İtkin düşmüş şəxslər üzrə Bakı Dialoqu çərçivəsində "İtkin düşmüş şəxslər probleminin həlli üçün səylərin birləşdirilməsi və əməkdaşlığın genişləndirilməsi" mövzusunda keçirilən beynəlxalq konfransın iştirakçılarının işğaldan azad olunmuş ərazilərə səfəri davam edir.
Moderator.az "Report"a istinadla xəbər verir ki, konfrans iştirakçıları bu gün Zəngilan rayonuna səfər ediblər.
Tədbir iştirakçılarının Zəngilana səfəri rayonun yenidən qurulan Ağalı kəndinin mərkəzindəki Zəfər abidəsini ziyarətlə başlayıb.
Qonaqlar həmçinin Ağalı kəndində əhalinin qayıdışı üçün yaradılan şəraitlə tanış olublar.
Xatırladaq ki, konfrans iştirakçıları ötən günün birinci yarısında Ağdərə rayonunun Ballıqaya kəndi ərazisində aşkarlanan kütləvi məzarlıqda və Şuşa şəhərinin görməli yerlərində, o cümlədən, işğal dövründə azərbaycanlı əsirlərin saxlandığı şəhər həbsxanasında olublar.