AZ

Rusiyada matəm günü Rəşid Behbudova görə dəyişibmiş Müslüm Maqomayev FENOMENİ

Modern.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

1996-cı ilin yay ayları idi. Biz Şüvəlanda bağda idik. İşdən mənə zəng etdilər ki, rejissor Eldar Quliyev səni axtarır. Mən onda Dövlət Televiziyasının "Azərbaycantelefilm" Yaradıcılıq Birliyində işləyirdim. Eldar müəllim ev və iş telefonunu saxlamışdı. Mən zəng elədim, Eldar müəllim dəstəyi götürdü, adımı eşidən kimi soruşdu:

"Siz hardasız? Mən neçə gündü səhər, axşam, gündüz, gecə zəng edirəm telefona cavab verən yoxdur. Evinizə adam göndərmişəm, qapını açan yoxdur." 

Cavabinda dedim ki, Eldar müəllim yaydı, bağdayıq. O isə "Amma mən şəhərdəyəm, işləyirəm, dincəlməyə vaxtım yoxdu"- dedi və bağdan nə vaxt köçəcəyimizlə maraqlandı. Dedim ki, sentyabrın 10-12-i köçərik şəhərə. Eldar Quliyev "Şəhərə köçən kimi mənimlə əlaqə saxla, sentyabrın 15-dən gec olmasın" -dedi və sağollaşdıq. 

Açığı bu müəmmalı zəngin səbəbini başa düşmədim. Evdəkilər də maraqlananda dedim ki, heç nə başa düşmədim və telefon danışığımızı olduğu kimi onlara da söylədim. Onlar da maraq içində qalmışdılar və "niyə heç nə soruşmadın" deyib bu zəngi yüz yerə yozdular.

Sentyabrda şəhərə qayıdandan bir-iki gün sonra Eldar Quliyevlə əlaqə saxladım və bildirdim ki, artıq bağdan qayıtmışıq. Növbəti gün axşam telefon zəng çaldı və dəstəyi Ceyran xanım götürən kimi bərkdən "Müslüm, əzizim, nə xoş oldu zənginiz"-deyəndə başa düşdük ki, zəng edən Müslüm Maqomayevdir. Xeyli danışdılar, xatirələri yada saldılar. Ceyran xanımın tez-tez "çox sağ olun, əziz Müslüm, biz sizə çox minnətdarıq" deməsindən məlum idi ki, nəsə çox maraqlı xəbər olacaq. Ceyran xanım sağollaşıb dəstəyi asandan sonra bizə söylədi ki, Müslüm Moskvada ən yüksək səviyyədə Rəşidin xatirə gecəsini keçirməyi planlaşdırır və xahiş edir ki, noyabr ayının ikinci yarısına heç bir iş planlaşdırmayaq.

Gecənin quruluşçu rejissoru Eldar Quliyev təyin olunmuşdu. Bir neçə gün sonra Eldar Quliyev evimizə gəldi və gecə yarısına qədər bir çox nüansları müzakirə etdik. Eldar müəllim Rəşidə xanıma da tövsiyyə etdi ki, bir neçə musiqi əsəri hazırlasın, Siyavuş Kərimi həmin əsərləri aranjiman edəcək.  

Tədbir Moskvada noyabrın 18-də "Rossiya" konsert zalında keçiriləcəkdi. Biz artıq hər gün Eldar Quliyevlə təmasda idik. Hazırlıq işləri sürətlə gedirdi. Arxiv kino lentləri, şəkillər seçilirdi. Siyavuş Kərimi Rəşidə xanımla musiqi nömrələri üzərində çalışırdılar. Müslüm Maqomayev həftədə 2-3 dəfə zəng edərək işlərin gedişi ilə maraqlanırdı. Belə danışıqların birində mən Müslüm Maqomayevə bu tarixi hadisənin mütləq lentə almağın vacibliyini dedim. Görkəmli sənətkar gülümsəyərək "Mən bütün məsələləri həll etmişəm. "Rossiya" dövlət kanalı gecəni əvvəldən axıra lentə alacaq"-dedi. Müslüm Maqomayev bu tədbirin rəhmərlik Heydər Əliyevin dəstəyi və hərtərəfli köməyi ilə keçirildiyini söylədi. Buna baxmayaraq mən o zaman işlədiyim 

"Azərbaycantelefilm" Yaradıcılıq Birliyinin direktoru, çox böyük təşkilatçı, gözəl insan, istedadlı rejissor Nazim Abbasova bu haqda məlumat verdim və xahiş etdim ki, Azərbaycandan da çəkiliş qrupu göndərilsə yaxşı olar. Həmin dövrdə Nizami Xudiyev Azərbaycan Teıeviziyasına təzə sədr təyin olunmuşdu. Mən hələ onunla tanış deyildim. Nazim müəllim Nizami Xudiyevlə danışacağını bildirdi. Növbəti gün Nazim müəllim dedi ki, Nizami Xudiyev razılıq verib və nə lazımdırsa etməyi tapşırıb. 

1996-cı il noyabrın 14-də Bakıdan böyük nümayəndə heyəti ilə Moskvaya uçduq. Tədbir noyabrın 18-nə planlaşdırılmışdı. Azərbaycandan "Qaya" qrupu, "Bakılı oğlanlar" ŞHC komandası, Brilyant Dadaşova, Siyavuş Kəriminin rəhbərliyi ilə estrada ansamblı, televiziyadan bu günlərdə haqq dünyasına qovuşan Vüqar Tapdıqlı, operatorlar Vaqif Behbudov və Oktay Əlizadə, tədbirin rejissoru Eldar Quliyev və biz ailəliklə birlikdə gəldik Moskvaya. Fidan və Xuraman Qasımova bacıları o vaxtlar Türkiyədə işləyirdilər. Müslüm Maqomayev onları da Moskvaya dəvət etmişdi. Domodedova aeropotundan şəhərə, Azərbaycan Respublikasının RF-da səfirliyinin qonaq evinə gələndə Moskvanın bütün küçələrində asılmış "Müslüm Maqomayev Rəşid Behbudov Ulduzu xatirə gecəsinə dəvət edir" afişalarını gördükcə fərəh, qürur hissi keçirirdik.

