AZ

Qırğızıstanda parlament seçkilərinin tarixi müəyyənləşdi

Qırğızıstanda növbədənkənar parlament seçkiləri noyabrın 30-da keçiriləcək. Musavat.com xəbər verir ki, bununla bağlı sərəncamı prezident Sadır Japarov imzalayıb.

Sərəncama əsasən "Qırğızıstan Respublikasının Joqorku Keneşinin (Ali Şura – red.) deputatlarının növbədənkənar seçkiləri” 2025-ci il noyabrın 30-u bazar gününə təyin edilib. Cəfərovun qərarına əsasən, sakinlər qarşıdan gələn parlament seçkilərində məsafədən səs verə biləcəklər. Qırğızıstan lideri Mərkəzi Seçki Komissiyasına səsvermə ilə bağlı bütün təşkilati və texniki məsələləri həll etməyi tapşırıb.

Qeyd edək ki, Qırğızıstan parlamentinin deputatları sentyabrın 25-də parlamentin vaxtından əvvəl buraxılmasına səs veriblər.Qırğızıstan konstitusiyasına əsasən, növbəti parlament seçkiləri 2026-cı ilin noyabrında, prezident seçkiləri isə cəmi altı həftə sonra olmalıydı. Bunun ölkə büdcəsinə əlavə yük yaradacağını, həmçinin Mərkəzi Seçki Komissiyasının texniki və təşkilati çətinliklərinə səbəb olacağını nəzərə almaqla parlament seçkilərinin bu ilə çəkilməsi qərara alınıb.

Yeni qanunvericiliyə əsasən, növbədənkənar seçkilər üçün hər birində üç deputat seçilən 30 seçki dairəsi yaradılacaq. Hazırda Qırğızıstan parlamentində 90 deputat var ki, onların bəziləri partiya siyahıları ilə, qalanları isə birmandatlı dairələrdən seçiliblər.

Mövcud qanunverici orqan yeni parlament formalaşana qədər fəaliyyətini davam etdirəcək.

Musavat.com

Seçilən
12
15
musavat.com

10Mənbələr