AZ

Ceyran xanım Qacar Vasif Quliyev yazır

525.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Vasif QULİYEV

Məhəmmədhəsən xanın ömür-gün yoldaşı, dünyaya Ağa Məhəmməd şah Qacar kimi qəhrəman bir övlad bəxş eləmiş Ceyran xanım tayfanın ən tanınmış və görkəmli şəxsiyyətlərindən sayılan Qovanlu Məhəmməd xanın bacısı idi. O, hələ Səfəvilər dövründən öz gözəlliyi, namusu və qeyrəti ilə seçilən bu tayfanın içərisində yaşa dolmuş, uşaqlıqdan azad və sərbəst böyümüş, ağıllı və cəsur bir qız olmuşdu. Ceyran xanım da bu nəslin bütün qadın və qızları kimi cadra örtmür və həmişə üzüaçıq gəzirdi. Qacarlar tayfasının igid oğlu Məhəmmədhəsən də bu xüsusiyyətlərinə görə ona vurulmuş  və taleyini həmişəlik bu gözəllə bağlamışdı. El qaydası ilə oğlan tərəfindən elçilər gələndə də qız evinin adamları gələcək kürəkənlərini qorxmaz və ürəkli bir oğlan kimi tanıdıqlarından ilk elçilikdə "hə" cavabı vermişdilər. Və iyirmi dörd yaşlı Məhəmmədhəsən dədə-baba adətincə toy vurdurub, Ceyran xanımla ailə həyatı qurmuşdu.

1742-ci ildə gözlərinin ilk ovu dünyaya gələndə isə gənc ər-arvadın sevinclərinin həddi-hüdudu olmamışdı. Allahın yanında Məhəmməddən əziz bir ad olmadığını yaxşı bilən hər iki valideyn övladlarını peyğəmbərlərinin adı ilə adlandırmış və onu xüsusi qayğı ilə böyütməyə başlamışdılar. Ceyran xanım Məhəmmədhəsən xanla birgə yaşadığı dövrdə əsl türk qadınlarına məxsus tərzdə həm ərinə sədaqətli bir xanım olmuş, həm də oğlu Ağa Məhəmmədə əsl analıq etmişdi...

1750-ci ildə İranda Şahrux şahı devirib, onun yerinə qaynatası Mirzə Seyid Məhəmmədi qoydular. O, taxta çıxdığı ilk gündə Məhəmmədhəsən xanı Astrabad hakimliyindən kənarlaşdırdı və öz yaxın adamını ora hakim təyin elədi. Məhəmmədhəsən xan başının üstünü alan təhlükəni sovuşdurmaq üçün məcburiyyət qarşısında qalaraq yenə də Türkmənistan səhrasına köçdü. Lakin çox çəkmədən arvadı Ceyran xanımın ağıllı və tədbirli məsləhəti ilə Təbəs əyalətinin hakimi Əmir Həsən xanla birləşib, Astrabada hücum edərək oranı aldı. Şəhərin hakimi canını qurtarıb, Məşhədə qaçdı. Məhəmmədhəsən xan isə Astrabadı idarə etməyi kişi qeyrətli qadınına tapşırıb, Təbəs hakimi ilə birlikdə qoşun çəkib, Məşhəd üzərinə yeridi. Həmin gündən Ceyran xanım Astrabadın ilk qadın hakimi kimi hökmranlıq eləməyə başladı.

...Köçəri həyat keçirən ailələrdə uşaqların təlim-tərbiyəsinə, adətən, ata baxırdı. Lakin Məhəmmədhəsən xanın ömrü daim hərbi səfərlərdə keçdiyinə görə oğlunun tərbiyəsi ilə Ceyran xanım özü məşğul olurdu. Ağa Məhəmmədə analıqla bərabər, həm də müəllimlik edirdi. Lap kiçik yaşlarından ana oğluna yazıb-oxumağı öyrətmiş, onda kitaba dərin məhəbbət  və maraq aşılamışdı. Ağa Məhəmməd  Quranın kiçik ayələrini və surələrini əzbərləyib başa çatdırmışdı. O, İslam dininin bütün qanun-qaydalarına əməl edərək səhər tezdən yatağından qalxan kimi əvvəlcə dəstəmaz alır, namaz qılır və idmanla məşğul olurdu. Çox-çox sonralar Ağa Məhəmməd şah Qacar anasını həm də özünün ilk müəllimi adlandırırdı.

