“ABŞ Prezidenti Donald Trampın Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanması istiqamətində atdığı addımlar “Ağ ev” rəhbərinin Cənubi Qafqazda sülhün və əmin-amanlığın bərpasına yüksək həssaslıqla yanaşdığını deməyə əsas verir”.
Publika.az xəbər verir ki, bu fikirləri mətbuata verdiyi açıqlamasında Milli Məclisin deputatı Kamaləddin Qafarov səsləndirib.
Onun fikrincə, Prezident İlham Əliyevin Vaşinqtonda ABŞ Prezidenti Donald Tramp və Ermənistanın Baş naziri Nikol Paşinyan ilə mətbuata birgə verdiyi bəyanatında qeyd edildiyi kimi, Prezident Tramp və onun komandası olmasaydı, bu gün Ermənistan və Azərbaycan hələ də tükənməyən danışıqlar prosesində qalardı. ““Prezident Donald Tramp Qafqaza sülh gətirir” deyən möhtərəm dövlət başçımız bununla ABŞ Prezidentinin fəaliyyətinə verdiyi yüksək dəyəri nümayiş etdirmiş oldu. Azərbaycan Prezidentinin Vaşinqtona bu səfəri Ermənistan ilə sülh sazişinin imzalanması istiqamətində atılmış həlledici addım olmaqla yanaşı, eyni zamanda, Azərbaycan-ABŞ əlaqələrinin inkişafında yeni, daha yüksək və daha səmərəli mərhələyə keçidi təmin edəcək. Azərbaycan və ABŞ prezidentləri tərəfindən Azərbaycan Respublikası ilə Amerika Birləşmiş Ştatları arasında Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanması məqsədilə Strateji İşçi Qrupunun yaradılması haqqında Azərbaycan Respublikası Hökuməti və Amerika Birləşmiş Ştatları Hökuməti arasında Anlaşma Memorandumunun imzalanması da bunu birmənalı olaraq təsdiq edir.”