Məlum olduğu kimi, Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramovun cari ilin iyun ayında Keniyaya rəsmi səfərinin nəticəsində iki ölkənin parlamentləri arasında əməkdaşlığın daha da gücləndirilməsi və dostluq qrupunun yaradılması müzakirə edilmiş məsələlərdən biri olub.
Operativ Media xəbər verir ki, bu barədə Azərbaycanın Keniyadakı səfirliyi məlumat yayıb.
Bu məqsədlə, Azərbaycan Respublikasının Milli Məclisi və Keniya Senatı arasında dostluq qrupunda iştirak edəcəyi ehtimal edilən Keniya Senatının üzvləri Stevart Madzayo, Tabitha Mutinda və Hamida Kibvana Azərbaycan Respublikasının Keniyadakı səfirliyini ziyarət ediblər.
Səfir Sultan Hacıyev senatorları Ulu Öndər Heydər Əliyevin siyasi kursuna əsaslanan inkişaf yolu və azad edilmiş ərazilərdə bərpa və yenidənqurma işləri haqqında məlumatlandırıb.
Qoşulmama Hərəkatında Azərbaycanın sədrliyi dövründə fəaliyyətinin və parlament diplomatiyasının önəmi, COP29-a ev sahibliyi zamanı irəli sürülmüş təşəbbüslər, eləcə də, WUF13-ə hazırlıq planları haqqında məlumat verilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp və Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyanın keçən həftə Vaşinqtonda imzaladığı Birgə Bəyannamənin həm Azərbaycan və Ermənistan arasında, həm də ümumilikdə regionda sülh və inkişaf üçün tarixi əhəmiyyəti haqqında ətraflı məlumat verilib.
Tərəflər görüş zamanı Azərbaycanın Milli Məclisi və Keniyanın Senatı arasında yaradılacaq əməkdaşlığın ölkələr arasında inkişaf etməkdə olan əlaqələrin dinamikasına müsbət töhfə verəcəyinə ümidvar olduqları vurğulayıblar.