Ana oğlunu döyüş ruhunda tərbiyə edir, onu gələcək mübarizələrə hazırlayırdı. Ceyran xanım Ağa Məhəmmədə ox atmağı, at çapmağı, tüfəng tutmağı, qılınc çəkməyi də öyrədir, gələcəkdə yüksək məqama çatacağını, adlı-sanlı adam olacağını ona təlqin edirdi. Bir sözlə,  Ceyran xanım oğlunu alim və siyasətçi kimi də yetişdirirdi. Ana Ağa Məhəmmədə  elmin, savadın insan həyatındakı oynadığı böyük roldan danışır və Nadir şah Əfşarı tez-tez misal çəkirdi. Deyirdi ki, Nadir şahın həddindən artıq var-dövləti, sərvəti olsa da, özü dünyaya yiyəlik etsə də, elmsiz və savadsız idi. Ona görə də o, dünyadan köçəndən sonra övladlarından heç biri atalarının çatdığı mənsəbə və şöhrətə çata bilmədi. Əgər Nadir şah oxumuş adam və görkəmli siyasətçi olsaydı, şahlığını da axıra qədər saxlaya bilər və etibar elədiyi adamlar tərəfindən öldürülməzdi, uzun müddət şah olar və hakimiyyət də başqasına yox, İran övladlarına keçərdi. Anasının bu cür ibrətli sözlərini, məsəllərini, öyüd-nəsihətlərini Ağa Məhəmməd bir-bir yaddaş dəftərçəsinə yazır, həmişəlik hafizəsində saxlayırdı. Ceyran xanım onu həm də qənaətlə yaşamağı öyrətmiş, başa salmışdı ki, var-dövlət, pul, sərvət qüvvət və qüdrət mənbəyidir. Şah mütləq dövlətli, varlı-karlı olmalıdır. Və  bu müdrik kəlamları ilə ana oğlunu gələcəkdə şah olmaq üçün yetişdirirdi. Ağa Məhəmmədin anası haqqında sonralar dediyi bir fikrini də xatırlatmaq yerinə düşər: özümdə olan bütün yaxşı keyfiyyətləri anamdan öyrənmişəm.

Ağa Məhəmmədin on-on iki yaşı olanda həyat təcrübəsi, öyrənmək, döyüş vərdişi qazanmaq üçün Ceyran xanım onu atası ilə hərbi səfərlərə çıxmağa həvəsləndirirdi. Kiçik Ağa Məhəmməd anasının xeyir-duası və atasının başçılığı ilə döyüş meydanlarına çıxır, əksər hallarda da Məhəmmədhəsən xan qoşununun öndə gedən hissəsinin başçılığını oğluna tapşırırdı. Ağa Məhəmməd də bütün tapşırıqların öhdəsindən bacarıqla gəlirdi. Kərim xan Zəndlə, Azad şah Əfşarla, yerli hakimlərlə də demək olar ki, o dövrdə İranda gedən bütün döyüşlərdə iştirak etmişdi. 1757-ci ildə Ağa Məhəmməd on beş yaşındaykən atasının Şuşa qalasına hücumunda da fəallıq göstərmişdi.

Ceyran xanım özü də gözəl at çapır, tüfəng oynadır, çaparaq hədəfi sərrast nişan alırdı. O, el arasında yaxşı bir süvari kimi tanınırdı. Məhəmmədhəsən xanın vəfalı arvadı heç vaxt ərini döyüşlərdə tək buraxmır, daim onunla çiyin-çiyinə olurdu. Dinc vaxtlarda isə əl-ələ verərək həm Astrabadı, həm də Türkmənistan çöllərində öz tayfasının işlərini birlikdə idarə edirdilər.

Ceyran xanımın qocaqlığının səsi-sorağı hər yana yayılmışdı. Belə deyirlər ki, bir dəfə Məhəmmədhəsən xan Türkmənistanda səfərdə olarkən Astrabad hakimi onun xanımını əsir almaq istəyir. Lakin bundan duyuq düşən Ceyran xanım bu namərdin əlindən qurtulmaq üçün ərinin yanına getmək fikrinə düşür. O, südəmər körpəsi Ağa Məhəmmədi şalla kürəyinə sarıyaraq silahlanır və atına süvar olub, karvanla yola düşür. Lakin Astrabad hakimi beş atlı göndərir ki, Ceyran xanım səhraya çatmamış onu tutsunlar. Tanınmasınlar deyə atlılar türkmən paltarı geyinib və üzlərin bürüyürlər. Onlar yarı yolda Ceyran xanımı haqlayırlar. Bunu görən carvadarlar və xidmətçilər qaçırlar, ancaq bu cəsur qadın yerindən tərpənmir və düşmənlərinin dərsini vermək qərarına gəlir. Belinə bağladığı tapancasını cəld çıxarıb, onları nişan alır. Dalbadal açılan güllələr basqınçılardan ikisini atdan yerə salır. Aynalı tüfəngi ilə o birilərini nişan almaq istəyərkən hər üçü "asta qaçan namərddir" - deyə dabanlarına tüpürüb, aradan çıxır. Ceyran xanım körpəsi ilə sağ-salamat Məhəmmədhəsən xanın yanına gəlir...

