AZ

Qurbanov: “Ferentsvaroş”a qarşı səhvsiz oynamağa çalışacağıq”

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Çempionlar Liqasının pley-offunda “Ferentsvaroş”la ilk oyundan gözləntisini paylaşıb.

Arena.az xəbər verir ki, Azərbaycan və Macarıstan çempionları arasındakı ilk qarşılaşma sabah Budapeşt şəhərində keçiriləcək.

Ağdam klubunun baş məşqçisi Qurban Qurbanov bu gün oyundan öncə təşkil edilmiş mətbuat konfransında fikirlərini bölüşüb. Təcrübəli mütəxəssis səfərdəki qarşılaşmaya ciddi hazırlaşdıqlarını söyləyib:

“Yenidən Budapeştdə olmaq xoşdur. Bu stadionda, çılğın azarkeş kütləsi önündə yaxşı komandaya qarşı çıxış etmək həqiqətən xoşdur. Bizi istəkli komandaya qarşı oyun gözləyir. Rəqib kimi biz də UEFA Çempionlar Liqasının Liqa mərhələsinə vəsiqə qazanmaq istəyirik. Sabah səhvsiz oynamağa çalışacağıq. Yaxşı nəticəyə ümid edirik”.

“Qarabağ”ın kapitanı Abdullah Zubir də mətbuat konfransına qatılıb. Fransalı futbolçu səfər matçından sərfəli nəticə ilə qayıdacaqlarına ümid etdiyini söyləyib:

“Bu rəqibə qarşı oynamışam. Çox əzmkar və iddialı komandadır. Artıq bu rəqibi tanıyırıq. “Ferentsvaroş”la oyuna ciddi hazırlaşmışıq. Ümid edirəm ki, Bakıya sərfəli nəticə ilə qayıdacağıq”.

“Ferentsvaroş” – “Qarabağ” oyunu avqustun 19-da, Bakı vaxtı ilə saat 23:00-da start götürəcək. Cavab qarşılaşması isə avqustun 27-də Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq.

Seçilən
16
50
arena.az

10Mənbələr