Səfirliyin qonaq otağında yerləşdik. Axşam Müslüm Maqomayev və Azərbaycanın RF-da fövqəladə və səlahiyyətli səfiri, akademik Ramiz Rizayev Rəşid Behbudovun ailəsinin ziyarətinə gəldilər. Müslüm Maqomayev çox həyəcanlı idi. O dövrün ən tanınmış, ən məşhur sənətkarlarını titanik əməyi ilə bir araya toplamışdı. Ümummilli Lider Heydər Əliyev və Rusiya Federasiyasının Prezidenti Boris Yeltsin də gecədə iştirak edəcəkdilər. Bu səbəbdən də xatirə gecəsinin məsuliyyəti ölçüyə gəlməz dərəcədə yüksək idi. Səfir Ramiz Rizayev də Prezident Heydər Əliyevin səfəri ilə əlaqədar təşkilati işlərin yüksək səviyyədə həyata keçirilməsi qayğıları ilə məşğul idi. Müslüm Maqomayev və Ramiz Rizayev bizə yol gəldiyimiz səbəbindən xoş istirahət arzulayaraq sağollaşıb getdilər. Səhəri gün bizimlə gələn çəkiliş qrupu Moskva küçələrində asılmış afişaları, şəhər görüntülərini, moskvalılardan Rəşid Behbudovla bağlı müsahibələr almaq üçün getdilər. Mən isə Müslüm Maqomayevlə "Rossiya" konsert zalına gəldik. Bizi "Rossiya" zalının musiqi baş redaktoru əfsanəvi Mariya Mulyaş qarşıladı. Moldav kökənli bu bəstəboy, gülərüz xanım Müslüm Maqomayevin çox yaxın dostlarından idi. Hələ gənclik illərindən səmimi münasibətləri var idi. Səhnəyə qalxdıq, Müslüm Maqomayev o dövrün məşhur rəssamı Krasnovla dekorasiyanın son detalıarını müzakirə etdi. İşıq rəssamına, səs rejissoruna tapşırıqlarını verdi. Eldar Quliyevlə musiqi nömrələrinin ardıcıllığını müzakirə etdi və geri qayıtdıq. Müslüm Maqomayev Moskvanın mərkəzində, Azərbaycan Respublokasının RF-da səfirliyinin binası ilə üzbəüz binada yaşayırdı. Bu ev ona əmisi, vaxtı ilə Azərbaycanın Moskvada daimi nümayəndəsi olmuş Cəmaləddin Maqomayevdən qalmışdı. Cəmaləddin Maqomayev hələ körpə yaşlarından Müslümə atasını əvəz etmişdi. Müslüm Maqomayevin atası Maqomed Maqomayev İkinci Dünya müharibəsində müharibənin bitməsinə iki həftə qalmış Berlin ətrafında gedən döyüşlərdə həlak olmuşdu. İstedadlı teatr rəssamı Maqomed Maqomayev 1942-ci ilin oktyabrında, Müslüm iki aylıq körpə olanda könüllü olaraq cəbhəyə getmişdi. Müslüm Maqomayev demək olar ki, atasının üzünü görməmişdi. Atası həlak olandan sonra nənəsi Badigül (Görkəmli bəstəkar Müslüm Maqomayevin həyat yoldaşı-K. Ş.) və əmisi Cəmaləddin Maqomayevin himayəsində böyüyüb boya-başa çatmışdı. Görkəmli dövlət xadimi Cəmaləddin Maqomayev Azərbaycan SSR sənaye naziri, Nazirlər Soveti sədrinin müavini və daha sonra Azərbaycanın Moskvada daimi nümayəndəsi vəzifəlırində çalışmışdı. Müslüm Maqomayevin yaşadığı Moskvanın mərkəzindəki mənzil də əmisindən ona qalmışdı. Cəmaləddin Maqomayevin öz övladı yox idi, Müslümə oğul münasibəti bəsləmişdi.

Biz səfirliyə çatdıq və Müslüm bizi evinə nahara dəvət etdi. Bir saatdan sonra biz ailəliklə onlara gəldik. Müslüm Maqomayev və xanımı Tamara Sinyavskaya bizi çox mehriban, səmimi və istiqanlı qarşıladılar. Olduqca maraqlı söhbətlər, xatirələr danışıldı həmin gün. Həm də Müslüm Maqomayev Moskvada Rəşid Behbuvun xatirə gecəsini keçirmək qərarına gəlməsinin səbəbini açıqladı.

Müslüm Maqomayevin söylədiyi maraqlı faktlara keçməzdən əvvəl bildirməliyəm ki, 19 oktyabr 1995-ci ildə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev Rəşid Behbudovun anadan olmasının 80 illik yubileyinin dövlət səviyyəsində keçirilməsi haqqında Sərəncam imzalamışdı. 

Sərəncamla Rəşid Behbudovun 80 illik yubileyinin dövlət səviyyəsində keçirilməsini təmin etmək məqsədi ilə Təşkilat Komitəsi yaradılmışdı. 

