AZ

Dezire Due “Qızıl oğlan” mükafatına layiq görüldü - ARENA.AZ

Futbol üzrə Fransa milli komandasının və PSJ klubunun cinah hücumçusu Dezire Due “Qızıl oğlan” mükafatına layiq görülüb.

Arena.az xəbər verir ki, bu barədə mükafatın təsisçisi olan “Tuttosport” nəşri məlumat yayıb.

Ötən mövsümdə Due PSJ ilə birlikdə Fransa çempionu, ölkə kubokunun sahibi və UEFA Çempionlar Liqasının qalibi olub. O, həmçinin 2024/2025-ci illər mövsümündə turnirin ən yaxşı gənc futbolçusu seçilib. Futbolçu həmçinin Paris-2024-ün gümüş, 2025 UEFA Millətlər Liqasının bürünc mükafatçısıdır.

Xatırladaq ki, “Qızıl oğlan” mükafatı 2003-cü ildə “Tuttosport” qəzeti tərəfindən təsis edilib və hər il Avropanın aparıcı çempionatlarında çıxış edən 21 yaşdan kiçik futbolçulara təqdim olunur. 2024-cü ildə bu mükafatın sahibi “Barselona”nın ispaniyalı hücumçusu Lamin Yamal olmuşdu.

Dezire Due “Renn”in yetirməsidir. PSJ onu 2024-cü ilin avqust ayında “Renn”dən tamhüquqlu əsasda öz heyətinə qatıb. Fransa nəhəngi müvafiq keçid üçün 50 milyon avro məbləğində xərc çəkib. Duenin PSJ ilə müddəti 2029-cu ilin iyun ayının sonuna qədər qüvvədə olacaq müqaviləsi var.

Fransalı futbolçu cari mövsümdə meydana çıxdığı 8 oyunda 3 qol və 3 assistlə yadda qalıb. Due PSJ-nin heyətində bütövlükdə 69 oyuna çıxıb, 19 qol və 19 məhsuldar ötürmə müəllifi olub.

Due daha öncə Fransanın U-17, U-18, U-19, U-21, U-23 və Olimpiya yığmalarına cəlb edilib. 2025-ci ilin mart ayında isə Dezire “xoruzlar”ın əsas yığmasında debüt edib. O, indiyə qədər meydana çıxdığı 5 oyunda məhsuldar fəaliyyəti ilə diqqət çəkməyib. Due Fransanın U-17 yığması ilə Avropa çempionatının (AÇ-2022) qalibi olub.

“Transfermarkt” internet-portalı 20 yaşlı fransalı hücumçunun transfer dəyərini 90 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri istədiklərinizlə paylaşın
error: Məzmun qorunur!
Seçilən
18
20
arena.az

10Mənbələr