Pekin 80 illik yubiley ərəfəsində ABŞ-nin İkinci Dünya Müharibəsindəki rolunu kiçildərək, SSRİ və öz əhəmiyyətini önə çıxarır...
Müəlliflər: Nuxa Masix və Luruk Li
The Washington Post qəzeti
Çini milli ruhunu yüksəlişi bürüyüb. Sentyabrın 3-də Yaponiya kapitulyasiyasının 80 illiyi münasibətilə keçiriləcək böyük hərbi parad Pekinin güc nümayişinə çevriləcək. Bununla yanaşı, sakit, lakin diqqətçəkən bir kampaniya da aparılır: İkinci Dünya Müharibəsinin tarixi ABŞ ilə bugünkü geosiyasi qarşıdurmaya uyğun olaraq yenidən yazılır.
Yubiley ərəfəsində dövlətə yaxın alimlər, media və analitik mərkəzlər ABŞ-nin müharibə illərində Çinə göstərdiyi yardımın əhəmiyyətini azaltmağa çalışıb. ABŞ o dövrdə və indi də yalnız öz maraqlarını qorumağa çalışan dövlət kimi təqdim edilir. Bu yanaşma kütləvi mədəniyyətə də sirayət edib: Çinin Koreya müharibəsində ABŞ-yə qarşı rolunu qabardan yeni filmlər, süni intellektlə yaradılmış və sosial şəbəkələrdə viral olmuş videolar ölkə daxilində milli qüruru gücləndirir.
“ABŞ-nin Çinə göstərdiyi yardımın əsas məqsədi öz maraqlarını qorumaq idi; bu, bərabər münasibətlər üzərində qurulmuş dəstək deyildi”, deyə “Historical Review” jurnalında dərc edilən məqalədə qeyd olunur.
“ABŞ-ın yardımı olmasa belə, Çinin Yaponiya üzərində] qələbə qazanmaq şansı vardı”, deyə dövlət dəstəyi ilə fəaliyyət göstərən “Red Culture Institute” bildirib.
Lakin bir çox tarixçilər ABŞ yardımının Çinin müharibədə davam gətirməsi üçün həlledici olduğunu vurğulayır. 1937-ci ildən etibarən İmperator Yaponiyası Çinin böyük hissəsini işğal etmişdi. 1945-ci ildə ABŞ-nin Xirosima və Naqasakiyə atom zərbələri nəticəsində Yaponiya təslim oldu və Çin azad edildi. 9 sentyabr 1945-ci ildə Yaponiya kapitulyasiya aktını Nankində imzaladı.
“Çin və ABŞ bir-birinə lazım idilər. Çinin davamlı müqaviməti olmasa, ABŞ Asiya-Sakit Okean regionunda daha ağır problemlərlə üzləşərdi. ABŞ-ın maliyyə dəstəyi və hərbi məsləhətləri olmadan isə Çin müharibənin sonunadək tab gətirə bilməzdi”, deyə Harvard Universitetinin Kennedi İdarəçilik Məktəbinin professoru Ranaa Mitter bildirib.
Mitterin “Forgotten Ally: China’s World War II” kitabında vurğulanır ki, Qərbdə Çinin müharibəyə verdiyi töhfə uzun illər layiqincə qiymətləndirilməyib. Onun sözlərinə görə, indi Çin tarixin yalnız özünün siyasi ehtiyaclarına cavab verən hissələrini qabardır.
ABŞ ilə Çin arasındakı gərginlik bu il daha da artaraq Donald Trampın ticarət müharibəsi fonunda faktiki iqtisadi ayrılmaya çevrilib. Pekin ABŞ-ın “çini cilovlama” siyasətinə cavab olaraq özünü sabitləşdirici qüvvə kimi təqdim etməyə çalışır. Bu rəqabət Çin və Rusiyanı bir-birinə yaxınlaşdırıb və ölkə daxilində antiamerikan əhval-ruhiyyəni gücləndirib.