Təşkilat Komitəsinin tərkibinə daxil idilər:

Elçin Əfəndiyev - Azərbaycan Respublikası Baş nazirinin müavini, sədr

Polad Bülbüloğlu-Azərbaycan Respublikasının mədəniyyət naziri, sədr müavini

Rafael Allahverdiyev - Bakı şəhər İcra hakimiyyətinin başçısı

Fatma Abdullazadə - Azərbaycan Respublikası Prezident Aparatının humanitar siyasət şöbəsinin müdiri

Sabir Rüstəmxanlı - Azərbaycan Respublikası Milli Məclisinin üzvü, şair

Eldar Salayev - Azərbaycan Respublikası Elmlər Akademiyasımın prezidenti

Babək Məmmədov - Azərbaycan Dövlət Teleradio Verilişləri şirkətinin sədri

Tofiq Quliyev - Azərbaycan Respublikası Bəstəkarlar İttifaqının sədri

Fərhad Bədəlbəyli - Azərbaycan Dövlət Musiqi Akademiyasının rektoru

Bəkir Nəbiyev - Azərbaycan Respublikası Elmlər Akademiyasının ədəbiyyat, dil və incəsənət bölməsinin akademik-katibi

Zeynəb Xanlarova - Xalq artisti 

Prezident Sərəncamına baxmayaraq həmin il, yəni 1995-ci il heç bir tədbir keçirilmədi...

Müslüm Maqomayev öz evində bizə maraqlı hadisə danışdı:

"Fevral ayında (1996-cı ilin fevralı-K. Ş.) səfirliyə getmişdim. Həmişə ora gedəndə afişaları izləyirəm ki, hansı tədbirlərin keçirilməsindən xəbər tutum. Adətim üzrə yenə afişalar asılmış lövhəyə yaxınlaşdım. Gözümə kiçik bir afişa sataşdı. Afişada yazılmışdı ki, Moskvada Puşkin adına Təsviri Sənət Muzeyində Rəşid Behbudovun 80 illik yubileyinə həsr olunmuş tədbir keçiriləcək. Bir tərəfdən bu məlumata görə çox sevindim. Digər tərəfdən məyus oldum ki, niyə mənə xəbər etməyiblər. Bu fikirlərlə qalxdım səfir Ramiz Rizayevin kabinetinə. İçəri daxil olan kimi soruşdum ki, Ramiz Həsənoviç, Rəşid Behbudovun yubileyini keçirirsiz, amma mənə xəbər etmirsiz. O da gülə-gülə cavab verdi ki, həə, aşağıdakı afişanı görmüsən? Ramiz Həsənoviç bildirdi ki, açığı bu tədbirdən xəbərsizdir. İşçilər dedilər ki, Mədəniyyət Nazirliyindən göndəriblər ki, səfirlikdə asaq.

Mən soruşdum ki, bəs xəbəriniz yoxdur nə tədbirdir, kim iştirak edir? Cavab verdi ki, heç bir məlumatı yoxdur. Mən Ramiz Hədənoviçə təklif etdim ki, gəlin bir yerdə gedək, iştirak edək. O çiyinlərini çəkərək dəvət edilmədiyini bildirdi və qeyd etdi ki, həmin gün vacib görüşləri var.

Mən səfirlikdən çıxıb gəldim evə, Tamaraya (Müslüm Maqomayevin həyat yoldaşı Tamara Sinyavdkaya-K. Ş.) dedim ki, hazırlaş, iki gündən sonra Rəşid Behbudova həsr olunmuş tədbir olacaq, birlikdə gedib iştirak edərik. 

Tədbir günü gəldik Puşkin adına Təsviri Sənət Müzeyinə. Zala daxil olanda tədbir artıq başlamışdı. Açığı, mən gördüklərimdən heyrətə gəldim. Bu muzeydə onsuz da zal çox kiçikdir, vur-tut 60-70 nəfərlik kiçik bir zaldır. Buna baxmayaraq, zalda 25-30 nəfər ancaq olardı. Əksəriyyəti də, pensiya yaşında olan meloman qadınlar idi. Biz zala daxıl olub arxa cərgədə əyləşdik. Səhnədə 5-6 nəfərdən ibarət yarıçılpaq rəqs qrupu çıxış edirdi. Bizim zala daxil olduğumuzu görənlər bir-birini dümsükləyərək bizə tərəf çevrilirdilər. Onlar bizi burada gördüklərinə heç cür inana bilmirdilər. Bütün tamaşaçılar səhnəni unudub arxaya, bizə baxırdılar. Təxminən 40-45 dəqiqə çəkən tədbir sona çatdı. Tamaşaçıların əhatəsindən zorla canımızı qurtarıb zaldan çıxdıq. Muzeyin direktoru bizi kabinetinə dəvət etdi. Kabinetə daxil olanda gördük ki, Polad Bülbüloğlu içəridə oturub çay içir. Bizi görən kimi qalxdı, görüşdük, qucaqlaşdıq, hal-əhval tutub biz də masa arxasəna keçib əyləşdik. Muzeyin direktoru bizə də çay gətirilməsini tapşırmaq üçün qarşıdakı otağa keçdi. Mən otaqda özümüz olduğu üçün soruşdum: 

"Polad, bu nə tədbirdi? Rəşid Behbudovun adına yaraşır belə tədbir?

"Ay Müslüm, hələ bunu keçirdik böyük işdi. Rəşid Behbudovu indi kim xatırlayırki? Görmürsən səhnədə nələr baş verir? Vaxtında yanımızdan keçməyə belə layiq olmayanlar indi Super Ulduz olublar. Hər şey qiymətdən düşüb. Sən qorx ki, belə getsə tezliklə bizi də unudacaqlar. Sən də Rəşid Behbudovdan danışırsan. Zalda gördüyün o melomanları zorla tapıb gətirmişik" .

