Mülkiyyətçilərin əsas hüququ məhdudlaşdırılır, qanunda dəyişiklik təklifi irəli sürüldü
"Qusarda vətəndaşlar mülkiyyətlərində olan pay torpaqlarını bir neçə il dincə qoyandan sonra onun üzərinə bitmiş kol-kosdan təmizlənməsi problemi ilə qarşılaşdığını bildirirlər".
Bu barədə Milli Məclisin dünənki iclasında deputat Azər Badamov bildirib.
Deputat bildirib ki, hətta mülkiyyətdəki torpaqda texniki yollarla ağac yetişdirib onu kəsib istifadə etmək də olmaz:
"Halbuki mülkiyyət sahibi torpağında yetişdirdiyi ağacın böyüməsinə kifayət qədər zəhmət qoyur və onu gələcəkdə öz istəyinə uyğun istifadə etmək məqsədilə əkir. Həm də torpaq sahibi mülkiyyətindəki torpağın üzərində yaşıllıq olub-olmamasına baxmayaraq bütün ərazisinin vergisini verir, amma ərazidən tam şəkildə istifadə edə bilmir. Konstitusiyanın 20-ci maddəsinin 3-cü bəndində "mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir" yazılıb. Amma digər qanunlarda isə vətəndaşın mülkiyyətində olan pay torpağında hətta özünün şəxsi istifadəsi üçün texniki yolla yetişdirildiyi ağacların kəsilməsi və ərazini kol-kosdan təmizlənməsi cinayət məsuliyyəti yaradır. Ona görə də müvafiq komitə tərəfindən məsələyə baxılmasını və məqsədəuyğun hesab olunduğu təqdirdə pay torpağı mülkiyyəti sahiblərini narahat edən bu məsələnin həll edilməsi üçün qanunda müvafiq dəyişikliyin edilməsi ilə bağlı addımların atılmasını təklif edirəm".