AZ

Komadakı insanlar nə hiss edir? “O tayda” olub qayıdanların hekayələri

Qaynarinfo saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

İnsanın komada nə qədər yaşaya biləcəyi, nə hiss edib, nə hiss etmədiyi barədə dəqiq bilik yoxdur – bunu heç bir həkim tam dəqiqliklə deyə bilmir. Amma bir dəfə "o tayda” olub geri dönənlərin xatirələri həmin sirri bir qədər açır. Onların gerçək hekayələri bu vəziyyətdə orqanizmdə və şüurda nə baş verdiyini anlamağa imkan verir.

Qaynarinfo bu barədə Unian-a istinadla xəbər verir.

Əksər hallarda koma huşunu itirmə və ya çox dərin yuxu kimi qəbul edilir. Halbuki bu, orqanizmin travmaya, infeksiyaya, maddələr mübadiləsinin kəskin pozulmasına, zəhərlənməyə, insult və oxşar hallara qarşı müdafiə reaksiyasıdır. Beyin güclü stress alanda şüuru "söndürür” ki, insanın həyatı qorunsun. Bəzən də həkimlər eyni məqsədlə pasiyenti süni komaya salırlar.

Adətən düşünülür ki, bu "enerjiyə qənaət rejimində” insan xarici qıcıqlara reaksiya vermir. Amma əslində belə olmur. Bəzi hallarda koma zamanı insan eşidə, hətta gözlərini aça bilir. Əgər koma səthi olursa və ya insan ondan çıxmaq üzrədirsə, bu mümkündür. 

Əgər koma uzun müddət davam edirsə, xəstə vegetativ vəziyyətə keçir və illərlə "boz zona”da qala bilər. Bu halda nəfəsalma və nəbz sabitləşir, yuxu və oyanıqlıq dövrləri yaranır, gözlər açılır, əzalar hərəkət edə bilir, hətta ağlamaq da mümkündür. Amma şüur bağlı qalır. Yaxud da – demək olar, bağlı qalır... Hətta ən müasir diaqnostika metodları ilə də bunu tam anlamaq çox çətindir.

Dünyanın müxtəlif yerlərindən insanlar Reddit-də komada keçirdikləri şəxsi təcrübələrini paylaşıblar. Onların dedikləri bir-birindən fərqlidir: kimisi heç nə xatırlamır, kimisi dəhşətli yuxular gördüyünü deyir, bəziləri isə bədəndənkənar təcrübə yaşadıqlarını, sanki baş verənləri kənardan izlədiklərini bildirirlər.

Onların hekayələrindən bəziləri:

* "Beyin əməliyyatından sonra bir neçə gün süni komada qaldım. Bəzən məni yoxlayanda ayağıma vururdular, mən də qismən ayılırdım. Söhbətləri eşidirdim, amma bədənim sanki yatmışdı – nə tərpənə, nə də danışa bilirdim”.

* "Anam 80-ci illərdə beyin qanaxması keçirib. Deyirdi ki, komada olarkən, ölümün astanasında ikən elə sakitlik hiss edib ki, sanki gözəl yay günündə otluqda uzanıb”.

* "Mənim üçün bu, yuxusuz dərin yuxu idi. Heç nə hiss etmirdim. Bir həftə sonra ayıldım, amma kim olduğumu və ailəmi tanımırdım”.

* "Ərim bir aya yaxın huşsuz qaldı. Heç nə xatırlamır, amma bütün bu müddət ərzində əsir götürüldüyü və xilas olmağa çalışdığına dair yuxular gördüyünü danışırdı”.

* "Arvadım ağır qəzadan sonra üç həftəyə yaxın süni komada oldu. Ayılanda ətrafa çaşqınlıqla baxırdı. İlk sözləri "Mənə siqaret ver”, sonra isə "Sən kimsən?” oldu. Qısamüddətli yaddaşı silinmişdi, amma dərinlikdə hələ də siqaret çəkdiyini xatırlayırdı”.

* "Bir tanışımız qəzadan sonra komaya düşmüşdü. Ayılanda bacılarından soruşurdu ki, filan məşhur ölübmü? Onlar şoka düşdülər, çünki məşhur həmin adamın komada olduğu dövrdə vəfat etmişdi”.

* "Anam beyin anevrizması keçirib bir həftə komada qalmışdı. Ayılanda dedi ki, guya pubda dostları ilə bilyard oynayırmış – halbuki onlar illər əvvəl ölmüşdülər. Mənim xoşuma gəlir düşünmək ki, o vəziyyətdə ona yoldaşlıq ediblər”.

* "2011-ci ildə doğuşdan sonra ağciyər tromboemboliyası keçirdim. Üç gün komada qaldım. Hamısını xatırlayıram: ağ divarların yanında dayanmışdım. Sonra birdən nəfəs borumda borunu hiss etdim, qollarım və ayaqlarım bağlı idi. Elə bil anladım ki, hələ də sağam”.

* "Anam ürək dayanması səbəbindən iki dəfə öldü. İlk dəfə bədəndən çıxma təcrübəsi yaşadı – yuxarıdan həkimlərin onu necə diriltdiyini izləyirmiş. İkinci dəfə isə sadəcə sonsuz bir rahatlıq hiss etdiyini dedi. Amma hər iki dəfə bizi – övladlarını düşünərək geri qayıtdı”.

* "Babam komada idi, həkimlər heç bir ümid işığı görmürdülər. Mən onun əlini tutub danışırdım. Bildim ki, komada son itirilən hiss eşitmədir. Ondan geri qayıtmasını xahiş edirdim. 30 dəqiqə sonra ayıldı. Aylar sonra soruşdum – dedi ki, onu işığa çəkirdilər, amma mənim ‘Qayıt’ sözümü eşidib geri dönüb”.

* "Mən özüm komada olduğumu bilmirdim. Hər şeyi eşidirdim, amma danışa bilmirdim. Bu, qorxulu yuxu kimiydi. O üzdən hamıya deyirəm: yaxınlarınızla danışın, amma onların yanında ciddi tibbi qərarları müzakirə etməyin – biz sizi eşidirik!”

Belə hekayələr çoxdur. Amma bir ortaq məqam var: "o tayda” nə olursa-olsun, insanlar geri dönməyin sevinci ilə yaşayır və təkrar ora getmək istəmirlər.

Alpər

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
32
50
qaynarinfo.az

10Mənbələr