Poladın bu sözləri mənə çox pis təsir etdi. O bunları deyəndə muzeyin direktoru da kabinetinə qayıtmışdı və o da deyilənləri eşidirdi. Bu mənə daha ağır gəldi. Hələ bu azmış kimi, muzeyin direktoru da Polada qoşularaq şikayətlənməyə başladı ki, indi əsl sənət heç kimə lazım deyil, bunun axırı necə olacaq, biz hara gedirik və s

Biz muzeydən çıxıb çox pərişan halda evə gəldik. Tamara bir neçə gün məni sakitləşdirə bilmirdi. Gördüklərim mənə çox pis təsir etmişdi. Özümə yer tapa bilmirdim. Nəhayət qərara gəldim ki, Rəşid Behbudovun adına, xatirəsinə layiq bir gecə keçirim. Rəşid Məcidoviç uşaqlıqdan mənim kumirim idi. O olmasaydı bəlkə mən heç müğənni olmazdım.

Bir neçə gündən sonra mən Heydər Əliyevə zəng etdim və qərarımı ona bildirdim. Heydər Əliyev əvvəl dediklərimdən təəccübləndi, bu qərara gəlməyimin səbəbi ilə maraqlandı. Dedi ki, mənə məlumat verdilər ki, bu yaxınlarda Moskvada Rəşid Behbudova həsr olunmuş böyük bir tədbir keçirilib, hətta sən də orda Tamara ilə birlikdə iştirak etmisən. Cavab verdim ki, bəli, belə bir tədbir olub və biz də iştirak etmişik. Amma mən Rəşid Behbudov sənətinə, adına layiq, yüksək səviyyədə bir tədbir keçirmək istəyirəm və Sizi də məmnuniyyətlə dəvət edirəm. Sizin xeyir-duanızla elə bir tədbir keçirərik ki, illərlə insanların yaddaşından silinməz. 

Heydər Əliyeviç bildirdi ki, mən keçən il Rəşid Behbudovun 80 illik yubileyinin dövlət səviyyəsində keçirilməsi haqqında Sərəncam vermişəm. Ona əsaslanaraq tədbiri keçirə bilərsən. Bizdən nə lazımdırsa, tapşıraram sənə hər cür dəstək olarlar. Dedim ki, Heydər Əliyeviç, mən özüm hər şeyi təşkil edərəm. Sizdən yalnız Sizin xeyir-duanızı almaq üçün zəng etmişəm. Prezident bildirdi ki, əlnəttə, mən məmnuniyyətlə səni dəstəkləyirəm. Əgər sən bunu etsən, bu çox gözəl iş olar, respublikamızın, mədəniyyətimizin, musiqimizin təbliğinə böyük töhvə vermiş olarsan. Mən də baxaram, qrafikimə, uyğun olsa, gəlib iştirak edərəm. 

Heydər Əliyeviçin xeyir-duasını alandan sonra mən hazırlıqlara başladım. Ən məşhur, ən istedadlı sənətkarlara bir-bir zəng edib dəvət etdim. Hamı ilə vaxtı razılaşdırandan sonra "Rossiya" konsert zalında gün təyin etdik.

İsveçrədə yaşayan qardaşım Kamal Zeynalzadə ilə danışdım. (Kamal Zeynalzadə Müslüm Maqamayevin yaxın qohumudur. Ataları xala nəvəsidir. İsveçrədə neft daşıma şirkətinə sahib idi. Artıq həyatda yoxdur-K. Ş.) Kamal tədbirin keçirilməsi üçün lazım olan xərclərin əsas hissəsini öhdəsinə götürdü. Daha sonra Vahid Ələkbərovla, Araz Ağalarovla, İskəndər Xəlilovla danışdım. Onlar da maliyyə vəsaiti ayırmağa məmnuniyyətlə razılıq verdilər.

Heydər Əliyeviçlə danışandan bir neçə gün sonra Fatma Abdullazadə (Prezident Aparatının humanitar siyasət şöbəsinin müdiri) zəng etdi ki, Prezident onu çağırıb tapşırıq verib ki, mənimlə əlaqə saxlasın və nə lazım olduğu ilə maraqlanıb hər tərəfli kömək etsin. Bildirdim ki, hələ elə bir köməyə ehtiyac yoxdur, sonrakı mərhələdə ehtiyac yaranarsa, əlaqə saxlayıb deyərəm

Mən tədbirin ən yüksək səviyyədə keçirilməsi üçün gecə-gündüz məşğul olmağa başlamışdım. Rəşid Məcidoviçin xatirəsinə belə bir tədbir keçirməyi çoxdan düşünürdüm. Onun mənə olan isti, səmimi, qayğıkeş münasibətini heç vaxt unutmaram...

Hazırlıqların qızğın vaxtında bir gün Polad zəng etdi və görüşmək istədiyini bildirdi. Mən onu evə dəvət etdim. Biz uşaqlıqdan onunla dostuq. Bir yerdə böyümüşük. İndi də münasibətimiz davam edir. Moskvada olanda həmişə görüşürük. 

Polad axşam saatlarında gəldi bizə. Nədənsə qanı çox qara idi. Mənə dedi ki, səndən möhkəm incimişəm. Səndən heç gözləməzdim. Prezidentə məndən şikayət etmisən. 

Açığı çox pis oldum. Çünki mən heç vaxt, heç kimə, heç kimdən şikayət edən adam deyiləm. Kimin haqqında nə düşünürəmsə o adamın üzünə deyirəm. İlk dəfə idi ki, məni şikayət etməkdə günahlandırırdılar. Mən Heydər Əliyeviçlə olan danışığımızı Polada dəqiqliyi ilə danışdım. Dedim ki, bu səndən şikayət deyil, mən sadəcə Rəşid Behbudova layiq böyük bir tədbir keçirmək istəyimi bildirdim və Prezidentdən xeyir-dua istədim. Polad bu sözümə də əsəbləşdi və dedi ki, axı biz səninlə uşaqlıq dostuyuq. Mən mədəniyyət naziriyəm. Sən mənim başımın üstündən Prezidentə zəng edib tədbir keçirmək istədiyini bildirirsən, mənim bundan xəbərim yoxdur. Mən nazirəm axı, mənim niyə xəbərim olmasın bundan?

