AZ

Tramp Ərdoğanı və Türkiyə ordusunu niyə təriflədi? - İsmail Cingözdən AÇIQLAMA

ABŞ Prezidenti Donald Tramp Yaxın Şərq Sülh Sammitində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Qəzza məsələsindəki dəstəyini yüksək qiymətləndirib. Tramp Ərdoğanın regional münaqişələrin həllində önəmli rol oynadığını bildirib, onu “heyrətamiz lider” adlandırıb və Türkiyənin güclü ordusunu xüsusi vurğulayıb.

Redaktor.az-a açıqlamasında türkiyəli politoloq İsmail Cingöz bildirdi ki, Donald Trampın Türkiyə ordusunu tərifləməsi təəccüblü bir hal deyil:

"Çünki Türkiyə ordusunun və "əsgər millət" olan türk xalqının tarixdən gələn döyüşkənliyi, ən çətin şəraitdə belə möhtəşəm qələbələr qazanmaq bacarığı mübarizə dövründən bəri məlumdur. Üstəlik, bu gün NATO çərçivəsində, Amerika Birləşmiş Ştatlarından sonra ikinci ən böyük, ən önəmli, ən döyüşkən, ən çevik və imkan və qabiliyyət baxımından ən güclü ordu olaraq Türkiyə Silahlı Qüvvələri gəlir. Məhz bu səbəbdən, həm say baxımından, həm imkan və qabiliyyət baxımından, həm də son illərdə Türkiyə müdafiə sənayesinin yerli və milli imkanlarını inkişaf etdirməsi, hətta dünyanın ən önəmli silah ixracatçı ölkələrindən birinə çevrilməkdə olan Türkiyə ABŞ Prezidenti Donald Tramp tərəfindən tərif olunmağa layiqdir. Eyni zamanda Rəcəb Tayyib Ərdoğanın "heyranlıq doğuran lider" kimi xarakterizə olunması da təəccüblü deyil. Çünki Prezident Ərdoğan xarizmatik lider görüntüsü ilə çıxış edir və bu duruşu ilə xüsusilə türk dövlətlərində və İslam ölkələrində diqqət çəkən, təsirli çıxışları və mövqeyi ilə heyranlıqla izlənilən bir liderdir".

Politoloq qeyd etdi ki, xarizmatik duruşu və hadisələrə praqmatik yanaşması ilə Ərdoğan bu günün Türkiyəsində və ümumiyyətlə dünya siyasətində diqqətlə və qibtə ilə izlənilən lider obrazı yaradıb.

"Məhz buna görə də Donald Trampın Ərdoğanı, onun timsalında Türkiyəni və Türk Silahlı Qüvvələrini tərifləməsi tamamilə normal və təbii bir haldır. Çünki biz elə bir dövrdəyik ki, Türkiyəsiz heç bir qlobal və ya regional siyasi və hərbi tənlik qurmaq mümkün deyil. Amerika Birləşmiş Ştatları, Avropa ölkələri, Orta Şərq regionu, Çin, Qafqazda baş verən yeni proseslər, Cənubi Qafqazdakı inkişaflar, Pekin-London xətti üzrə davam edən Çinin Dəmir İpək Yolu layihəsi, Yəmən, Qırmızı dəniz, Sakit okean hövzəsi, bu gün Venesuela-Amerika gərginliyi kimi bir çox sahədə Türkiyəsiz heç bir hesab qurula bilməyəcək bir dövrdə olduğumuzu Donald Tramp çox yaxşı anlayır. Elə buna görə də cənab Ərdoğanı və Türk Silahlı Qüvvələrini tərifləməsi təbii qarşılanmalıdır", - deyə İsmail Cingöz vurğuladı.

Xədicə BAXIŞLI

Seçilən
27
9
redaktor.az

10Mənbələr