May ayında Moskvaya səfəri zamanı Çin lideri Si Tsinpin “doğru tarixi perspektiv”in Asiyada və Avropada əsas rolu Çin və SSRİ-yə verdiyini yazmış, ABŞ və Qərb müttəfiqlərini ümumiyyətlə qeyd etməmişdi. Prezident Vladimir Putin də sentyabrın 3-də Pekində keçiriləcək Qələbə Paradında iştirak edəcək 26 dövlət başçısı arasında olacaq.
ABŞ yardımı və “Lend-liz” proqramı
ABŞ-nin Çinə yardımı əsasən “lend-liz” proqramı vasitəsilə həyata keçirilirdi. Prezident Franklin Ruzvelt bu mexanizmi müharibəyə birbaşa qoşulmadan müttəfiqlərə hərbi material göndərmək üçün istifadə edirdi. Çinə həmin dövrdə 700 milyon dollarlıq yardım göstərilib. Bu, ABŞ-nin ümumilikdə 40-a yaxın ölkəyə göndərdiyi 49 milyard dollarlıq yardımdan əhəmiyyətli bir hissə idi.
ABŞ könüllü pilotlarının yaratdığı məşhur “Uçan Pələnglər” də Çin ordusuna böyük dəstək verib. 1941-ci ildə Perl Harbora hücumdan sonra prezident Ruzvelt general Cozef Stilveli Çinə hərbi müşavir kimi göndərmişdi.
SSRİ-nin rolu və tarix mübahisələri
Çin mediasında son aylarda SSRİ-nin əhəmiyyəti daha çox vurğulanır. PLA Daily və People’s Daily-də yayımlanan şərhlərdə ABŞ və müttəfiqləri SSRİ-nin rolunu bilərəkdən kiçiltməkdə ittiham olunur.
Şanxay Pedaqoji Universitetinin professoru Su Ciliang bildirib ki, ABŞ-ın yardımı Çinə kritik dərəcədə vacib olub. Eyni zamanda o qeyd edib ki, SSRİ-nin dəstəyi, xüsusilə 1930-cu illərdə Vuhanda sovet pilotlarının iştirakı, kifayət qədər işıqlandırılmayıb.
Şərq Çin Pedaqoji Universitetinin professoru Yan Byao isə vurğulayıb ki, Çin “qalibiyyətin əsas qəhrəmanı” olmaq iddiasında deyil: “Çin güclənən ölkədir və öz tarixi statusuna uyğun obraz və narrativ formalaşdırmaq istəyir. Bu, Çin səsinin daha çox tanındığını göstərir”.
Vətənpərvərlik filmlərdə və sosial şəbəkələrdə
Patriotizm dalğası kinoteatrlarda və sosial mediada da güclənib. Süni intellektlə yaradılmış qısa videolar Douyin (Çinin TikTok versiyası) platformasında milyonlarla baxış toplayıb. Bir videoda İkinci Dünya Müharibəsi dövrünün yaralı çinli əsgəri müasir Xalq Azadlıq Ordusunun döyüşçüsünə “Biz qalib gəldikmi?” sualını verir. Döyüşçü təsdiqləyir və telefondan sübut göstərir. Ardınca müharibə əsgəri göyə qalxan göyərçinlər arasında yox olur. Video 19 milyondan çox bəyənmə yığıb.
Bəzi filmlər ABŞ-ni mənfi obrazda təqdim edir. Məsələn, bu il uğurlu ekran əsərləri arasında Koreya müharibəsi haqda çəkilmiş “The Volunteers” filminin üçüncü hissəsi də olacaq. Bundan başqa, “Dead to Rights” filmi 1937-ci ildə Nankin qətliamını təsvir edərək məktəblərdə şagirdlərə göstərilib.
Bnunla bağlı International Crisis Group-un Asiya üzrə eksperti Uilyam Yanq bildirib: “Məhz indi Çin özünü böyük hərbi güc kimi təqdim etmək və İkinci Dünya Müharibəsinin narrativini öz xeyrinə formalaşdırmaq üçün fürsət görür. Pekin ədalətin, qələbənin və dünya nizamının qoruyucusu kimi çıxış etmək istəyir”.
Poliqon.info