AZ

Cüdo yığmamız İslamiadanın qalibi oldu - ARENA.AZ

Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda təşkil edilmiş 6-cı İslam Həmrəyliyi Oyunlarının cüdo yarışlarında mübarizəyə yekun vurulub.

Arena.az xəbər verir ki, ilk yarış günündə idmançılarımız 1 qızıl, 1 gümüş və 2 bürünc medal əldə ediblər.

-73 kq çəki dərəcəsində çıxış edən Hidayət Heydərov finalda özbəkistanlı Şaxram Ahadovu məğlub edərək karyerasında ikinci dəfə İslamiadanın qalibi olub. O, 2017-ci ildə Bakıda keçirilmiş analoji yarışda da fəxri kürsünün ən yüksək pilləsinə qalxmışdı.

İlk gündə tatamiyə çıxan digər cüdoçumuz Könül Əliyeva (-48 kq) finalda türkiyəli Tuğçe Bederə uduzaraq gümüş medalla kifayətlənib.

Aydan Vəliyeva (-52 kq) və Ruslan Paşayev (-66 kq) isə bürünc mükafat əldə ediblər.

İkinci yarış günündə cüdoçularımız 1 qızıl, 1 gümüş və 3 bürünc olmaqla 5 medal sevinci yaşayıblar.

Qadınlar arasında -70 kq çəki dərəcəsində çıxış edən Südabə Ağayeva bütün rəqiblərini məğlub edərək İslamiadanın qalibi olub. Bu çəkidə Aytac Qardaşxanlı bürünc mükafata yiyələnib. Zelim Kotsoyev (-100 kq) yarışı gümüş, Elcan Hacıyevlə (-90 kq) Uşanqi Kokauri isə bürünc medalla tamamlayıblar.

Bununla da Azərbaycan cüdoçuları fərdi yarışları 9 medalla başa vurublar.

Sonuncu gündə – noyabrın 10-da isə cüdo üzrə Azərbaycan millisi qarışıq komanda yarışında çıxış edib. Yığmamız 1/4 finalda Səudiyyə Ərəbistanı kollektivi ilə qarşılaşıb. Komandamız rəqibini üstələyərək (4:0) yarımfinala yüksəlib.

Yığmamız növbəti raundda Qazaxıstanla qarşılaşıb. Bu rəqibini də üstələyən (4:1) komandamız finala yüksəlib.

Həlledici dueldə rəqib Özbəkistan olub. Həlledici görüşdə də 4:0 hesabı ilə qalib gələn Azərbaycan yığması İslamiadanın qızıl medalının sahibi olub.

Xatırladaq ki, Azərbaycan yığması İslam Həmrəyliyi Oyunlarına 12 cüdoçu ilə qatılmışdı.

İslamiadaya noyabrın 21-də yekun vurulacaq.

Xəbəri istədiklərinizlə paylaşın
error: Məzmun qorunur!
Seçilən
22
22
arena.az

10Mənbələr