AZ

"ABŞ artıq İsraili İrana qarşı qaldırmayacaq..."-Siyasi analitikdən diqqətçəkən açıqlamalar

“Rusiyanın İranla əsl mənada müttəfiq olacağına inanmaq yanlışdır. Çünki İranın nəzarətində olan torpaqlar 19-cu əsrdən etibarən məhz Rusiya tərəfindən zəbt olunub..."
 
ABŞ və İsrailin İrana qarşı mümkün hərbi müdaxiləsi, bu fonda Rusiya-İran münasibətləri və gələcək geosiyasi ssenarilərlə bağlı Moderator.az-a açıqlama verən siyasi analitik Tahir Cəfərli maraqlı və diqqətçəkən fikirlər səsləndirib.
 
Analitik bildirib ki, ABŞ-ın İsrail vasitəsilə İrana təzyiq göstərmək planı uğursuzluğa düçar oldu. Onun sözlərinə görə, bu prosesdə İranın nümayiş etdirdiyi ballistik raket gücü böyük geo-siyasi təsir göstərib:
 
“ABŞ İsrail vasitəsi ilə İrana təzyiq etmək istədi – amma bacarmadı. İran isə onun qarşısına dünyanın ən güclü ballistik raketini çıxartdı. Özü də bu hücumu əvvəlcədən anons etdi – haranı, nə vaxt vuracağını öncədən dedi. Nəticədə Qətərdəki ABŞ hərbi bazası hədəf alındı və nə ABŞ-ın, nə də İsrailin hava hücumundan müdafiə sistemləri bu ballistik raketi zərərsizləşdirə bilmədi. Məhz bu olayla ABŞ-ın İsrail əliylə reallaşdırmaq istədiyi İranla müharibəyə son qoyuldu. Və bu qərarı prezident Donald Tramp verdi.”
 
Tahir Cəfərli əlavə edib ki, Trampın bu addımı və gələcək strategiyasını düzgün anlamaq üçün ABŞ-İran münasibətlərinə ənənəvi ingilis siyasi doktrinası prizmasından baxmaq lazımdır:
 
“İngilis siyasətinin əsas postulatlarından biri belədir: Əgər düşmən səndən güclüdürsə – onu özünə dost et! İndi ABŞ-İran münasibətlərində bu yanaşma aktuallaşır. Odur ki, ABŞ artıq İsraili İrana qarşı qaldırmayacaq.”
 
Rusiya-İran münasibətlərinə toxunan siyasi analitik, Moskvanın Tehrana heç zaman həqiqi müttəfiq kimi yanaşmadığını diqqətə çatdırıb:
 
“Rusiyanın İranla əsl mənada müttəfiq olacağına inanmaq yanlışdır. Çünki İranın nəzarətində olan torpaqlar 19-cu əsrdən etibarən məhz Rusiya tərəfindən zəbt olunub. İran gücləndikcə bu ərazilərin geri qaytarılması məsələsini qaldıracaq. Bu isə Rusiyanı narahat edir. Yəni İranın güclənməsi Moskvanın marağında deyil.”
 
Analitik əlavə edib ki, ABŞ, Rusiya və Türkiyənin ortaq maraqlarından biri də Avropa İttifaqını zəiflətmək və 1980-ci illərin iqtisadi-siyasi səviyyəsinə endirməkdir. Bu məqsəd üçün hazırkı mərhələdə Ukrayna müharibəsi Rusiyaya kifayət edir.
 
Sonda isə Tahir Cəfərli İrana qarşı yeni müharibə ehtimalının azaldığını vurğulayıb:
 
“Qətərə atılan İran ballistik raketi dünya güc balansında yeni reallıq formalaşdırdı. Buna görə də ABŞ-ın İsraillə birgə İrana növbəti hücumu artıq gözlənilmir. Belə olan halda, İranın da Rusiyanın köməyinə ehtiyacı qalmayacaq.”
 
Sultan Laçın
Seçilən
70
30
moderator.az

10Mənbələr