İsrailin Dohada Fələstin HƏMAS hərəkatının liderlərinə hücumundan sonra ABŞ prezidenti Donald Tramp Qətər əmiri Şeyx Təmim bin Həməd əl-Tani ilə telefon danışığı aparıb.
Herbiand.az “Əl-Cəzirə” telekanalına istinadən xəbər verir ki, Prezident “Qətər dövləti ilə həmrəy olduğunu” bir daha təsdiqləyib və onun suverenliyinə hücumu qətiyyətlə pisləyib.
Qətər əmirinin ofisi açıqlamasında bildirib ki, Trampın fikrincə, diplomatiya regionda həll olunmamış problemləri həll edə bilər. O, həmçinin Qətər Dövləti və Əmirinin vasitəçilik səylərini və onların regionda sülhün bərqərar olunmasındakı rolunu yüksək qiymətləndirib.
Tramp Şeyx Təmimi Qətərin Qəzza zolağında müharibəyə son qoymaq üçün vasitəçilik səylərini davam etdirməyə çağırıb.
Şeyx Təmim, öz növbəsində, Qətər Dövlətinin “bu ehtiyatsız və cinayətkar hücumu ən kəskin şəkildə pisləyərək, bunu onun suverenliyi və təhlükəsizliyinin kobud şəkildə pozulması, habelə beynəlxalq hüququn norma və prinsiplərinin açıq şəkildə pozulması hesab etdiyini” bildirib.
Əmir beynəlxalq ictimaiyyəti “hüquqi və mənəvi məsuliyyəti öz üzərinə götürməyə” və hücuma görə məsuliyyət daşıyanları məsuliyyətə cəlb etməyə çağıraraq, Vaşinqtonun bu “ədalətli mövqeyi” dəstəkləyəcəyinə ümid etdiyini bildirib.