Dedim ki, Polad, sən Azərbaycanda nazirsən, mən Moskvada tədbir keçirmək istəyirəm. Mən sənin işçin deyiləm ki, gəlim sənə hesabat verim. Bir sözlə uzun mübahisədən sonra Polad məndən incik halda getdi...

Sentyabr ayında mən Heydər Əliyeviçə yenə zəng etdim və bildirdim ki, Rəşid Behbudovun xatirə gecəsi noyabrın 18-nə təyin olunub. Gecənin ən yüksək səviyyədə keçəcəyinə əminliyimi bildirdim. Dedim ki, Siz gəlsəz hamımıza böyük şərəf verərsiniz. Əgər qrafikinizə uyğundursa, onda mən Rusiya Ptrzidenti Boris Yeltsini də dəvət edərəm. İki gündən sonra Heydər Əliyeviç zəng elədi və bildirdi ki, məmnuniyyətlə tədbirdə iştirak edəcək. O, köməkçilərinə səfəri Rusiya tərəfi ilə razılaşdırmağı tapşırdığını dedi. Bu xəbərdən çox sevindim və eyni zamanda başa düşürdüm ki, məsuliyyətim on qat artır. Növbəti gün Rusiya Prezideni Boris Nikolayeviçin Administrasiyasına məlumat verdim və onu da gecəyə dəvət etdim.

Oktyabrın ortalarında Fatma Abdullazadəyə zəng etdim və bildirdim ki, bütün hazırlıqlar yüksək səviyyədə gedir. Bircə xahişim var, Bakıdan olan iştirakçıların bir neçə gün qabaq Moskvaya gəlmələrini və konsertdən sonra qayıtmalarını təşkil edin. Eldar Quliyevlə əlaqə saxlayın, o sizə gələnlərin siyahısını təqdim edər. O məni əmin etdi ki, narahat olmayın, bunu həll edərik. Bir həftə sonra Eldarla əlaqə saxladım, maraqlandım. Eldar dedi ki, zəng eləmişdilər, siyahını vermişəm. Dedilər həll edib xəbər verərik. Hələ bir xəbər yoxdur. Yenidən Fatma Abdullazadə ilə danışdım. Yenə məni arxayın etdi ki, narahat olmayım, bu məsələ tezliklə həll olunacaq. Artıq noyabrın ilk günləri idi. Mən hər gün Eldarla əlaqədə idim. İştirakçıların Moskvaya gəlişi hələ də həll olunmamışdı. Mən narahat olmağa başladım. Bir də zəng etdim Fatma Abdullazadəyə. Mənə dedi ki, mədəniyyət nazirliyinin maliyyə vəsaiti yoxdur, ona görə başqa mənbələr axtarırıq. Siz narahat olmayın, biz bu məsələni həll edərik. Mən Bakıda oturanların bu qədər arxayınçılığının səbənini başa düşmürdüm. Zəng etdim Vahid Ələkbərova və xahiş etdim ki, Bakıdan olan iştirakçıların Moskvaya gəlmələrinə kömək etsin. Vahid Ələkbərov "problem deyil, mən tapşıraram sizinlə əlaqə saxlayarlar, nə lazımdırsa deyərsiz, həll edərlər" cavabı ilə məni sakitləşdirdi. On dəqiqə keçməmiş Vahid Ələkbərovun adamı zəng elədi, mən onu Eldar Quliyevlə calaşdırdım. Bir saatdan sonra Eldar məlumat verdi ki, hər şey hazırdır...

Bax belə çətinliklərlə nəhayət ki, bütün işləri yekunlaşdırdıq. İki gündən sonra iki Prezidentin iştirakı ilə Rəşid Məcidoviçin xatirəsini yad edib hamıya göstərərik ki, Behbudov hansı səviyyəyə layiqdir..."

Ceyran xanım Müslüm Maqomayev danışdıqca çox kövrəlmişdi. Göz yaşlarını saxlaya bilmirdi. Müslümün onun göz yaşlarından pis olduğuna isə "Müslüm, əzizim bu sevinc göz yaşlarıdır" deyirdi. Müslüm hər dəfə danışığına ara verib siqaret yandıranda Ceyran xanım ona sonsuz minnətdarlığını, təşəkkürünü bildirirdi. Müslüm isə cavabında "Ceyran xanım, Rəşid Məcidoviçin ruhu qarşıdında bu mənim borcumdur" deyirdi.

Artıq hava qaralmışdı. Biz sağollaşıb, belə xoş, qeyri-adi görüşə, nahara görə təşəkkür edib qonaq evinə gəldik. Əhvalımız çox gözəl idi. Gecədən xeyli keçmişə qədər danışıb müzakirə etdik. Səhərə yaxın hərə otağına keçib yatmağa hazırlaşırdı. (bizə ayrılmış nömrə bir neçə yataq otağından ibarət idi) Mənsə aşağı düşüb səhərə yaxın təmiz havada bir az gəzişmək üçün qonaq evinin qarşısındakı bağçaya gəldim. (İndi həmin bağçada Nizami Gəncəvi və Müslüm Maqomayevin abidəsi ucalır). Bağçada və ətrafda bir az gəzişib bir neçə siqaret çəkəndən sonra üşüdüyümü hiss edib içəri keçdim. Yuxum heç gəlmirdi. Qonaq evinin foyesində təhlükəsizlik xidmətinin əməkdaşları ilə ordan-burdan söhbət etdik. Səfirliyin təhlükəsizlik xidmətinin əməkdaşları da Azərbaycandan gəlmiş idman cüssəli gənclər idi. Gənclərdən biri pultu götürüb televizorun kanallarını dəyişirdi. Birdən hansısa kanalda xüsusi xəbər buraxılışı başlandığını görüb "dayan, dayan, səsini qaldır" dedim. Aparıcı həyəcanla məlumat verirdi: 

"Bu gecə saat 02. 10-da Dağıstanın Kaspiysk şəhərində dəhşətli terror hadisəsi baş verib. Hərbiçi ailələrinin yaşadığı doqquz mərtəbəli bina partladılıb.

