Türkiyənin “Fənərbağça” klubu daha iki futbolçusu – müdafiəçilər Aleksandr Djiku və Oqnen Mimoviçlə yollarını ayırıb.
Arena.az bu barədə İstanbul klubunun rəsmi saytına istinadən xəbər verir.
Djiku karyerasını Rusiya Premyer Liqasında davam etdirəcək. 31 yaşlı futbolçu Moskva “Spartak”ına keçib. O, yeni klubu ilə 2+1 illik müqaviləyə imza atıb. Rusiya klubu bu keçidə görə 2,5 milyon avro ödəyib.
Oqnen Mimoviç isə cari mövsümün sonunadək “Pafos”a icarəyə verilib. Kipr klubu onu satınalma şərti ilə icarəyə götürüb.
Xatırladaq ki, “Fənərbağça” Aleksandr Djikunu 2023-cü ilin yayında “Strasburq”dan (Fransa) transfer etmişdi. Qanalı mərkəz müdafiəçisi İstanbul təmsilçisinin heyətində 75 oyuna çıxıb, 4 qol vurub, 2 məhsuldar ötürmə müəllifi olub. Daha öncə “Bastiya”, “Kan”, “Strasburq”da forma geyinmiş Djiku, 2020-ci ildə debüt etdiyi Qana yığmasında 34 oyun keçirib. 31 yaşlı futbolçu bu oyunlarda 3 qola da imza atıb.
Oqnen Mimoviç isə bu ilin yanvarında Serbiyanın “Srvena Zvezda” klubundan transfer edilmişdi. 21 yaşlı serb futbolçuya Türkiyə klubunun əsas komandasında debüt qismət olmayıb. O, ötən mövsümün ikinci dövrəsini “Zenit”də (Rusiya) icarədə olub – 6 oyun. “OFK Beoqrad”da da oynamış Mimoviç bu il debüt etdiyi Serbiya millisində 2 oyun keçirib.
Xatırladaq ki, “Fənərbağça” ötən gün Cengiz Ünder ilə də yollarını ayırdığını açıqlamışdı. Türkiyəli futbolçu icarə müqaviləsi əsasında “Beşiktaş”a keçib.