşmiş Ştatları arasında Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanması məqsədilə Strateji İşçi Qrupunun yaradılması haqqında Azərbaycan Respublikası Hökuməti və Amerika Birləşmiş Ştatları Hökuməti arasında Anlaşma Memorandumunun imzalanması da bunu birmənalı olaraq təsdiq edir."   

Daha sonra millət vəkili avqustun 8-də Vaşinqtonda imzalanmış Birgə Bəyannamənin bütünlüklə Azərbaycanın maraqlarına uyğun olduğunu və bu sənədin Ermənistanla sülh sazişinin imzalanması yolunda duran son maneələrin aradan qaldırılması baxımından əhəmiyyətini vurğulayaraq  deyib: "Birgə Bəyannamənin 2-ci və 3-cü bəndlərində birbaşa Azərbaycanın Ermənistanla sülh sazişini imzalaması üçün əsas şərt kimi irəli sürdüyü iki haqlı tələbin qəbul olunduğunu təsdiqləyən ifadələrin yer alması, bu sənədin ölkəmizin maraqlarına tam cavab verdiyini nümayiş etdirir. Bunlardan biri ATƏT-in Minsk qrupunun rəsmi qaydada ləğv olunması ilə bağlı tələb idi. Bəyannamənin 2-ci bəndində isə Azərbaycan və Ermənistanın xarici işlər nazirləri tərəfindən ATƏT-in Minsk Prosesi və onunla əlaqəli strukturlarının bağlanmasına dair birgə müraciətin imzalanması təsdiqlənir.

Bəyanatda ATƏT-in bütün iştirakçı dövlətlərinə bu qərarı qəbul etməyə dair çağırışı da  öz əksini tapıb. Azərbaycanın təkid etdiyi digər bir məsələ də Zəngəzur dəhlizinin açılması ilə bağlı idi. Birgə Bəyannamədə göstərilir ki, regionda və onun qonşuluğunda dövlətlərin suverenliyi, ərazi bütövlüyü və yurisdiksiyasına hörmət əsasında sülhün, sabitliyin və rifahın təşviqi üçün iki ölkə arasında ölkədaxili, ikitərəfli və beynəlxalq nəqliyyatın fəaliyyəti  məqsədilə kommunikasiyaların açılmasının əhəmiyyəti təsdiq edilir.

Bu səylər Azərbaycan Respublikasının əsas hissəsi və  Naxçıvan Muxtar Respublikası arasında maneəsiz bağlantını və Ermənistan Respublikası üçün beynəlxalq və ölkədaxili bağlantılar üzrə qarşılıqlı faydaları ehtiva edir. Diqqətəlayiq haldır ki, cənab Prezident İlham Əliyev imzalanmış Bəyannamədə "Tramp Rifah və Sülh Marşrutu" kimi adlandırılan yolun  bir çox divarları yox edəcəyini, yeni əlaqələr yaradacağını və bir sıra ölkələr üçün investisiya, sərmayə, sabitlik və rifah baxımından böyük imkanlar açacağını vurğulayıb.  Prezident İlham Əliyevin Vaşiqton səfərinin nəticəsi kimi əldə olunmuş daha bir uğuru xüsusi qeyd etmək istəyirəm. Söhbət 33 ildən bəri Azərbaycan-ABŞ münasibətlərində qara ləkə kimi duran bədnam 907-ci düzəlişin ləğv olunmasından gedir. Dövlət başçımızın dediyi kimi, bu, tarixi bir hadisədir və onun birbaşa Azərbaycan Prezidentinin iştirakı ilə həyata keçirilməsi "Ağ ev"in ölkəmizə qarşı xoş niyyətinin  aşkar nümayişi kimi  qiymətləndirilməlidir".

Seçilən
18
13
day.az

10Mənbələr