Güclü partlayış nəticəsində binanın böyük hissəsi dağılıb. Dağıntılar altında xeyli sayda insanın olduğu bildirilir. Xilasedicilər hadisə yerində dağıntılar altında qalmış insanları xilas etmək üçün səfərbər olunub".

Artıq bütün kanallar eyni məlimatı təkrarlayırdı. Mən tez-tez saata baxıb səhərin açılmasını gözləyirdim. Nəhayət səhər saat 8-də Eldar Quliyevin qaldığı mərtəbəyə qalxdım. Qapını astaca döydüm, içəridən Eldar müəllimin gümrah səsini eşitdim: "Bəli, kimdi?"

Qapını açıb içəri girdim. Eldar müəllim televizorun qarşısında əyləşib xəbərlərə baxırdı. Məni görən kimi "gəl, gəl, bilirəm niyə yatmamısan" deyib oturmağa yer göstərdi. O məndən beşbetər həyəcanlı idi: "Yəqin tədbiri təxirə salacaqlar. Sonra artistləri bir yerə yığmaq mümkün olmayacaq".

Məm soruşdum ki, Müslüm Maqomedoviçin xəbəri var? Eldar müəllim dedi ki, bilmirəm, gecə gec yatıb, saat ikidə telefonla danışmışıq, yəqin yatar hələ.

Günorta saatlarında gəldim səfir Ramiz Rizayevin yanına. Eldar Quliyev də orda idi. Ramiz müəllim telefonda Müslüm Maqomayevlə danışırdı. Xeyli danışandan sonra dəstəyi asdı və üzünü bizə çevirərək dedi:

"Cənab Prezident bir saat əvvəl Müslümlə danışıb. Azərbaycan Prezidenti və xalqı adından başsağlığı hazırlanır. Hedər Əliyeviç bu terror hadisəsinə görə Moskvaya səfərini təxirə salıb... Yəqin ki, Rusiyada matəm elan olunacaq. Ölənlərin sayı onlarladır və artmaqda davam edir."

Qeyd etməliyəm ki, Ramiz Rizayev xatirə gecəsinin təşkilində yaxından iştirak edirdi. Geniş əlaqələrindən istifadə edərək bütün məsələlərin həllinə nail olurdu. Onun Rusiyanın rəsmi dairələrində ciddi nüfuzu var idi. Böyük hörmətə malik idi.

Ayın 17-də Müslüm Maqomayevlə yenidən gəldik "Rossiya" konsert zalına. Səhnəyə keçdik. Eldar Quliyev, rəssam, texniki işçilər, dekorçular, işıqçılar hamısı səhnədə idi. Hamının üzündə süstlük var idi. Müslüm Maqomayev ümumi hamı ilə salamlaşdı və dedi ki, uşaqlar, ruhdan düşməyin, bilmək olmaz, biz öz işimizi görüb hazır olmalıyıq. Səhnədəkilərin əksəriyyəti əminliklə bildirdilər ki, ayın 18-i bütün ölkədə matəm günü elan olunacaq.  

Müslüm Maqomayev üzünü onlara tutaraq dedi: "Mən bura gəlməzdən qabaq Prezident Admnistrasiyası ilə danışmışam, vəziyyəti izah edərək bildirmişəm ki, bu tədbir təxirə salınsa sonra baş tutmayacaq. Bu artistləri yenidən bir yerə yığmaq mümkün olmayacaq. Səfirimiz Ramiz Rizayev də öz tərəfindən bütün instansiyalara məlumat verib. Biz öz işimizi görüb tam hazır olmalıyıq."

Dəhşətli terror aktı nəticədində 106 nəfər dağıntılar altında qalmışdı. Onlardan yalnız 39 nəfəri xilas etmək mümkün olmuşdu. 67 nəfər həyatını itirmişdi. Ölənlərdən 20 nəfəri uşaq, 17 nəfəri qadın idi. Bu hadisədən Bütün Rusiya şokda idi. 

Müslüm Maqomayevin sözlərindən sonra səhnə işçiləri həvəssiz halda işlərini dabam etdirməyə başladılar. Müslüm Maqomayev həyəcanlı halda səhnədə var gəl edə-edə siqareti siqaret dalınca çəkirdi. Birdən "Rossiya" zalının direktoru qaça-qaça gələrək təngənəfəs qışdırdı: “Müslüm Maqomedoviç, sizi Prezident Admnistrasiyasından telefona çağırırlar."

Müslüm Maqomayevin üzünün bütün əzələləri gərildi. O deyib direktor otağına tərəf getdi. Mən də onun arxasınca getdim. Direktorun otağında kənara qoyulmuş dəstəyi götürərək salamlaşdı. Xəttin o başında kimsə uzun uzadı danışırdı. Müslüm Maqomayev "başa düşürəm, başa düşürəm" deyib xəttin o başındakı adamın dediklərini təsdiqləyirdi. Sonda o telefondakı adama "mümkünsə məni Boris Nikolayeviçlə çalaşdırın" dedi və xahişini bir neçə dəfə təkrar etdi. Dəstəyi qoyandan sonra direktora dedi ki, indi məlumat verəcəklər, əgər mümkün olsa məni Prezidentlə calaşdıracaqlar. Dedilər ki, 5-10 dəqiqə telefonun yanında gözləyim. 

