Biz əvvəldən "Qarabağ"ın güclü olduğunu bilirdik. Bizi çox çətin oyun gözləyirdi. Bunun da şahidi olduq. 50/50-ə oyun getdi. "Qarabağ" çox yüksək keyfiyyət nümayiş etdirdi. Birinci hissədə onlar mükəmməl vəziyyətdə idi. Biz oyuna zəif başladıq. Ona görə də 1-ci hissədə qol buraxdıq. Fasilədən sonra dəyişiklik oldu, aktivlik göstərdik. Təəssüf ki, 2-3 qol şansını dəyərləndirə bilmədik. İkinci hissədə rəqibdən bir az yaxşı idik. Bərabərliyə nail ola bilərdik. "Qarabağ" qələbəyə layiq idi.
Bakıvaxtı.az xəbər verir ki, bunu "Kopenhagen"in baş məşqçisi Yakob Nestrup “Qarabağ”la qarşılaşmadan sonra keçirilən mətbuat konfransında deyib.
"Qarabağ"ın "Kopenhagen" tarixində ən güclü rəqiblərdən biri olduğu kimi dəyərləndirə bilərsiniz?” – sualına isə Nestrup belə cavab verib:
"Bəli, bəli. Təbii ki, bunu deyə bilərik. 2017-ci ildə də qarşılaşmışdıq, bu gün də oynadıq. Səfərdə uduzduq. Biz bütün rəqiblərə həmişə hörmət edirik. Çətin oyun idi. Bunu da gözləyirdik. "Qarabağ"ın da Avropa təcrübəsi var. Biz ÇL-də son 3 mövsümdə 3 dəfə oynamışıq. "Qarabağ"ın mükəmməl, yüksək texnikası olan oyunçuları var. Qurban Qurbanov da mükəmməl məşqçidir. Neçə illərdir ki, komandanın sükanı arxasındadır. Ona hörmətlə yanaşıram. "Qarabağ" bu gün mükəmməl vəziyyətdə olduğunu nümayiş etdirdi. Bundan sonrakı matçlarda da "Qarabağ"a uğurlar arzulayıram”.