AZ

Quruseta: “Qarabağ”la matç finala bərabər görüş oldu”

“Atletik”in hücumçusu Qorka Quruseta Çempionlar Liqasının əsas mərhələsində “Qarabağ”a qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, UEFA Çempionlar Liqasının Liqa mərhələsinin 3-cü turu çərçivəsində Bilbaoda baş tutmuş bu qarşılaşmada İspaniya təmsilçisi 3:1 hesablı əzmkar qələbəyə sevinib.

Komandasının qələbəsinə 2 qolla töhfə vermiş Qorka Quruseta matçdan sonra jurnalistlərə açıqlama verib. Dubl edərək UEFA tərəfindən matçın ən yaxşısı seçilən 29 yaşlı forvard çox sevincli olduğunu bildirib:

“Düzdür, Liqa mərhələsində üçüncü tur idi. Amma demək olar ki, finala bərabər matç oldu. Qalib gəlməkdən başqa yolumuz yox idi. “San Mames”də Çempionlar Liqası oyununda qələbə qazanmaq və bunu iki qolla etmək mənim üçün həqiqətən bir yuxunun gerçəyə çevrilməsidir”.

Yeri gəlmişkən qeyd edək ki, UEFA Çempionlar Liqasında Liqa mərhələsinin 3-cü turunun matçlarından sonra həftənin futbolçusu adına namizədlər açıqlanıb. Siyahıda Qorka Quruseta, PSV-dən Dennis Man, Dortmund “Borussiya”sından Feliks Nmeça və “Barselona”dan Fermin Lopes yer alıblar.

Xatırladaq ki, Quruseta kimi, Man da “Napoli” ilə matçda (6:2) dubl edib. Nmeça “Kopenhagen”ə iki qol vurub (4:2). Lopes isə “Olimpiakos”la matçda (6:1) het-trikə imza atıb. Həftənin futbolçusu UEFA-nın saytındakı azarkeş səsverməsi nəticəsində müəyyənləşəcək.

“Atletik”in digər futbolçusu Robert Navarro da matçdan sonra UEFA-nın saytına açıqlama verib. O, Çempionlar Liqasının əsas mərhələsində Azərbaycan komandasına qarşı keçirdikləri matçla bağlı fikirlərini bölüşüb:

“Onlar tanınmayan liqada oynayırlar. Buna baxmayaraq, çox əla mübarizə aparan komandadır. Daha əvvəl “Benfika” və “Kopenhagen”i məğlub ediblər. Biz bu qarşılaşmada bir az əziyyət çəkdik. Amma üç xal qazandığımız üçün xoşbəxtik”.

Xəbəri istədiklərinizlə paylaşın
error: Məzmun qorunur!
Seçilən
9
7
arena.az

10Mənbələr