Onun necə həyəcan keçirməyini sözlə ifadə etmək çox çətindir. Nəhayət 10-12 dəqiqədən sonra hökumət telefonu zəng çaldı, o dəstəyi götürərək "Alo, eşidirəm" dedi. "Bəli, bəli, gözləyirəm. Təşəkkür edirəm!" deməyindən aydın idi ki, indi Rusiya Prezidenti Boris Yeltsin onunla danışacaq. Qısa fasilədən sonra tarixi telefon danışığı baş tutdu. "Rossiya" konsert zalının direktoru mənə işarə etdi və biz otaqdan çıxdıq. Düz 15 dəqiqədən sonra Müslüm Maqomayev direktorun otağından çıxdı və çox sevinclə direktorun əlini sıxaraq bildirdi ki, sabah tədbirimiz qüvvədədir. Boris Nikolayeviç ayın 19-da matəm elan edəcək. 

Müslüm Maqomayev "gedək uşaqlara xəbər edək, yoxsa lap ruhdan düşüblər" deyərək şux addımlarla səhnəyə tərəf addımladı. Səhnəyə qalxan kimi uca səslə "Uşaqlar, hamınızı təbrik edirəm, sabah tədbirimiz baş tutacaq. Boris Nikolayeviç ayın 19-da matəm elan edəcək!" deyərək bir-bir hamınln əlini sıxdı. Eldar Quliyevlə quçaqlaşdı və dedi ki, işləri yekunlaşdırın, mən gedim Heydər Əliyeviçə məlumat verim. 

Biz ordan çıxıb maşına əyləşdik və səfirliyə gəldik. Müslüm Maqomayev çox sevincli, fərəhli idi. Səfirliyə gəlib Ramiz Rizayevin kabinetinə qalxdıq. Müslüm Maqomayev gülərək " Hə, Ramiz Həsənoviç, mən deyim, ya sən özün nə baş verdiyini başa düşərsən?" deyib oturdu. Ramiz müəllim ayağa qalxıb "sən de Müslüm, de görüm nə olub?" Müslüm Maqomayev sevinə-sevinə dedi: 

"İndicə Boris Nikolayeviçlə danışdım. Sabah konsertimiz qüvvədədir. Prezident ayın 19-da matəm elan edəcək."

Ramiz müəllim "Müslüm, sən dahisən, dahisən" deyərək qucaqladı: "Danış görək, nə oldu, necə oldu?"

Müslüm Maqomayev Yeltsinlə aralarında olan söhbəti danışmağa başladı: "Boris Nikolayeviç hal-əhval tutdu və sonra dedi "bilirəm, böyük bir tədbirə hazırlaşırsız. Amma dəhşətli terror hadisəsi bütün planları alt-üst etdi. Əfsuslar olsun ki, itkilərimizin sayı çoxdur. Günahsız insanların, qadınların, uşaqların həyatına qəsd olunub. Ayın 18-də ölkədə matəm elan olunması haqqında fərman hazırlanıb, masamın üzərindədi."

Mən hər birimizin bu dəhşətli hadisədən hiddətləndiyimizi və ürək ağrısı ilə baş verənləri izlədiyimizi bildirdim. Sonra davam etdim ki, Rəşid Behbudov müharibədən sonra millionlarla insanımızın həyata qayıtmasına, dəhşətli müharibənin ağrı-acılarını unutmağa, onların üzündə təbəssüm yaratmağa xidmət edib. O milyonlara sevinc bəxş edib onları çıxılmaz depresiyadan xilas edib. Boris Nikolayeviç dedi ki, "mən yeniyetmə yaşlarımdan Rəşid Behbudovu xatırlayıram. Onun "Arşın mal alan" filminə dəfələrlə baxmışam. Anam Rəşidi çox sevərdi. Radioda onun səsini eşidən kimi bütün işlərini atıb onu dinləyərdi. Atam bundan çox əsəbləşərdi, anamı qısqanıb onunla dalaşardı. 

Həqiqətən müharibədən sonrakı illərdə Rəşid Behbudov insanlarımıza güclü mənəvi dəstək verib."

Sonra mən davam etdim ki, əminəm ki, xalqımız bizi doğru başa düşəcək. Biz böyük, görkəmli sənətkarın xatirəsini yad edirik. Ən məşhur, ən tanınmış artistlər dəvət olunub. Onları bir araya gətirmək üçün mən altı ay vaxt sərf eləmişəm. Biz tədbirimizi təxirə salsaq, onları yenidən bir yerə yığmaq çətin olacaq. 

Boris Nikolayeviç məni dinlədi, qısa fasilədən sonra dedi:  "Əziz Müslüm, düşünürəm ki, sən haqlısan. Biz xalqımızın həyatında xidmətləri olan insanların dəyərini verməliyik, xatirələrini əziz tutaraq imkan daxilində borcumuzu verməliyik. Mən bu qiymətli, vacib işlərinə görə sənə təşəkkür edirəm. Sən haqlısan. Mən ayın 19-da matəm günü elan edərəm. Siz tədbirinizi keçirin. Amma üzürlü say ki, mən iştirak edə bilməyəcəm. Sənin dəvətini mənə çatdırıblar. Bu faciədən sonra mənim konsertə gəlməyim doğru olmaz. Mən Dövlət Dumasının sədri Seleznyova tapşıraram, dövlətimiz adından o gəlib iştirak edər. Sizə uğurlar olsun!"

