Serbiyanın Novi Sad şəhərində 23 yaşadək güləşçilər arasında keçirilən U-23 dünya çempionatında yunan-Roma güləşi üzrə yarış yekunlaşıb.
Arena.az xəbər verir ki, yunan-Roma güləşi üzrə Azərbaycan milli komandası bu mundialda 2 qızıl və 1 bürünc medal qazanıb.
Millimiz 93 xalla komanda hesabında dünya üçüncüsü olub. Yığmamız medalların əyarına görə tarixinin ən yaxşı nəticəsinə imza atıb.
Qeyd edək ki, Azərbaycan yığması bu mundualda yalnız İran (143) və Ukraynadan (96) geri qalıb.
Xatırladaq ki, baş məşqçi Aleksandr Tarakanov, böyük məşqçi Rövşən Bayramov, məşqçilər Həsən Əliyevlə Kamran Məmmədovun rəhbərliyi altında DÇ-yə qatılmış heyətdə Elmir Əliyevlə (55 kq) Ziya Babaşov (63 kq) dünya çempionu olublar. Ruslan Nurullayev (72 kq) isə üçüncü yeri tutub.