Bu gün keçirilmiş bir oyunla Azərbaycan Basketbol Liqasında (ABL) 2025/2026-cı illər mövsümünün 4-cü turuna start verilib.
Arena.az xəbər verir ki, turun açılış matçında son çempion “Sabah” “Gəncə” ilə qarşılaşıb.
Bakı İdman Sarayında keçirilmiş matç “bayquşlar”ın 87:68 hesablı qələbəsi ilə bitib.
“Sabah” bu nəticədən sonra A qrupunda 8 xalla liderdir. Rəqiblərindən bir oyun az keçirmiş bölgə təmsilçisi 4 xalla üçüncüdür.
4-cü tura oktyabrın 26-da yekun vurulacaq.
A qrupu: Sabah – 8. Abşeron Lions – 6. Gəncə – 4. Neftçi – 3. Şəki – 3. NTD – 3.
B qrupu: Ordu – 6. Naxçıvan – 5. Quba – 5. Lənkəran – 4. Sərhədçi – 4. Sumqayıt – 3.
Xatırladaq ki, ABL oyunları dörd dövrədən və 20 turdan ibarət olacaq. Müntəzəm mövsümün oyunları A və B qruplarına bölünməklə keçirilir. Müntəzəm mövsümdə A qrupunu ilk 3 sırada tamamlamış klublarla yanaşı, B qrupunu lider bitirmiş komanda pley-offun 1/4 final mərhələsinə vəsiqə qazanacaq. A və B qruplarında digər yerləri tutmuş komandalar isə pley-offun 1/8 final mərhələsində üz-üzə gələcəklər. Bu mərhələdə ən tez iki qələbə qazanacaq klublar 1/4 finala yüksələcəklər. Həm 1/4 final, həm də yarımfinal seriyaları 2 qələbəyə qədər davam edəcək.
Final seriyasında isə ən tez 3 qələbə qazanacaq klub Azərbaycan Basketbol Liqasının çempionu olacaq.

