AZ

Türkiyəli ekspert: Azərbaycan və Ermənistan liderlərinin Vaşinqton görüşü regionda normallaşma üçün ciddi şansdır

Ankara, 11 avqust, AZƏRTAC

Azərbaycan, Ermənistan və ABŞ liderlərinin Ağ evdəki görüşünün nəticələri bölgədə münasibətlərin normallaşması üçün ciddi şans ola bilər ki, bu da Türkiyənin şərq əyalətləri üçün yaxşı iqtisadi fayda vəd edir. Terror probleminin aradan qaldırılması və regionda münasibətlərin normallaşması Türkiyə ərazisinin bu hissəsinin inkişafında yeni sıçrayışın əsasını təşkil edəcək.

AZƏRTAC xəbər verir ki, bu fikri Türkiyə Araşdırmalar Vəqfinin sədr müavini, Türk-Alman Universitetinin (TAÜ) professoru Enes Bayraklı ifadə edib.

Onun sözlərinə görə, ABŞ-ın Cənubi Qafqazda nəqliyyat layihələrində iştirakından Türkiyəyə dəyəcək ziyanla bağlı iddiaların heç bir əsası yoxdur. “Beynəlxalq münasibətlərdə əsas olan münasibətlərin düzgün balansını formalaşdırmaq və onları məharətlə tənzimləməkdir. Ankara Cənubi Qafqazdakı prosesləri öz maraqları məcrasına yönəltməlidir”, -deyə E.Bayraklı bildirib.

Professor qeyd edib ki, Ağ evdəki görüşün müsbət nəticələrindən biri Fransanın Cənubi Qafqazda təsirinin azalması olub. TAÜ professoru hesab edir ki, ATƏT-in Minsk qrupunun ləğvi Parisi regionda təsir alətindən məhrum edəcək.

Ramin Abdullayev

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

Seçilən
25
50
azertag.az

10Mənbələr