Ramiz Rizayev bir daha qalxıb Müslüm Maqomayevi qucaqladı və dərin təşəkkürünü bildirdi. Müslüm Maqomayev cavabında dedi ki, bütün təşəkkürlər Rəşid Behbudova düşür. Ramiz müəllim şkafdan götürdüyü konyak şüşəsini açaraq: "Bunu mütləq qeyd etməliyik". Müslüm Maqomayev ayağa qalxıb bildirdi ki, mən gedim evə, Heydər Əliyeviçə zəng edim, olanlar haqqında məlumat verim...

Noyabrın 18-də "Rossiya" konsert zalı ağzına qədər dolu idi. 2500 nəfərlik zalda boş yer yox idi. Xeyli sayda tamaşaçı gecəni ayaq üstə izləyirdi.

Rusiya Federasiyası Dövlət Dumasının sədri Seleznyov və hökumət nümayəndələri, nazirlər, deputatlar, Azərbaycan dövləti adından Bakı şəhər İH-nin başçısı Rəfael Allahverdiyev, Fatma Abdullazadə, nazirlər, millət vəkilləri tədbirdə iştirak edirdilər. 

İşıqlar söndü, Rəşid Behbudovun məlahətli səsi zala yayıldı. Ekranda "Arşın mal alan" filmindən fraqmenti tamaşaçılar gurultulu alqışlarla qarşıladılar. Həmin alqış sədaları altında Müslüm Maqomayev səhnədə göründü. Görkəmli sənətkar tamaşaçıları salamlayaraq Rəşid Behbudovun xatirəsinə həsr olunmuş gecəni açıq elan etdi. Sonra Ümummilli Lider Heydər Əliyevin salamlarını tədbir iştirakçılarına çatdırdı. Müslüm Maqomayev ilk çıxış üçün Rəşid Behbudovun yadigarı Rəşidə xanımı tamaşaçıların hərarətli alqışları ilə səhnəyə dəvət etdi. Rəşidə xanımın möhtəşəm ifası ilə fantastik gecəyə start verildi. Dünya şöhrətli sənətkarlar Aleksanr Solovyanenko, Zurab Sotkilava, Tamara Sinyavskaya, Aleksandr Voroşilo, Mariya Biyeşu, Fidan Qasımova, Nikolay Sliçenko, Xuraman Qasımova, daha sonra Qennadi Xazanov, İodif Kobzon, Alla Puqaçova, Lev Leşenko, Qaya ansamblı, Larisa Dolina, "Bakılı oğlanlar" klubu, Tsmara Qverdseteli, Filip Kirkorov, Brilyant Dadaşova və əlbəttə ki, əfsanəvi Müslüm Maqomayev Rəşid Behbudovun xatirəsinə həsr olunmuş möhtəşəm gecədə tamaşaçılrı riqqətə gətirən çıxışları ilə iştirak etdilər. 

Rusiya dövlət "Rossiya" kanalı gecəni bütünlüklə lentə alırdı. Digər kanallar və mərkəzi qəzetlərin çoxsaylı müxbirləri reportajlar hazırlayırdılar. Üç saatdan artıq davam edən tədbirin sonunda tamaşaçılar və tədbir iştirakçıları alqışlarla Rəşid Behbudovun xatirəsinə ehtiramlarını bildirdilər.

Növbəti gün Heydər Əliyev Müslüm Maqomayevə zəng edib onu təbrik etdi və belə böyük iş gördüyünə görə təşəkkür etdi.

Noyabrın 20-də "Müslüm Maqomayev Rəşid Behbudovun Xatirə Gecəsinə dəvət edir" tədbiri haqqında KİV-də çoxsaylı materiallar dərc olundu. "Rossiya" kanalı bir neçə dəfə konsertin lent yazısını yayımladı. 

Konsertin sabahl günü Müslüm Maqomayev "Rossiya" kanalına zəng etdi və biz tədbirin lent yazısını əldə edib Bakıya gətirdik. Gecədə Azərbaycan televiziyasının Xəbərlər proqramı üçün Rusiya Dövlət Dumasının sədri Seleznyovdan, komitə sədrlərindən, tanınmış elm və sənət xadimlərindən çoxsaylı müsahibələr alıb Bakıya göndərdim. Həmin müsahibələr Xəbərlər proqramında yayımlanırdı. Azərbaycan Televiziyası da gecənin lent yazısını dəfələrlə yayımladı. Tanınmış rejissor Nazim Abbadovla çəkdiyimiz əlavə materiallar əsasında "Rəşid Behbudov. 20 il sonra" sənədli filmi hazırladıq. 

Tədbirin lent yazısı Azərbaycan televiziyası ilə yayımlanandan sonra Ümummilli lider Heydər Əliyev Nizami Xdiyevə zəng edərək bizə uğurlu işimizə görə təşəkkür etməyi tapşırmışdı.

Bu gün əfsanəvi sənətkar Müslüm Maqomayevin doğum günündə, onun necə böyük insan, sədaqətli dost, əsil sənətə və sənətkara qiymət verməyi bacaran, öz prinsiplərinə hər zaman sadiq olan şəxsiyyət olması haqqında xatirələrimi ilk dəfə qələmə alıb sizinlə paylaşmağı özümı borc bildim. Müslüm Maqomayevlə bizim ailəvi dostluğumuz onun ömrünün sonuna qədər davat etdi. Yəqin ki, ölməz Müslüm Maqomayevlə keçirdiyimiz unudulmaz görüşlərdə danışdığı maraqlı hadisələri qələmə alıb dəyərli oxucularla bölüşməyə imkan taparam. 

Hər zaman qəlbimizdə yaşayacaq əfsanəvi sənətkarı dərin ehtiramla anırıq.

Kamil Şahverdi

Rəşid Behbudov Fondunun direktoru

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
36
3
modern.az

10Mənbələr