Nadir şah öldürüləndən sonra təzə hökmdar Adil şahın sifarişilə və Ceyran xanımın  təkidi ilə Məhəmmədhəsən xan Qacar Türkmənistandan yenə də Astrabada qayıtdı və düşmənləri ilə ağır döyüşlər aparmağa başladı. O, döyüşlərə yollanarkən tayfanı idarə etməyi yenə də Ceyran xanıma tapşırdı. Məhəmmədhəsən xan həmişə səfərə gedərkən arvadına deyirdi ki, əgər onun başına bir iş gəlsə, tayfaya özü başçılıq etsin və gələcəkdə isə estafeti Ağa Məhəmmədə versin.

Yuxarıda dediyimiz kimi, Ceyran xanım da əri ilə birlikdə tez-tez döyüş meydanlarında olur, öz məharəti və qəhrəmanlığı ilə çoxlarını heyran qoyurdu. 1758-ci ildə o, Məhəmmədhəsən xanın Şeyx Əli xan Zənddlə son döyüşündə də iştirak elədi. Lakin Qacar xanının bağışlanılmaz səhvi məğlubiyyətlə nəticələndi və o, faciəli surətdə həlak oldu. Ceyran xanım və Ağa Məhəmməd əsir götürüldü. Şeyxəli xan Ağa Məhəmmədi öldürmək istəyərkən Ceyran xanım yalvar-yaxarla oğlunu ölümdən qurtardı. Düzdür,  Şeyxəli xan "rəhmə gəlib" Ağa Məhəmmədi qətlə yetirmədi, ancaq onu işgəncə ilə axtaladı və ana-bala hər ikisini əsirlikdən buraxdı. Bu dəhşətli hadisəni gözləri ilə görən Ceyran xanım gələcəkdə Zəndiyyə sülaləsindən bir nəfəri, hətta uşaqları belə, sağ qoymayacağını oğluna Qurana və qılınca and içdirdi. Ağa Məhəmməd də şahlığa çatandan sonra anasının sözlərinə əməl edərək Kərim xan Zəndin bütün nəslini kəsdi.

1761-ci ildə Kərim xan Zənd Ağa Məhəmmədi və onun qardaşlarını əsir götürdü. Ərinin ölümü və uşaqlarının yenidən girov alınması Ceyran xanıma çox pis təsir göstərdi, onu üzüb, əldən saldı, şəkər xəstəliyinə mübtəla elədi. Lakin ağır xəstəliyə düçar olmasına baxmayaraq, o, Astrabad hakimliyini ələ keçirməyə səy göstərirdi. Bunu eşidən Kərim xan Zənd Ceyran xanıma xəbər göndərdi ki, əgər bu niyyətindən əl çəkməsə, oğlu Ağa Məhəmmədin başını kəsəcək. Övlad məhəbbəti, əlbəttə ki, anaya üstün gəldi və o, bir az sakitləşdi. Kərim xanın məqsədi isə çox ciddi bir təhlükəyə çevrilmiş  Ceyran xanımı və ailəsini Astrabaddan uzaqlaşdırıb, ölkənin mərkəzi əyalətlərindən birinə köçürmək idi. Ona görə də o, anasını və digər ailə üzvlərini Şiraza gətirmək üçün Ağa Məhəmmədi Astrabada göndərdi. Ağa Məhəmməd mənzilə gəlib çatanda anası Ceyran xanımın iki gün əvvəl vəfat etdiyindən xəbər tutdu. Amma oğlanları analarını hələ dəfn eləməmişdilər, böyük qardaşları Ağa Məhəmmədin gəlib-çıxmasını gözləyirdilər. Nəhayət, qardaşlar analarını harda torpağa tapşırmaq barədə Ağa Məhəmmədin rəyini soruşdular. Böyük qardaş analarının ən müqəddəs bir yerdə - İranın Nəcəf şəhərində dəfn etməyi məsləhət gördü. Ancaq qan düşmənləri, xüsusilə, Astrabad hakimi Məhəmməd xan Qacar Qovanlu bu işə mane oldu və bildirdi ki, cənazəni İraqa aparmağa icazə verməyə onun səlahiyyəti çatmır, buna ancaq şahın özü icazə verməlidir. Əlacları kəsilən qacar qardaşları analarını burda əmanət kimi basdırdılar və münasib məqam yetişəndə Ceyran xanımın cəsədini aparıb, Qumda, ya da Məşhəddə dəfn etməyi qərara aldılar.

Qacarların  tarixində ilk qadın hökmdar olmuş Ceyran xanım Qacar Qovanlu ömrünü belə başa vurdu. O öz tayfalarının həyatında olduqca böyük rol oynamış, ağıllı məsləhət və təklifləri ilə onların inkişafına, tərəqqisinə, yaşamasına böyük təkan vermişdi. Bu sülalə haqqında yazan dünya tarixçilərinin bəzilərinin fikrincə, əgər Ceyran xanım olmasaydı, əri Məhəmmədhəsən xan İran tarixində özünə yüksək mövqe qazana bilməz- və Azərbaycan xalqının qəhrəman oğlu Ağa Məhəmməd şah Qacar da şahlıq zirvəsinə ucalmazdı.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
32
40
525.az

10Mənbələr