Bu ilin yanvar-iyul aylarında Azərbaycan 14 milyon 99,92 min ABŞ dolları dəyərində 10 min 544,24 ton bitki və heyvan mənşəli piylər və yağlar ixrac edib.
News24.az Dövlət Gömrük Komitəsinin statistikasına istinadən xəbər verir ki, 2024-cü ilin eyni dövrü ilə müqayisədə ixrac edilən məhsulun dəyəri 11,3 % azalıb, həcmi isə 7,8 % artıb.
Azərbaycan mənşəli əsas qeyri-neft məhsullarının ixracında bitki və heyvan mənşəli piy və yağların payı 0,76 % təşkil edir.
İyulda isə ölkədən 2 milyon 561,24 min ABŞ dolları məbləğində 1350,69 ton bitki və heyvan mənşəli piylər və yağlar ixrac edilib ki, bu da keçən ilin eyni ayına nisbətən müvafiq olaraq 22 % və 16,2 % azdır.
Bu ilin 7 ayında Azərbaycan xarici ölkələrlə 28 milyard 841,8 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Bu, ötən ilin eyni dövrünə nisbətən 7,25 % çoxdur. Xarici ticarət dövriyyəsinin 15 milyard 227 milyon ABŞ dolları ixracın, 13 milyard 614,8 milyon ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 5,4 % azalıb, idxal isə 26,15 % artıb.